|
|
|
|

Dekabrın 8-də akademik Zərifə Əliyeva adına Liseydə Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları" mövzusunda sərgi-konfrans keçirilib.
Tədbir Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrası və akademik Zərifə Əliyeva adına Lisey tərəfindən təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonra tədbir iştirakçıları Ümummilli Liderin 1995-1997-ci illərdə şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitablarla tanış olublar.
Konfransda akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil, elm, mədəniyyət sahəsindəki xüsusi xidmətlərindən bəhs edib, gənc nəslə, onların bir şəxsiyyət kimi formalaşmasına daim böyük diqqət və qayğı göstərdiyini söyləyib. O qeyd edib ki, ulu öndər mədəniyyətin inkişafına, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, kitabxana fondlarının müxtəlif məzmunlu və dəyərli nəşrlərlə formalaşmasına hər zaman böyük həssaslıqla yanaşıb, bu istiqamətdə müxtəlif rəsmi sənədlər imzalayıb. Bu gün də bu uzaqgörən siyasətin uğurlu nəticələrindən danışıb, dahi rəhbərin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Sonra söz Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova verilib, o, "Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi" adlı məruzə ilə çıxış edib. Kərim Tahirov ulu öndərin kitaba, kitabxanaya mənəviyyat, bilik, zəka mənbəyi kimi qiymət verməsi, mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafına Heydər Əliyev qayğısı və xüsusi diqqəti barədə ətraflı danışıb, ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi, özündə zəngin informasiyaları toplayan dəyərli mənbələr haqqında məlumat verib. O həmçinin qeyd edib ki, ulu öndərin bu təşəbbüsü və uzaqgörən siyasəti nəticəsiz qalmayıb, onun ardınca ictimaiyyətin görkəmli elm və mədəniyyət xadimləri, ziyalılar Milli Kitabxanaya öz şəxsi kitablarını hədiyyə ediblər, beləliklə də kitabxananın fondu ilbəil elmi nəşrlərlə zənginləşib.
Daha sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan "Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti", filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanov "Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti" mövzusunda çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov da ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi töhfələr verməsindən danışıb, bugünki təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, gələcəkdə bu istiqamətdə sərgilərin digər məktəblərdə də keçirilməsi gənc nəslin inkişafında, ziyalı kimi yetişməsində məqsədəuyğun və faydalı olardı.



