Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Heydər Əliyevin anım mərasimi keçirilib.
Xidmətdən 525.az-a verilən məlumata görə, mərasimdə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək H.Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışıb.
Onun hələ SSRİ dövründə milli hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və müstəqilliyin bərpa edilməsindən sonra ordu quruculuğu prosesini uğurla həyata keçirməsindən söz açıb.
O, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin insanları dövlətçilik ətrafında sıx birləşdirən meyara çevrildiyini bildirib.
Qeyd edib ki, hər bir azərbaycanlı H.Əliyevin dövlət və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirir və onun xatirəsi daim qəlblərdə yaşayacaq.
Mərasimdə H.Əliyevə həsr olunmuş “Dahi qurucu” sənədli filmi nümayiş etdirilib.