|
|
|
|

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel keçirilib.
APA-nın xəbərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən panelə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Cənubi Baptist kilsəsinin Xristian Bet-El Mərkəzinin pastoru Xuan Karlos Mendez, Humanitar və Texnologiyalar üzrə Lusofon Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Teresa Damasio, professor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Nesterov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri, vəkil Aurelia Qriqoriu qatılıblar.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi bir olan Yaradanın istəyidir: “Bu ali həqiqət heç zaman unudulmamalıdır ki, Uca Rəbbin yaratdığı bəşər ailəsinin üzvləri olaraq bizləri birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən, ayıran amillərdən qat-qat möhkəm və mühümdür. Bu günlər növbəti ildönümünü qeyd etdiyimiz ulu öndərin zəngin mənəvi irsi həqiqətən tək bizim ölkəmiz, bölgəmiz deyil, dünya çapında bəhrələnəsi bir xəzinədir. Bu müdrik mənəviyyat yolunun məhək ideyalarının tədqiqi və təbliği bəşərin ümumi rifahına, dünyamızda müxtəlif mədəniyyət daşıyıcıları olan insanlar arasında dialoq və əməkdaşlığın yüksəlişinə xidmət etmək iqtidarındadır”.
Kamal Abdulla isə qeyd edib ki, Azərbaycan tarixən çox mədəniyyətli bir ölkə olub: “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi olub. O, deyirdi ki, “Azərbaycan əhalisinin çox milli tərkibi bizim sərvətimizdir”. Heydər Əliyev bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətində yönəltdi. Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan konstitusiyasında əks olunmasıdır.
Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan konstitusiyasının bir sıra maddələrində çox aydın şəkildə öz həllini tapıb. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Cənab prezidentin dəfələrlə qeyd etdiyi kimi multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Məlum olduğu kimi, XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik müxtəlifliklərin tənzimlənməsində çox ciddi problemlərlə üzləşdi. Buna cavab olaraq bir sıra Qərb ölkələrinin - Almaniya, Fransa, Böyük Britaniyanın başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi şəkildə bəyan etdilər. Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmağa başladı. Bu qütblərdən birini bədbin, digərini isə nikbin adlandıra bilərik. Bədbin qütbü Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron formalaşdırdı və 2011-ci ildə o, Münhen Təhlükəsizlik Konfransında çıxışında bunu əsaslandırmağa çalışdı. Nikbin qütbü Azərbaycan prezidenti İlham Əliyev formalaşdırmaqdadır. Prezident İlham Əliyev Kemeronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəsi ilə bunu nümayiş etdirir”.



