|
|
|
|

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərinə davam edir.
Birlikdən 525.az-a verilən məlumata görə, “Yeni Üfüq” layihə çərçivəsində növbəti tədbirini Balakən şəhərində keçirib.
Şəhərin Nizami adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2017 –cı ili “İslam Həmrəyliyi ili” elan edib: “Bu ilin “İslam Həmrəyliyi ili” kimi elan olunması tarixi milli və mənəvi ənənələrin birbaşa dövlət başçısı tərəfindən himayə olunmasının bir daha sübutudur. Bununla yanaşı, İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Bu həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsidir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbirdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsinin münaqişə və müharibələrin tüğyan etdiyi dünyaya Azərbaycanın növbəti sülh mesajının olduğunu deyib: “Bütün müsəlman ölkələrində məzhəblərarası münasibətlərin qızışdırıldığı bir dövrdə Azərbaycanda mövcud olan tarixi İslam həmrəylinin dövlətimiz tərəfindən qorunaraq mühafizə olunması xalqımızın əmin- amanlığının əbədi qarantiyasıdır. Unutmamalıyıq ki, işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasında dini və milli həmrəylimizin qorunması da ən başlıca prinsiplərdən biridir”.
Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə təmsilçisi Elvin Qarayev, QMİ Balakən rayon qazısı Hacı İbrahim İbrahimov, 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.




