|
|
|
|

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Samux rayonunda bölgə vətəndaşlarını qəbul edib.
Dövlət komitəsindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda M.Qurbanlı Gəncə, Naftalan, Daşkəsən, Göygöl, Goranboy və Samux sakinlərinin müraciətlərinə baxıb.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Ceyhun ABASOV



