|
|
|
|
"525-ci qəzet"in redaksiyasına.
Hörmətlli redaksiya!
İxtisasca jurnalistəm, 30 ildir ailəmlə Moskva şəhərində yaşayıram. Amma elə bilirəm, bir gün də olsun doğulduğum Cəbrayıl ellərindən ayrılmamışam.
Elə il olmaz ki, iki-üç dəfə Vətənimə gəlib qohum-simsarla, Cəbrayılın unikal insanları ilə görüşməyim, onların dərdinə-acısına şərik olmayım. Hesab edin ki, il ərzində yalnız həmən o iki-üç dəfə, yurduma qovuşduğum günlər, həftələr ərzində sinə dolusu nəfəs alıram. Allah eləsin ki, mənim gözəl yurdumun hər qarışı Cocuq Mərcanlı kimi azadlığa çıxıb boy atsın. Amma yenə, inanın mənə, hər dəfə vətənə dönüşümdə ziyarət etdiyim cəbrayıllıların əksəriyyəti, o əksəriyyətin hər biri Cəbrayıl boyda diri, zəngin bir ərazidir. Onlarla görüşlərim o qədər müqəddəsdir ki, yazıya gəlmir. Amma necə oldusa bu dəfə Hüseyn Əhmədovla görüşdən, onun ailəsini ziyarətdən sonra özümü qələmə əl atmaqdan saxlaya bilmədim. Bir övlad borcu olaraq kağıza köçürdüyüm bu duyğulara "525-ci qəzet"in səhifələrində yer ayrılacağına ümid edirəm.
Ulduz QASIM
Adam var, haqqında yazmaq istəyəndə günlərlə düşünürsən. Sözlərə yalvarırsan. Qələmə boyun əyirsən. Adam da var, haqqında yazanda sözlər sənə yalvarır. Bilmirsən hansını yazasan, hardan başlayıb harda qurtarasan...
Qəribədi, onunla görüşəndə qəhərləndim. Necə də dəyişmişdi. Qara saçlardan əsər-əlamət qalmamışdı. Amma üzündəki tanış təbəssüm, gözlərindəki doğmalıq heç dəyişməmişdi.
Onunla üzbəüz dayanarkən çox insanları xatırladım, çox yerlər gözümün önünə gəldi. Yadıma cənnət Qarabağ düşdü. Yaşı bəlli olmayan əzəmətli çinarı, hər rayon mərkəzinə gedəndə sərin suyundan doya-doya içdiyim kəhrizi xatırladım. Cəbrayılın gözəl yerləri, kəndimiz, sevincimiz, dərdimiz olan Xan Araz düşdü yadıma.
Çox şeylər, lap çox şeyləri xatırladım. Bir də rəhmətlik atamı. Ona qardaş deyən, dost deyən atamı.
Hələ yenicə həkim kimi işə başlayanda yeddi gün ağır zəhərlənmədən sonra komada qalan qardaşımı ölümün əlindən alarkən atam onun savadlı həkim olduğunu kəşf etmişdi. Həmin yeddi gündə qardaşımın yastığının yanını kəsdirib duran atam mənə demişdi: əgər gücün çatır, yazmağı bacarırsansa, belə adamlardan yaz. Və o zaman rəhmətlik atama söz vermişdim. Söz vermişdim ki, Hüseyn həkim haqqında yazacağam. Doğrusu, o zaman rayon qəzetində həkim barədə bir məqaləm çap olunmuşdu. Amma bu, mən deyən yazı deyildi. Söz verdiyim yazını bu qədər gecikdirdiyim üçün ondan və atamdan utanırdım. Amma neyləmək olar... Zamanı gəlməyincə niyyət başa varmır, sən demə...
Ona çox sualları verə bilmədim. Elə bil boğazım tıxanmışdı. Deyəsən, o da mənim günümdəydi. O da Cəbrayılı, itirdiyimiz torpaqları, qoyub gəldiyimiz yerləri, çox şeyləri xatırladı; elə mənim kimi...
Hüseyn Əhmədovun doğulduğu tarix insanlıq üçün məşəqqətli zaman aralığı olub. 1944-cü il. İkinci dünya müharibəsinin onlarca ölkəyə fəlakətlər, faciələr, ölümlər, itimlər gətirdiyi lənətlənmiş dövr. Həmin illərdə bütün ölkə kimi Hovuslu kənd sakinləri də aclıqla, səfalətlə üz-üzə durmuşdular. Və onun dediyi kimi, artıq qovurmağa bir ovuc dən qalmayanda yazıq analar, fədakar analar çöldən yeyiləcək pencər toplayıb uşaqlarını ovudurdular. Həmin illərdə, lap elə uşaq olarkən ürəyində anası Xanıma söz veribmiş ki, bu əziyyətləri yerdə qoymayacaq. Və belə də olmuşdu.
1952-ci ildə o, Hovuslu kəndində birinci sinifə getmişdi. Yeddinci sinfi başa vurduqdan sonra rayon mərkəzinə yollanıb orta məktəbi bitirmişdi.
Hüseyn həkim xatırladıqlarını dilə gətirir:
- O zaman kəndimizdə təhsil ocağı ancaq yeddi illik idi. Orta məktəbi 1963-cü ildə orta rayon mərkəzində bitirdim.
Elə həmin il Hüseyn Əhmədov N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul olunub. Orta məktəb illərində olduğu kimi, burada da altı il boyunca əla qiymətlərlə oxumağa çalışan, gənc institutun istəkli tələbəsinə çevrilir. Birinci kursdan sonuncu kursa qədər qrup nümayəndəsi olur.
- Tələbə yoldaşlarım həmişə mənə hörmətlə yanaşırdılar. Mən də onları öz doğmalarım bilirdim. Çoxlarıyla indiyə qədər əlaqəm var, görüşürük.
Həm də fakültə tələbə elmi cəmiyyətinin sədri kimi fəaliyyət göstərən Hüseyn, üstəlik İnstitut komsomol komitəsinin büro üzvü, həmkarlar təşkilatının komitə üzvü kimi ictimai işlərdə yaxından iştirak edirdi.
1969-cu ildə institutu əla qiymətlərlə bitirdikdən sonra doğma rayonuna, Cəbrayıla döndü. Sanki onu təbib doğmuşdu Xanım nənə. Ömrünü-gününü uşaqlara, onların sağlamlığına həsr edən bu insan ad üçün, şan-şöhrət dalınca heç zaman qaçmadı. Mənə elə gəlir ki, onun gördüyü işlər, xalqa etdiyi xidmət bütün adlardan üstündür. Və ən yüksək mükafatlara layiqdir.
- Beş il işləyəndən sonra məni uşaq xəstəxanasının baş həkimi təyin etdilər. O zamanın səhiyyəsində o qədər dərdlər vardı, heç bilmirdim hardan başlayım. Bəlkə də bu səbəbdən anladım ki, mənim cəbhəm həmişəlik öz rayonumuzdur. Doğrusu, bir vaxtlar aspiranturaya getmək istədim. Baş tutmadı. Sonra isə bu haqda heç düşünmədim. Bu qədər çatışmazlıqları qoyub harasa getmək doğru olmazdı. Allah özü belə məsləhət görübmüş, deməli. Əgər insanların sənə ehtiyacı varsa, hansı ad-san dalınca qaçmaq olar, o ad-san kimə, nəyə yarayar?!
Çox keçmədi, Hüseyn Əhmədov Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olundu. O, 1975-ci ildən indiyə qədər bu vəzifədə çalışır. Baş həkim kimi fəaliyyət göstərdiyi zaman Cəbrayıl rayon səhiyyəsinin maddi-texniki bazası yenidən quruldu. Hətta onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində bu məsələ müzakirə olundu.
- Mən vəzifəmlə deyil, seçdiyim peşəylə fəxr edirəm. İçdiyim anda sadiq qaldığım üçün fərəh duyuram. Yaradan ağlımızı almasın, əlbəttə, canı və sağlamlığı verən Allahdı. Bununla belə, mən hər zaman bacardığımı edib adamlara kömək durmaq istəmişəm. Elə olub ki, günlərlə ağır xəstəlik keçirən uşağın yanından ayrılmamışam. Mənə görə ən unudulmaz gün, xöşbəxt an körpələrin yenidən sağlıqlarına qovuşmaları olub. Mehdili kəndindən Yaqub kişi vardı. Yəqin tanımış olarsan, onun oğlu ağır xəstə idi. Düz beş gün ayılmadı. Evə gedə bilmirdim gecələr. Bilmirəm, elə vəziyyətdə xəstə uşaqların yanından necə ayrılmaq olar? Həyat yoldaşım da bu rejimə necə alışmışdısa, ağır xəstələrim olanda hər gün zəng vurub onların vəziyyətini xəbər alırdı. Bilirdi ki, xəstə yaxşılaşmayınca, evə gələsi deyiləm.
Həkim saysız-hesabsız olmuşları sadalamadı. O zamanlar hələ mən orta məktəbdə oxuyanda danışırdılar ki, qonşu Çaxırlı kəndində İsmayıl kişinin oğlu bərk xəstədi. Hətta belə də deyirdilər ki, Bakıya aparmasalar, sağalan deyil. Həmin vaxtlarda Hüseyn həkim iki gün uşağın yanından ayrılmayıb, uşağı xilas elədi, onu sağlığına qovuşdurdu. Belə halları saymaqla bitməz.
Həyat yoldaşı, həkim-ginekoloq Südabə xanım deyir ki:
- O, təkcə xəstələrin sağlamlığı ilə deyil, onların yaşam tərziylə də maraqlanır. Elə olurdu ki, xəstə uşaqlara evdən yemək gətizdirirdi. Hətta bir dəfə Maralyandan olan bir ailənin son dərəcə kasıb yaşadığını biləndən sonra onlara maddi kömək də göstərirdi. Deyirdi ki, normal qidalanmayan uşaq necə sağlam ola bilər. Həyat yoldaşım olduğuna görə demirəm, o, həqiqətən böyük ürək sahibidir. Onu yaxından tanıyanlar bunu yaxşı bilir.
1971-ci ildə SSRİ Səhiyyə Nazirliyinin Fəxri fərmanına, 1973-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin döş nişanına, 1975-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, 1980-ci ildə "Şərəf" ordeninə, 1982-ci ildə SSRİ-nin "Səhiyyə əlaçısı" döş nişanına, 1986-cı ildə Azərbaycan Səhiyyə Nazirliyinin Keçici qırmızı bayrağına, birinci dərəcəli diploma və pul mükafatına layiq görülmüşdü. "Əmək igidliyinə görə" medalı ilə təltif olunan həkimin çalışdığı mərkəzi xəstəxananın işçiləri elə həmin 1987-ci ildə Moskvada keçirilən kənd təsərrüfatı sərgisində Səhiyyə Nazirliyini təmsil etmişdi.
Hüseyn Əhmədov mərkəzi xəstəxananın baş həkimi işlədiyi dövrdə bir çox çətinliklərlə də qarşılaşmışdı. Əsassız anonim yazılardan sonra işində yoxlamalar aparılmış və nəticədə həkimin qüsursuz fəaliyyəti təsdiqlənmişdi.
- Düz həmişə əyrini kəsir. Bəlkə bir qədər gec olur. Amma sonda həqiqət zəfər çalır. Həm də əgər adam öz vicdanı qarşısında günahkar deyilsə, ürəyi hər an rahatdır. Şəxsən mən yadımda yalnız yaxşılıqları saxlayıram. Pisliyi bir daha xatırlamamaq şərtilə yaddaşımdan silib atıram. Xatırlanası faydalı o qədər işlər var ki... Bir hadisə tez-tez yadıma düşür. Cocuq Mərcanlıda qızılca yayılmışdı. Təhlükəli vəziyyət idi. Düz on iki gün bu kənddə qaldım. Hər gün ev-ev gəzir, xəstəliyə yoluxan uşaqları aşkarlayır, mümkün tədbirləri görürdük. Ev-eşik, ailə-uşaq tamam yaddan çıxmışdı. Vəziyyət normallaşandan sonra qayıtdıq. Belə anlar unudulmur. Kiməsə uzatdığın kömək əli sənə rahatlıq verir. Vicdanını sakitləşdirir.
Onun həkimliyi dönəmində elə kənd, qəsəbə qalmadı ki, orada xəstəxana, yaxud tibb məntəqəsi açılmasın. Yüzlərlə tibb işçisi işlə təmin olundu. Və bütün bunlar davamlı çalışmaların sayəsində mümkün olmuşdu.
Onun ailədə necə insan olması məni çox maraqlandırırdı. İlk həmsöhbətim həyat yoldaşı Südabə xanım oldu:
- İşdə necədisə, evdə də elədi. Hər yerdə ciddiliyini, təmkinini qoruyan adamdır. Uşaqları heç vaxt incitməyib, onların fikirlərinə həmişə hörmətlə yanaşıb. Hər birimizə azadlıq verib. Bəzən, niyə uşaqlara bu qədər sərbəstlik verirsən, deyib etirazımı bildirmişəm. Demişəm onlarla bir qədər ciddi ol, ayaqlarının altına daş qoyma. Arxayınlaşıb dərslərini yaxşı oxumazlar, allah qorusun, nə bilim, ətrafda o qədər xoşagəlməz hallar olur ki... Həmişə də cavabı belə olurdu, Südabə, uşaqları çox sıxma, incitmə, üstlərinə getmə, qoy, azad ruhda böyüsünlər, hər şey yaxşı olacaq, deyə məni sakitləşdirirdi. Sonunda elə də oldu. Şükür, uşaqlarımız əziyyətimizi yerə vurmadı.
Böyük oğul İftixar atasına çəkib, təvazökardır. Özü haqda bir kəlmə danışmaz. Atası barədə isə fəxrlə deyir:
- Atamla, onun xeyirxah əməlləri, insanlara olan münasibəti, peşəsinə olan hədsiz sevgisi ilə fəxr edirəm. Uşaqlıqdan bizə söylədiyi fikirləri, nəsihətləri həyatda ən yaxşı bələdçimizdir. Biz atamdan insan olmağı öyrənmişik. Görün o, bizə nələri deyirdi?! Deyirdi ki, heç kimin haqqını tapdamayın. Şan-şöhrət ardınca qaçmayın, çünki o sağalmaz xəstəlikdir. Əgər layiqli yol tutsanız, şöhrət sizi xəbərsiz gəlib tapacaq. Doğru peşə seçin, o peşəni sevin və bilin ki, gördüyünüz işin ən böyük mükafatı xalqa xidmətdir. Siz öz xalqınıza, millətinizə sahib çıxmasanız, başqalarının tapdağı altında əzilərsiniz. Onun bu nəsihətləri bizim-onun övladlarının qulağında həmişə sırğa olaraq qalacaq. Qalacaq ki, unutmayaq, atamdan bizə ötürüləni biz də övladlarımıza öyrədə bilək. Bir hadisəni danışmaq istəyirəm. Qardaşlarımla bərabər bir iş dalınca gedirdik. Haqlı olduğumuz halda haqsız duruma düşdük. Nə isə anlaşılmazlığı aradan qaldırandan sonra işimizə əngəl olmaq istəyən adam haralı olduğumuzu soruşdu. Hüseyn həkimin oğlu olduğumuzu bilən kimi bizi qucaqlayıb bağrına basdı, üzr istədi. Məlum oldu ki, uşaq vaxtı atam onu ölümdən xilas eləyib. Elə epizodlarla çox qarşılaşıram və düzü, belə kişinin oğlu olduğuma görə sevinirəm. Qarabağ müharibəsi başlananda atam Cəbrayıl polkunun fəallarından idi. Demək olar ki, ev üzü görmürdü. Həkimlik borcunu yerinə yetirməklə bərabər, insanlıq vəzifəsini də unutmur, könüllü olaraq şəhidlərin ailələrinə çatdırılmasına kömək edirdi. Bir dəfə Xaçmaz rayonundan olan şəhidin tabutunu göndərmək üçün maşın tapılmayanda atam öz maşını ilə yola saldı. Rayon təhlükədə olanda mülki əhali oradan çıxarılmışdı. Biz də şəhərdə idik. Atam sarıdan nigaran idik. Bir gün adıma məktub gəldi. Atam yazmışdı: "Əziz oğlum İftixar, sən həqiqətən mənim iftixarımsan. Müharibədi, hər şey ola bilər. Arxayınam, ona görə ki, başıma bir iş gəlsə, ailəmizi sənə etibar eləyə bilərəm. Güclü zəkan və uzaqgörənliyinlə ailəni qoruyacağına əminəm. Heç vaxt ailəmin, övladlarımın başını aşağı əydirəcək bir iş görmədim. Zalımlardan, haqsızlardan, haqsızlıqdan uzaq oldum. Heç kəsin haqqını yemədim. Sizi də halal zəhmətimlə böyütdüm. Sənin də belə olacağından tam arxayınam". Məktub evdə hamını ağlatdı. Atam şir bürcü altında doğulub. Xaraktercə nə qədər güclü görünsə də, çox həssas adamdı. Bəzən uşaq kimi kövrəlib ağlaya da bilər. Böyük şair Bəxtiyar Vahabzadə demişkən: İnsan göydəki ay kimidi, görünməyən tərəfi var.
... Qarabağdan ayrı düşmək bütün həmyerlilərimiz kimi Hüseyn həkimin də içini sızladır. O yerləri, torpaqları bir an belə unuda bilmir. Vətən həsrəti qəlbini yandırıb yaxır. Yaş üstünə yaş gəldikcə beynində düyünlənən sözləri tez-tez dilinə gətirir:
- Kaş bircə dəfə o yerləri görə biləm. Məzarları düşmən tapdağında qalan valideynlərimə deyəcək o qədər sözüm var ki...
Kimsənin üzünə baxmadan, sanki özü-özünə söyləyir içində daşlaşan istəyini... Eyni ağrını mən də ən azı onun qədər daşıyıram. Ürəyimdə kaş ki, ay həkim, sinə dolusu doğma havanı uda biləydim. Kaş ki, bitəydi bu həsrət. Kaş ki...
... Bax belə Hüseyn həkimin taleyi, yetmiş üç yaşdakı durumu nələri anlatdı mənə? Söhbətimizi bitirərkən və istəkli həmyerlimdən ayrılıb uzaqdakı qərib şəhərə yola düşərkən, bilirsinizmi peşəmdən irəli gələn ən parlaq təəssürat nə oldu?
İlahi, bu mürəkkəb dünyada bir nəfər də olsun adi insan yoxdur. Kimə yaxınlaşıb dindirsən, görəcəksən ki, onun daxilində heç zaman görmədiyin, duymadığın əsrarəngiz bir dünya var.
Şair düz deyib: İnsan göy üzündəki Ay kimidi, bu üzdən baxmaqla bilməzsən ki, o biri üzdə nə var.
Moskva