Müsahibimiz tənqidçi Əsəd Cahangirdir.
“Mən materialist qafalı dərin istedad tanımıram”
– Əsəd müəllim, “Kim yatmış, kim oyaq?” kitabınız ədəbi tənqid nominasiyası üzrə Yaşar Qarayev və “Qızıl Kəlmə” mükafatlarına layiq görüldü. Bu münasibətlə sizi təbrik edirik. Bu nəticələri gözləyirdinizmi və bu nəticələr sizin üçün nə deməkdir?
– Obyektiv nəticələrə görə hər iki komissiyanın üzvlərinə minnətdarlığımı bildirir, qalibləri təbrik edirəm. Düzünü desəm, “Qızıl Kəlmə” mənim üçün əsl sürpriz oldu. O, 20 illik yaradıcılıq həyatımda ilk aldığım dövlət mükafatıdır və bu yöndən mənim üçün önəmlidir. Yaşar Qarayev mükafatına gəlincə, ilk yazılarıma müsbət rəy verən görkəmli bir alimin adıyla bağlıdır. Yadımdadır ki, 94-cü ildə “Söz” essemin əlyazmasını oxuyub demişdi: “Mən XXI əsrin tənqidini belə görürəm”. Bu sözlər ilk yazılarını yazan bir gənc üçün böyük stimul idi. O, yazı üslubumun formalaşmasına təsir edən üç Azərbaycan alimindən birincisidir.
– Bəs, sizə təsir edən digər iki alim kimdir?
– Kamal Abdulla və Nizami Cəfərov.
– Amma “Azadlıq radiosu”na müsahibəsində Kamal müəllim kitabınızın yer tutmasına qarşı çıxdı.
– Kamal müəllim məndən daha yaxşı kitab gözləyirdi (gülür).
– Əsəd Cahangiri ədəbi tənqidçi olmağa gətirib çıxaran yol haradan başlayır?
– Anamın nağıllarından, “Biri var idi, biri yox idi” kitabından, “Koroğlu” dastanından, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasından... İlk qələm məşqimi şagird vaxtı Hüseyn İbrahimovun “Günəş doğan yerdə” romanı üzərində eləmişəm. Sonra BDU-nun filologiya fakültəsinin tənqid bölümü, Anarın “Əlaqə”si, “Beşmərtəbə”si, Elçinin “Mahmud və Məryəm”i, Əlibala Hacızadənin “Dünyanı tanı” romanları haqqındakı referatlarım, Axundovun “Kəmalüddövlə məktubları” haqqında diplom işim... İlk mətbu yazım 91-ci ildə Nizami Cəfərovun “Füzulidən Sabirə qədər”, ikincisi isə Kamal Abdullanın “Gizli Dədə Qorqud” monoqrafiyalarına həsr olunub. Sonra “Ədəbiyyat”, “Millət”, “Zaman”, “Ekspress” qəzetlərində onlarla ədəbiyyat və incəsənət xadimi ilə elədiyim müsahibələr, teatr tamaşaları haqqında resenziyalarım... Qalanını bilirsiniz...
– Qəzetləri niyə belə-tez dəyişirdiniz?
– “Millət” qəzetindən siyasi görüşlərimə görə getdim – məndən etibarçı olmağı tələb edirdilər, mən isə qeyri-humanist radikalizmi, ifrat eqoizmi və hüdudsuz ambisiyaları ilə seçilən AMİP sədrinə yox, daha insani və daha liberal Elçibəyə önəm verirdim. “Zaman” qəzetindən dini görüşlərimə görə getdim – məndən Peyğəmbərin nəşini ortalıqda qoyub hakimiyyət kampaniyasına başlayan, rəyasət iddialarını Qurandan üstün tutan Əbu Bəkr və Ömər sevgisi tələb edirdilər, mən isə hər şeyə ilahi prizmadan baxan Əliyə dəyər verirdim. “Ekspress” qəzetindən sənət görüşlərimə görə getdim – məndən istedadsız aktyor və dramaturqları təbliğ etməyi tələb edirdilər, mən isə onları tənqid edirdim.
Sonralar başa düşdüm ki, ədəbiyyatın yeganə tale təyinatım olduğunu dərk etməyim üçün siyasi, dini, incəsənət maneələrini aşmağım nəinki lazım, hətta vacib imiş. Hər yeni situasiya bizim ancaq və ancaq xeyrimizədir. Ən yaxşı müəllimlərimiz isə “düşmənlərimizdir”. Əgər oralardan getməsəm, 1999-cu ildə Anar müəllimin tövsiyəsi ilə “Azərbaycan” jurnalına gəlməz, demək, professional ədəbi-tənqidlə də məşğul ola bilməzdim.
– AYB-də də “düşmənlərlə” qarşılaşdınız?
– Bütün düşmənlər ilk öncə bizim öz şüurumuzdadır, demək, hara getsən, onu da özünlə aparacaqsan. Amma elə ki, onu öz şüurunda öldürdün, kənarda da düşmənin olmur, olsa da, sənə həlledici təsir edə bilmir.
– Sizin əksər yazılarınızdan Allah ideyası keçir.
– Sən istəyirsən ki, şeytan ideyası keçsin?
– Yox, amma Allah anlayışı ədəbiyyatdan daha çox, dini, ən uzağı fəlsəfi problematika ilə bağlıdır.
– Bəs, kim deyir ki, din, yaxud fəlsəfə ilə ədəbiyyatın arasında Çin səddi var? Əksinə, bədii yaradıcılıqla məşğul olmaq Allahın insanı özünə bənzər şəkildə yaratmasına dair fikri bir daha təsdiq edir. Çünki ən böyük yaradıcı Allahın özüdür. Böyük istedadların yaradıcılığı əsasında Allah axtarıcılığı durur – Nizamidə, Nəsimidə, Füzulidə, Şekspirdə, Hötedə, Tolstoyda, Dostoyevskidə bu belədir. Müasirlərimiz Ramiz Rövşən, Vaqif Bayatlı, Afaq Məsudda da həmçinin. Allah ideyası yaradıcı istedadı boğmur, əksinə, ona metafizik dərinlik və genişlik verir. Nikolay Berdyayev “Yaradıcılığın mənası” traktatında yazır ki, Allah insanın yaradıcılığını nəinki qısqanmır, əksinə, bunu arzulayır. Höte də “Faust”da bunu deyir. Mən materialist qafalı dərin istedad tanımıram.
“Bəziləri sadəcə qulaqları, bəziləri isə həm də ürəyi ilə eşidir”
– Bəs, Kamyü, yaxud Mirzə Fətəli Axundov?
– Mən Kamyünü ateist saymıram. O, insandan yüksəkdə duran qüvvəni qəbul edir, sadəcə olaraq onu Allah yox, təsadüf adlandırır və sevmirdi. Axundov isə ideoloji fenomendir. Onun zühuru ilə Azərbaycan bir neçə minillik Şərq kulturoloji məkanından Qərb kulturoloji məkanına keçməyə başladı – Qərb tipli teatr və dramaturgiya, yeni bədii nəsr və ədəbi tənqid, demokratik respublika, vicdan azadlığı, yeni əlifba və sair. Bədii-estetik fakta gəlincə, o, sadəcə baniyi-kar, yəni bünövrə qoyan kimi diqqətəlayiqdir. Onun realizm anlayışı qeyri-konseptual, məhduddur. Ona görə reallığın o biri – metafizik üzünü görə bilmir. Ateizmi isə onun dünyagörüşünün ən zəif tərəfi, Axilles dabanıdır. “Dini olanın elmi, elmi olanın dini ola bilməz”. Bundan da absurd fikir yoxdur. Çünki ən böyük elm Allaha məxsusdur və onun bir adı da alim, yəni biləndir.
– Amma məntiqlə siz onun əlifba islahatı ideyasını da tənqid etməliydiniz. Çünki bu ideya Quran əlifbasına qarşı idi.
– Quranın bizə hərfi yox, mahiyyəti lazımdır. Son 5-6 əsrdə Şərq dünyası Quranın məzmununu bir tərəfə qoyub, daha çox onun hərfinə sədaqət nümayiş etdirir. Ona görə XVI əsrə qədər dünyanın ən böyük dühalarını yetirən Şərq, yeni dövrdən etibarən zülmətə bürünməyə başladı. Şərqi Qərbdən müqayisəolunmaz dərəcədə geri qoyan şəriət “bukvoyedliyi”dir. Axundov əlifba islahatı məsələsində tamamilə haqlı idi, zaman da bunu sübut elədi.
– Bəs, müasirləriniz olan ateistlərin çıxışlarına niyə belə bəraət qazandırmırsınız?
– Çünki bəraət üçün səbəb olmalıdır, özü də Axundov dövründə olduğu kimi ciddi səbəb... Birincisi, nəyisə tənqid etmək üçün əvvəlcə onu maksimum demirəm, heç olmasa, minimum səviyyədə öyrənməlisən. Müasir Azərbaycan ateistlərinin ən savadlısı rəhmətlik Rafiq Tağı idi. Amma o, Osmanlıya “Ottoman” deyən Avropa orientalistlərinin, yəni XVII-XVIII əsrə məxsus düşüncənin təsiri altında qalmışdı. O, İslam deyəndə az qala talış kəndində cadugərlik edən mollaların fəaliyyətini nəzərdə tutur, lokal fakta ümummilli, hətta ümumbəşəri problem səciyyəsi verməyə çalışırdı. İkincisi, bu gün ateizmə haqq qazandıracaq elə bir ciddi sosial, siyasi, intellektual əsas görmürəm. Bu gün molla adı altında gizlənən hansısa İbrahimxəlil misi qızıla çevirmək, yaxud şeyx adı altında gizlənən hansısa Nəsrullah ölü diriltmək məsələsi ilə xalqın başına corab hörə bilməz. Üçüncüsü isə millətin maariflənməsi əndişəsi ilə yaşayan Axundovdan fərqli olaraq çağdaş ateistlərin məqsədi cılızdır – müqəddəs dəyərlərə qarşı çıxmaqla diqqəti çəkmək, gündəmə gəlmək, özünüreklam.
– Bu tənqidlərin praktik önəmi var?
– Mən də 21 yaşıma qədər ateist olmuşam və öz təcrübəmdən bilirəm ki, Allah istəməsə, heç kəs onu tanımaz. Bəs, niyə bəziləri sadəcə həm qulaqları, bəziləri isə həm də ürəyi ilə eşidir? Bu, ilahi bir sirrdir və hikmətdən sual yoxdur. Odur ki, ateizm və ya imana Allahla insan arasında ən intim məsələ kimi baxır, ateistlərin ateizmindən daha çox, lüzumsuz strategiya və bayağı taktikalarını tənqid edirəm. Yəni demək istəyirəm ki, bu gün ateizmə lüzum yoxdur, yaxud özünü reklam etmək üçün ateist niqabı taxmaq lazım deyil. Məncə, onlar da iman gətirənlərin vicdan məsələlərinə qarışmamalı, hər kəsi Allahla baş-başa buraxmalıdırlar. Ateistlərin strateji və taktiki tənqidinin praktik önəminə gəlincə, bu, mənim yox, artıq qarşı tərəfin problemidir. Mən öz işimi yerinə yetirirəm. Volterin diliylə desək, hər halda biz bu bağı becərməliyik.
– Söhbət gənclərdən gedəndə, bu bağın məhsulu necədir?
– Allah keyfiyyət, onun yaratdıqları isə kəmiyyətdir. Biz allahsız dünyanın – keyfiyyət yox, kəmiyyət dövrünün adamlarıyıq. Hamı partiya, yaxud QHT yaradır, hamı qəzet çıxarır, hamı bu qəzetlərdə şeir çıxarır. “Qanun” nəşriyyatının irəli sürdüyü “Hamımız roman yazaq!” şüarından sonra isə əməlli-başlı roman epidemiyası başlayıb. “Qanun”un direktoru Şahbaz Xuduoğlunun niyyəti öz-özlüyündə mütərəqqidir – milləti elliklə şeir bəlasından xilas etmək! Amma nəticəsi nə oldu? Atını minən çapdı romanın üstünə, yağışdan çıxıb yağmura düşdük.
Hazırda ədəbiyyatın xüsusi bir növü yaranmağa başlayıb – həvəskar internet ədəbiyyatı. İnternetdə yayımlanmaq imkanı az qala hər üç adamdan birini özünün yazıçı olduğuna inandırır. Orta məktəb şagirdlərini Yazıçılar Birliyinə daxil etmək və hətta onlara Prezident təqaüdü verməklə biz bu inamı bir az da möhkəmləndiririk. Ədəbiyyatın ciddi problemlərindən biri həvəskarlığın baş alıb getməsidir.
Dörd-beş ildən bəri yazdığı romanı barədə görkəmli adamların dilindən həvəslə rəylər toplayan Kəramət Böyükçölün fikrincə, o artıq “adlı-sanlı” yazıçıdır. Çünki onun romanı haqda filankəslər filan sözləri deyib, yaxud onun sofistika örnəyi olan hansısa statusunu filan qədər adam like eləyib. Roman sahəsində etdiyi uğurlu debütdən sonra, ikinci romanında macəracılığa yuvarlanan, amma hər iki halda özü də bilmədən Anarı təqlid edən Cavid Zeynallıya elə gəlir ki, Axundovun kim olduğunu Anara izah etməyə artıq onun həm haqqı çatır, həm də gücü yetir. İndiyə qədər gördüyü ən böyük iş Markesi rus dilindən, özü də mexaniki tərcümə etməkdən ibarət Günel Mövlud görkəmli bir yazıçını, özündən 40 yaş böyük insanı küçə sözləri ilə təhqir etməkdən belə çəkinmir.
Bütün bunların kökündə yenə də Allah məsələsi durur. İvan Karamazovun diliylə desək, Allah yoxdur, kimə nə istəsən, deyə bilərsən. Və bu barədə özünə heç bir hesabat verməyə borclu deyilsən. Çünki Allah yoxdursa, demək, vicdan da yoxdur. Vicdansızlıq çağdaş ədəbiyyatın ən böyük problemidir. Ədəbiyyatın son məqsədi isə insanı məhz öz vicdanı üz-üzə qoymaqdır.
“Gənclər nə tərif, nə də tənqidə psixoloji cəhətdən hazır deyillər”
– Amma vaxtilə bu gənclərdən bir çoxunu müsahibənizdə tərifləmişdiniz.
– Ədəbi gənclikdən söz gedirsə və yenə də onlardan danışıramsa, demək, elə yenə də tərifləyirəm. Amma onlar ilkin təriflənmə dövrünü artıq keçiblər, bəzisinin üç, bəzisinin iki, ən azı bir kitabı nəşr olunub, artıq tənqid görən vaxtlarıdır. Di gəl ki, istər tərif, istərsə də tənqidə nə intellektual, nə də psixoloji cəhətdən hazır deyillər.
– Yəni?
– Yənisi odur ki, bir balaca tərif eşidəndən, təltif görəndən sonra dərhal havalanır, deyirlər ki, mən dahiyəm. Məsələn, Eyvaz Əlləzoğlu, Əlabbas, Rafiq Tağı, yaxud Fəxri Uğurlunu bir kənara qoyaraq, MKM müsabiqəsində birinciliyə Elxan Qaraqanı layiq gördülər. Məqsəd aydın və xeyirxah idi – istedadlı, yenilikçi bir gəncə qol-qanad vermək, təzə imza üzə çıxarmaq! Nəticəsi nə oldu? Bir müddət ulduz xəstəliynə tutulan Qaraqan öz xeyirxahlarının qanını qaraltdı: qəzetə müsahibə verərək, eyni vaxtda iyirmi qızla yatmaqdan danışmağa, teleekrana çıxaraq, “AYB-dəkilər kimdir ki!” deməyə qədər. Bu, tərifə dözümsüzlüyün əlaməti idi.
Amma yaxşıdır ki, onun bu ədalətsiz hərəkətlərinə qarşı edilən haqlı redaktələri o, vaxtında dərk edib qiymətləndirməyi də bacardı. Elxanın “Bir milyon dollarım olsaydı”, “Mələk” romanları, xüsusən də “Evakuasiya” adlı son romanı da onun haqqında optimist tonda danışmağa imkan verir. Məncə, onun “urrey-urrey” oyunlarına qoşulmasına, gənc yazarlar kolxozuna girməsinə heç bir ehtiyacı yoxdur. Ədəbiyyat kollektiv yox, fərdi hadisədir və burda hər hansı “biz” anlayışı zərərli təmayül – ədəbi komsomolçuluqdur. Bu, yazıçını özü olmağa qoymur.
– Sizcə, Şərif Ağayarın AYB-dən çıxarılmasından sonra bir sıra gənclərin AYB-ni tərk etməsi də bu sıradandır?
– Hansı sıradan olursa-olsun, Şərif Ağayar haqq-hesabına nəticə etibarilə pozitiv baxıram. Çünki açıq qapıları bağlamağa, təmizlənməyə, sayı 1500-ə çatan Yazıçılar Birliyi üzvlərini minimuma endirməyə onsuz da ciddi ehtiyac var. Şərif Ağayar məsələsi həlli çoxdan gözlənilən bu problemin çözümünə bir təkan verə bilər. Və əgər elə olsa, bu, Şərifin Azərbaycan ədəbiyyatına “Kərpickəsən kişinin dastanı” povestindən daha böyük xidməti olacaq. Amma istənilən halda iki əsrlik Şərif-AYB dramının belə tragikomik finalına təəssüflənirəm.
– İndi gələk gənclərin tənqidə dözümsüzlük məsələsinə.
– Gənclər elə ki, hansısa məsələdə tənqid olunurlar, qayıdırlar ki, niyə bizi tənqid edirsiniz, axı dahiləri tənqid etmək olmaz! Qismət yazılarında hətta tənqidçilərin üzünə tüpürməyə qədər gedib çıxır. Özü də nə üçün? Çünki onu kitabdangəlmə adlandırıblar. Doğrudanmı bu, o qədər ağır ittihamdır ki, bu dərəcədə tərbiyəsizliyə bəraət qazandıra bilsin? Mən bu sözü dəfələrlə demişəm, bir daha təkrar etmək istəyirəm – gənc adamı layiq olduğundan artıq və vaxtından tez tərifləmək hər şeydən öncə o gəncin özü üçün ziyanlıdır və Makarenkonun diliylə desək, pedaqoji baxımdan düzgün deyil.
– Gənclər sizi yazıçılara münasibətdə fikrinizi dəyişməkdə qınayırlar.
– Allah özü belə fikrini dəyişir, yoxsa sadəcə “Tövrat”la kifayətlənər, “İncil”i, Quranı göndərməzdi. Fikrini dəyişməyən yalnız ölülərdir. Gəlin baxaq: zamanla gənclər də dəyişir, mən də yerimdə saymıram; onda fikirlərim bir nöqtədə necə ilişib qala bilər? Gənclərə isə elə gəlir ki, necə yazmalarından asılı olmayaraq, bir dəfə tərifləndinsə, həmişə tərif olunmalısan və yaxud bir dəfə tənqid olundunsa, həmişə tənqid olunacaqsan. Çünki düşüncə metodları yanlışdır – fakta yanaşma tərzləri qeyri-dialektikdir. Bu da ondan doğur ki, ancaq roman, yaxud şeir oxuyublar, fəlsəfi düşüncələri formalaşmayıb. Bu həm də bizim təhsil sisteminin aşağı səviyyəsinin göstəricisidir. Bizim ali məktəblərdə fəlsəfənin tədris səviyyəsi ümumən acınacaqlı səviyyədədir. Ola bilməz ki, bir adamın Hegeldən az-maz xəbəri olsun, amma dialektikanın nə olduğunu bilməsin. Hegel bir yana dursun, 2500 il bundan əvvəl çəlləkdə yatan yunan da bilirdi ki, hər şey axır, hər şey dəyişir.
Dünya daimi dəyişmə və inkişafda olan prosesdir. Dilalektik düşüncənin mahiyyətində bu durur. Əgər dünya prosesdirsə, demək, onun əksi olan ədəbiyyat da prosesdir. Bəs, onda bizim ədəbiyyata münasibətimiz niyə qeyri-prosessual, yəni qeyri-dialektik olmalıdır? Dialektik düşüncədən uzaq olmaq ona gətirib çıxarır ki, tarixi dəyişkənliklərin mahiyyətini dərk etmirsən. Bilmirsən ki, zamanın mentallığı nədir və o, səndən nə istəyir. Məsələn, gənclərin arasında indi Bakı haqda şeir yazmaq dəbdədir. Və hamısı da Bakının meqapolisə çevrilməsi prosesinə yerin altından qəfil çıxan monstra baxan kimi baxırlar. Bu, şəxsən, mənə təəccüblü gəlir. Əgər bunu 70-80 yaşlı qocalar yazsaydı, yəqin ki, belə qəribə görünməzdi. Amma söhbət daha çox 25-30 yaşlı gənclərdən gedir və bu zaman axı daha çox onlarındır. Bakınamələr isə göstərir ki, gənclər zamanın ruhunu tuta bilmirlər.
– Amma belə bir fikir də var ki, yaradıcı şəxs zəmanə adamı olmamalıdır.
– Mən zamanın bədənini yox, ruhunu, yəni daxili mahiyyətini tutmaqdan danışıram. Məsələn, Salam qədər öz yaradıcılığında 90-cı illər hadisələrindən uzaq şair təsəvvür etmək çətindir. Onun virtual poeziyasının yeganə və tənha qəhrəmanı şairin özüdür. Bəs, bu dərəcədə ifrat “eqozim” geniş oxucu kütləsi tərəfindən niyə belə maraqla qarşılandı? Çünki onun şeirlərindəki “mən” real, konkret bir adamdan daha çox, hamının daxili ovqatı və bütövlükdə zamanın ovqatını özündə birləşdirən metafizik “mən”dir. Salam zamanın çölünü yox, içini yazır, onun üzünü astarına çevirirdi.
Bir də var ki, Qanturalının mənim yazılarımdakı Allah axtarıcılığını öz bəsit materialist qafasına uyğun olaraq “primitivlik” sayması, yaxud Aqşinin neçə illərdən bəri ekranda, efirdə, mətbuatda, kitablarında var gücüylə özünün ateist obrazını yaratması. Onlar fərqində deyillər ki, biz allahsızlığın dövlət ideologiyasına çevrildiyi, materializmin isə elmi düşüncəni 70 il ərzində iflic etdiyi sovet rejimindən çıxmışıq. Bizə indi nə ateizm, nə də materializm lazım deyil. Əksinə, zamanın dialektikası bu gün bizdən dinə, Qurana, kitaba, Allaha, yəni özümüzə qayıtmağı – adam olmağı tələb edir. SSRİ kimi yerə-göyə meydan oxuyan hərbi dövlətin öz-özünə dağılmasının metatarixi sirri də bundadır. Bu gün ateist olmaq gerizəkalılıq əlamətidir.
“Dünyanın ritmini tutmaq üçün dünyanı görməliyik”
– Bəlkə, onlar zamana SSRİ yox, daha geniş dünya rakursundan baxırlar?
– Əvvəla SSRİ-nin süqutu lokal yox, elə planetar hadisədir. Çünki söhbət sıravi bir dövlət yox, tarixdə indiyəcən görünüb-eşidilməmiş dərəcədə nəhəng imperiyanın süqutundan gedir. İkincisi isə dünya hələ ötən əsrdən Aristotelin 2500 illik məhdud rasional məntiqini bir kənara qoyaraq, yenidən Platona qayıtmağa başlayıb. Platona qayıtmaq isə ideyalara – yəni irrasional düşüncəyə, Allaha qayıtmaq deməkdir. Müasir dünya ədəbiyyatının realizm anlayışı XIX əsrə məxsus çərçivələrdən, məsələn, Tolstoyun gerçəklik tələbləri, yaxud Zolyanın naturalizmindən çox uzaqdır, yəni daha konseptualdır. Bunu görmək üçün bir neçə Hollivud filminə baxmaq, bir neçə dünya yazıçısını oxumaq kifayətdir.
Qərb ateizm mərhələsini bir neçə əsr öncə – Didronun vaxtında, maarifçilik dönəmində keçib. Müasir Qərb nəinki ateizmi, hətta xristianlığı da keçməyə başlayıb. Nitsşenin “Antixrist”i bu prosesin yeni və məncə son mərhələsinə bir işarədir. Bunun ardınca Şpenqler allahsız Avropanın qürubunu yazdı. Ardınca isə Rene Genon İlkin Prinsipə – Allaha qayıtmağın vacibliyini vurğulayan, islami əsaslara söykənən onlarla əsərini qələmə aldı.
İndi Qərbdə ən müasir, ən gənc, ən həyati din kimi İslama maraq artır. Xristian fanatiklərinin İslam üzərinə yeni Səlib yürüşünə başlaması bu prosesin qabağını almaq cəhdləridir – Quran yandırılır, Məhəmməd əleyhissəlamın karikaturası çəkilir, Salman Rüşdi kimi İslam dəyərlərinə qarşı çıxan Şərq yazıçılarını Qərb öz qanadı altına alır...
Ateizmin bizdəki kimi sinik, yaxud anarxist çalarları isə Rusiya üçün daha səciyyəvidir. Bu, şimal qonşumuzun da dünyanın ən ümumi ritmindən geri qalmasından irəli gəlir. Bunu ruslar özləri də etiraf edir. Vaxtilə Gertsen, Çernışevski, Solovyov, Berdyayev yazmışdı, indi də filosoflardan Dugin, tənqidçilərdən Kornev, yaxud Kibirov yazırlar. Biz ümumən həmişə və hər şeydə Rusiyadan yüz, Avropadan isə iki yüz il geridə qalırıq, hətta allahsızlıqda da.
– Müasir Azərbaycanın gənc yazarları arasında yəni dünyanın ritmini tutan heç kəs yoxdur?
– Fikirlərindəki neobolşevizm ruhuna baxmayaraq, Mətləb Muxtarın şeirlərində dünya vətəndaşını görürəm. O, Azərbaycana dünyadan, çağdaşlığa tarixdən baxır. Onun “Azərbaycan” şeiri Səməd Vurğundan sonra vətənpərvərlik mövzusuna münasibətdə keyfiyyət dəyişkənliyindən xəbər verir və proqram səciyyəsi daşıyır. Gənclərin əksərində zaman və məkan yönündən məhz bu geniş baxış bucağı çatmır. Və bu, onların yazdıqlarını dünya oxucusu üçün maraqsız edir.
Azərbaycan ədəbi gəncliyini son iyirmi ildə bir neçə nəslə bölmək olar. 90-cılar, 2000-cilər və 2010-cular. Poeziyada bu üç nəslin hər üçü Cəlilabad bölgəsinin yetirməsi olan üç ən tipik nümayəndəsinə baxaq – Salam, Aqşin, Emin Piri. Hər gələn nəsli əvvəlki ilə müqayisə edəndə bir ümumi nəticəyə gəlmək olur – tənəzzül gedir. Hər yeni imza yuxarı yox, aşağıya doğru atılan növbəti addım kimi görünür. Düzdür, bəlkə də, Emin Piri haqda tənəzzülün təmsilçisi kimi danışmaq bir az tələskənlik kimi görünə bilər. Çünki o hələ ilk kitabını belə dərc etdirməyib. Amma bu, bütövlükdə götürəndə irəli sürdüyümüz tənəzzül ideyasını inkar etmir.
Bu tənəzzül ayrı-ayrılıqda gənclərdən bir çoxunun yazılarında da müşahidə olunur. Məsələn, məncə, Aqşinin hər kitabı onun bir şair kimi inkişafı yox, geriləməsindən xəbər verir. Və ona görə də, onun nəticələri gözləməyərək, öz kitabını AYB-nin müsabiqəsindən geri götürməsi, qara məni basınca, mən qaranı basım kimi göründü. Jüri üzvlərindən ona səs verməyənlərə qarşı Aqşinin təhqirlərlə dolu yazısı isə heç bir estetik və etik normalara sığmır. Çünki müsabiqədə ümumən Aqşinə yox, konkret olaraq müsabiqəyə təqdim etdiyi kitaba qiymət verilmişdi. Bunun özü də onun fakta konkret yanaşa bilməməsindən, yəni qeyri-dilaketik təfəkküründən xəbər verir. Başqa sözlə desək, o, özü-özünə bir proses kimi yox, bütpərəstlərin saxsı allahı kimi baxır.
– Söz müsabiqədən düşmüşkən, gəlin söhbəti bu istiqamətdə davam etdirək.
(ardı "525-ci qəzet"in növbəti şənbə sayında)
Söhbətləşdi Ramil Əhməd