|
|
|
|

“Freedom House” beynəlxalq təşkilatının potsovet məkanında olan respublikaları üçün apardığı araşdırmaların nəticələrindən aydın olur ki, onlar Azərbaycanı Türkmənistan və Tacikistanla bir arada tuturlar. Guya, vətəndaş cəmiyyəti üçün Azərbaycanda normal şərait yoxdur, insan haqları və demokratiya burada kobud şəkildə pozulur və s”. Belə bir açıqlama ilə millət vəkili Çingiz Qənizadə “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı növbəti bəyanatına münasibət bildirərkən çıxış edib. Ç.Qənizadənin sözlərinə görə, adıçəkilən təşkilatın Azərbaycana qarşı qərəzli bəyanatları beynəlxalq təşkilatların ölkəmizə ünvanlanmış “sevgisindən” irəli gəlir: “Təbii ki, biz bunu qətiyyətlə pisləyirik. Bu, Azərbaycandakı reallığı obyektiv olaraq əks etdirə bilməz. Hesab edirik ki, bəzi beynəlxalq təşkilatlar təmsil olunduqları, yerləşdikləri, maliyyə dəstəyi aldıqları ölkələrin siyasi maraqlarına xidmət edir. Bu, son dövrlər Avropada və digər dövlətlər tərəfindən Azərbaycana qarşı olan qısqanclığın həmin beynəlxalq təşkilatın adı ilə ortaya çıxarılmasıdır. Hesab edirəm ki, bu ədalətli ola bilməz”.
Millət vəkili hesab edir ki, əgər “Human Rights Watch” təşkilatı ölkədə nəyinsə düz olmadığını bəyan etməklə bu, müraciəti Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış olsaydı, məsələ öz həlli tez tapardı: “Çünki dövlət başçısı beynəlxalq təşkilatların qaldırdığı məsələlərə həmişə həssaslıqla yanaşıb. Bu mənada hər iki təşkilatın prezidentin Belçikaya səfəri öncəsi açıqlama verməsi, Avropa Birliyinin 754 deputatından 32 nəfərinin” təxirəsalınmaz tədbirlər planı” çərçivəsində Azərbaycana qarşı bəyanat qəbul etməsi maraqlı dövlətlərin siyasətinin tərkib hissəsidir”.
Millət vəkili insan haqları məsələsinə toxunarkən deyib ki, Azərbaycanda problemli məhbusların məsələsinin müzakirə olunması ilə bağlı işçi qrupu yaradılıb ki, o zaman da burada Prezident Administrasiyasının vəzifəli şəxsləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin nümayəndələri və qeyri-hökümət təşkilatları (QHT), hüquq müdafiəçiləri iştirak edirdilər. Onun sözlərinə görə, ümumiyyətlə, bu kriteriya Avropa üçün müəyyən olunmayıb: “Biz o zaman siyasi məhbus anlayışını kənara atdıq. Hələ heç konkret bilinmir ki, hansı hallarda siyasi məhbus ola bilər. Nə qədər ki, Avropa məkanı hamı üçün eyni qaydada müəyyən olunmayıb, hesab edirəm ki, bir ölkədə bunu adlandırmaq düzgün olmazdı”.
Milli Şuranın fəaliyyətinə gəldikdə isə, Ç. Qənizadə əlavə edib ki, həmin qurumda olan insanlar o qədər bir-birləri ilə dalaşıb-barışıblar ki, indi də həmin insanlar canavar kimi üz-üzə dayanıblar və kimin birinci səhv addım atacağını gözləyirlər: “Mən onların fəaliyyəti ilə heç bir zaman maraqlanmıram. Belə olan halda isə nə əməkdaşlıqdan, nə də ki uğurdan söhbət gedə bilməz”.
Millət vəkili Asim Mollazadə də siyasi məhbus məsələsi ilə bağlı mövqeyini açıqlayıb: “Azərbaycanda siyasi məhbus termini mövcud deyil.Bəzi saxlanılan şəxslər var ki, onların məhkəməsi baş tutmayana və araşdırmalar aparılmayanadək, bu barədə hər hansı fikir söyləmək tezdir. Mən bu prosesə çox ciddi nəzarət edirəm ki, hər hansı siyasi amil burada istifadə olunmasın və hər şey qanunun aliliyi çərçivəsində həll olunsun. Əks halda bu, Azərbaycan dövlətinin nüfuzuna, imicinə böyük xələl gətirə bilər. Amma hər bir Postsovet məkanında olduğu kimi, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda da çox işlər görülməlidir”.
Pərvanə



