|
|
|
|
"Azərbaycan manatının ətrafında yaranan ajiotaj, guya onun yenidən ucuzlaşacağına dair məlumatlar Rusiya rublunun dəyərdən düşməsi ilə bağlıdır".
Bu barədə iqtisadçı-ekspert Samir Əliyev son bir neçə gün ərzində milli valyutanın kursunun aşağı düşəcəyi, dolların qalxacağı, həm də valyuta çatışmazlığının ola biləcəyi ilə bağlı bəzi KİV-də gedən məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya rublunun dəyərdən düşməsi də müvəqqəti xarakter daşıyır: "Çünki Rusiyanın kifayət qədər valyuta resursları var. Eyni zamanda, Rusiya əsas neft və qaz ixrac edən ölkələrdən biridir və bunun sayəsində ölkəyə külli miqdarda valyuta daxil olur".
Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan S.Əliyev bildirib ki, söhbət neft məhsullarından gedir: "Artıq ikinci ildir ki, ölkədən kapitalın çıxışında azalma qeydə alınır, ixracın idxalı üstələməsi hesabına isə xarici ticarət balansıda müsbət saldo müşahidə edilir. Mərkəzi Bank manatı çox möhkəmləndirmək, eyni zamanda, onun devalvasiyasına da yol vermək istəmir. Çünki devalvasiya iqtisadi cəhətdən səmərəli olmamaqla yanaşı, banklarımızı təhlükə qarşısında qoya bilər. Mərkəzi Bank və hökumət isə buna yol verə bilməz".
2015-ci ildə baş verən hadisəni daha çox neftin qiymətinin azalması ilə əlaqələndirən ekspert, hazırda neftin qiymətinin yüksək olduğunu, eyni zamanda, ölkəmizin turizm sektorundan da gəlirlər əldə etdiyini vurğulayıb: "Mərkəzi Bank ölkədə valyuta bazarına tam nəzarət edir. Manatın kursu stabildir. İlin sonuna kimi manatın kursu 1,70-1,72 AZN/USD səviyyəsində qalacaq".
Ekspert Fuad Əlizadə isə bildirib ki, ajiotajın səbəbi Azərbaycanın sıx ticari-iqtisadi əlaqələr malik olduğu Rusiyadakı qeyri-stabil maliyyə vəziyyətidir:"Rubl aşağı düşdü, bu isə Azərbaycandan olan bir çox sahibkarlara sərf edir. Belə ki, bu onlara mal almaq üçün daha sərfəli kursdan istifadə edə bilərlər. Bunun üçün onların dollarla olan bəzi aktivlərindən də istifadə etmək olar".
İqtisadçı ekspertin fikrincə, ölkədə xarici valyuta ilə bağlı heç bir problem yoxdur və bu da bankların xarici valyutaya olan tələbatının təmin olunduğu Mərkəzi Bankın (AMB) hərracları ilə sübuta yetirilib: "Azərbaycanda valyuta ilə bağlı stabil vəziyyət həm də nəzərə alsaq ki, ölkəmiz aktiv şəkildə karbohidrogen ixrac edir, dünya birjalarında neftin qiymətinin yüksək olması ilə bağlıdır. Rusiyadakı "valyuta böhranı" bu ölkəyə beynəlxalq sanksiyaların güclənməsi ilə bağlı olaraq müvəqqəti xarakter daşıyır. Bütün bu deyilənlərdən ümumi nəticəyə gələrək demək olar ki, Mərkəzi Bankın manatın devalvasiyasını aparması üçün fundamental əsaslar yoxdur".
Qeyd edək ki, keçən həftə Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın devalvasiyası ilə bağlı xəbərləri təkzib edib.
Cari ilin birinci rübü ərzində əldə edilmiş nəticələrə nəzər salanda da ölkəyə valyuta gətirəcək sahələrdə inkişafın olduğu, valyuta ehtiyatlarının artdığı məlum olur. Belə ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatları 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur.
PƏRVANƏ