Unutmayaq ki, "Qəzet dünyanın bir gün ərzindəki tarixcəsidir" (Fridrix Nitsşe) və həm də "Qəzet tarixin birinci qaralama nüsxəsidir" (Ziqmund Qren).
Bəli, dünyamızın, o cümlədən, Azərbaycanımızın bir gün ərzindəki həyatından həm də mətbuat vasitəsilə xəbər tuturuq. Belə mətbu orqanlardan biri də "525-ci qəzet"dir. Keçən əsrin sonlarında nəşrə başlayan "525-ci qəzet" 25 ildə ədəbi-mədəni irsimizin təbliginə və zənginləşməsinə öz töhfəsini verib və verməkdədir.
Mənim üçün doğma olan "525"lə yaxınlığım bir də onunla bağlıdır ki, qəzetin baş redaktoru Rəşad Məcid, baş redaktor müavini Yusif Rzayev, adını çəkmədiyim digər əməkdaşlar fakültəmizin məzunlarıdır.
Yaxşı yadımdadır. Oturmuşdum rəhmətlik Famil Mehdinin rəhbərlik etdiyi kafedrada. Söhbətin şirin yerində qapı açıldı, Rəşad göründü. Famil müəllim onu içəri dəvət etdi, yer göstərdi. Sonra üzünü mənə tutub dedi: "Gözün bu oğlanın üstündə olsun. Hazır jurnalistdir. Kim bilir, bəlkə sonralar böyük bir qəzetin başında dayanacaq". Dedim: "Famil müəllim, Rəşad savadlı, qabiliyyətli, böyük-kiçik yeri biləndir, özü də hazır jurnalistdir". Bu hadisə Rəşadın son kursda - 1988-ci ildə oxuduğu vaxtlar olub.
Famil müəllim yanılmamışdı, haqlı idi. O, Rəşadın gələcəyini görürdü. 1992-ci ildə Rəşad Məcid "525-ci qəzet"i təsis edir və 1995-ci ildən isə qəzetin baş redaktoru olur, ətrafına savadlı, yaradıcı gəncləri toplayır. Onu da bildirim ki, baş redaktor olana kimi Rəşad bəy özünü jurnalistika sahəsində göstərə bilmişdi. "Elm və həyat" jurnalında korrektor, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini, "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini vəzifəsində çalışıb, 10 kitabın, çoxlu publisistik əsərin müəllifidir.
Mənim "525"lə ilk tanışlığım I kursun auditoriyasında oldu. Belə ki, dərs vaxtı bir tələbənin əlində "525-ci qəzet"i görüb maraqlandım. Aldım, vərəqlədim, jurnalistikanın ab-havasını hiss etdim. Qəzet elə birinci nömrəsindən diqqətimi çəkdi. İlk təəssürat unudulmaz olur.
Keçən əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyət, o cümlədən, Qarabağda ermənilərin separatçı hərəkatı respublika ziyalılarının "525-ci qəzet"dəki məqalələrində də kəskin tənqid olunurdu. Elə bunun nəticəsidir ki, qəzetin oxucuları durmadan artırdı. Məsələn, 1994-cü ilin yanvarında qəzetin tirajı 17.220 idisə, həmin ilin may ayında 23.942 olmuşdu.
...Mənim 70 yaşım yaxanlaşırdı. Ürəyimdən keçirdi "525-ci qəzet" bu barədə geniş material versin. Həmişə özümə yaxın bildiyim Yusifə zəng etdim, fikrimi bildirdim. Yusif "Qəzetin bir səhifəsi bəsindir?" - dedi. Məni lap utandırdı. Yubiley günü, 2009-cu il dekabrın 19-da qəzet bir səhifəsini mənə həsr etdi. İllər keçdikcə o günləri xatırlayıram. Onu da deyim ki, Yusifin mənə doğma olan münasibəti ürəyimdə bir rahatlıq yaratdı.
Demokratik cəmiyyətin atributlarından olan İctimai TV yaradılarkən qəzet yaxasını kənara çəkməmiş, onun yaranmasını vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi qəbul edərək redaksiyada seminarlar təşkil etmişdi. Belə bir seminar 2001-ci ilin avqust ayında "Avropa Şurasının tələbləri: İctimai televiziya haqqında" Qanun layihəsinin hazırlanmasına həsr olunmuşdu. "İctimai televiziya debatları" başlığı altında gedən yazılarda qəzet İctimai televiziyasının varlığını həqiqi demokratik cəmiyyətin əsası kimi qəbul olunmasını təbliğ edirdi.
İndi də yazının başlığına aydınlıq gətirim. Tələbənin kurs işinə rəhbərlik edirdim. O, xahiş etdi ki, "525-ci qəzet"dən yazsın. Niyə məhz "525" soruşdum. Dedi ki, "525-ci qəzet" nöqsanı qışqıraraq, hay-küy salaraq yox, yazıların içində oxuculara çatdırır, ədəbiyyata, mənəviyyata yaşlı nəslin nümayəndələri ilə yanaşı, biz tələbələrə də öz səhifələrində yer ayırır, həm də nəsillər arasında yaxınlıq yaradır, təhqirdən çox uzaqdır. Bir sözlə, elitar qəzetdir,özünə və oxuculara hörmətlə yanaşır. Tələbənin belə məntiqli cavabı mənim üçün gözlənilməz, həm də maraqlı oldu.
Mən də həmkar dostum Nəsir Əhmədlinin "525-ci qəzet"i qartala bənzətməsinə qoşuluram. O qədər gözəl deyib ki, əlavəyə ehtiyac yoxdur. Uca zirvələrin sahibi olan qartal quşlar arasında ən uzunömürlüsüdür. Bir də belə deyirlər ki, noyabr ayında doğulanlar çox yaşayır. "525-ci qəzet" də noyabr ayında "doğulub". İnanıram ki, 25 yaşlı qartalın qanadları olan Rəşad Məcid, Yusif Rzayev və başqa əməkdaşlar qəzeti həmişə mətbuat zirvəsində saxlayacaq.
Əziz "525"lər bayramınız, bayramımız mübarək!