|
|
|
|
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin həyata keçirdiyi "Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması" layihəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransda layihənin rəhbəri, "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Dil Komissiyasının üzvü Buludxan Xəlilov, Ekspert qrupunun rəhbəri, AMEA Dilçilik İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosent, Xalq artisti Azad Şükürov, Azərbaycan Kino Birliyinin sədri Müşfiq Hətəmov, respublikanın Xalq artistləri Ofelya Sənani, Eldost Bayram, kinorejissor Ayaz Salayev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli və universitetin tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan professor Buludxan Xəlilov bildirib ki, bu gün universitetdə mühüm bir tədbir keçirilir. Konfransda Azərbaycan dilinin problemləri, bugünkü vəziyyəti müzakirə ediləcək. Qloballaşan müasir dünyamızda dillərin rəqabəti gedir. Biz doğma dilimizi qorumalı, yaşatmalı, təbliğ və inkişaf etdirməliyik. Bu konfransın ADPU-da keçirilməsi təqdirəlayiqdir.
Layihənin rəhbəri Təhmasib Novruzov layihə uğurla icra olunub, son illər istehsal olunmuş bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin istifadəsində yol verilən ciddi qüsurlar aşkar edilib. T.Novruzov layihənin icrası zamanı aparılan araşdırmaların nəticələri barədə məlumat verərək, bu istiqamətdə gerçəkləşən layihələrin əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin aprel ayında imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın həyata keçməsində vətəndaş cəmiyyətinin rolundan danışıb.
Konfransda layihə çərçivəsində istehsal edilmiş "Kinomuz və dilimiz" sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra layihənin ekspert qrupunun rəhbəri filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın məruzəsi dinlənilib.
Sonra çıxış edənlər Azərbaycan dilinin saflığının qorunmasına bütün cəmiyyətin ciddi yanaşmalı olduğunu, film və serial müəlliflərinin bu sahədə mövcud olan qüsurların aradan qaldırılması işinə məsuliyyətlə yanaşmalarının vacibliyini bildiriblər.
NİGAR