|
|
|
|
Prezident İlham Əliyevin 57-ci doğum günü ilə əlaqədar bir sıra xarici kütləvi informasiya vasitələrində təbrik yazıları dərc olunur, ölkə başçısının həyat və fəaliyyətinə nəzər salınır, son 15 ildə rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlardan bəhs olunur.
"Vestnik Kavkaza" xəbər portalında "İlham Əliyev-57" başlıqlı məqalə qeyd olunub ki, dekabrın 24-də 57 yaşını qeyd edən Azərbaycan prezidenti İlham Əliyev 15 ildir Cənubi Qafqazın aparıcı dövlətinə uğurla rəhbərlik edir: "İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı daha da inkişaf edib, Azərbaycan regionda ən böyük iqtisadi gücə çevrilib".
Bildirilib ki, son 15 il ərzində Azərbaycan bir sıra böyükmiqyaslı beynəlxalq iqtisadi layihələr həyata keçirib: "Bakı-Tbilisi-Ceyhan" neft, "Bakı-Tbilisi-Ərzurum" qaz boru kəməri, "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti layihələri reallaşdırılıb. "Cənub Qaz Dəhlizi"nin 4 elementindən 3-ü tamamlanıb, sonuncu - "Trans-Adriatik" Boru Kəməri (TAP) yekunlaşma ərəfəsindədir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanıb. Bundan başqa, Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsini 2050-ci ilə qədər uzadıb".
Vurğulanıb ki, bu layihələrin hər biri Azərbaycan iqtisadiyyatının sabitliyini təmin edir və respublikanın regional iqtisadi mövqeyini təkcə karbohidrogenlərin etibarlı təchizatçısı kimi yox, eyni zamanda, mühüm logistika mərkəzi kimi gücləndirir.
"İlham Əliyevin liderliyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, bütün bu illər ərzində Azərbaycan bir sıra postsovet və Yaxın Şərq ölkələrindən fərqli olaraq, ölkədə sosial-siyasi sabitliyin qorunub saxlanmasına imkan verən, milli maraqlara uyğun, çoxvektorlu praqmatik xarici siyasət yürüdüb. Bütün bunlar İlham Əliyevin beynəlxalq platformalarda, ayrı-ayrı siyasi liderlərlə görüşlərin imzaladığı müqavilələrdə öz əksini tapıb", - deyə qeyd olunub.
Həmçinin bildirib ki, Ermənistanla davam edən Dağlıq Qarabağ münaqişəsi şəratində Azərbaycanın siyasi və iqtisadi gücünü sürətlə artırması xüsusi əhəmiyyət daşıyır: "Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlının doğma yurdlarına qaytarılması Prezident İlham Əliyevin əsas məqsədidir. Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri qəbul etdiyi qərar və qətnamələrdə erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpalarından qeyd-şərtsiz çıxmasını tələb edir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərə uyğun həll olunmasının zərurətini vurğulayır".
Eyni zamanda qeyd olunub ki, Azərbaycan münaqişənin həlli istiqamətində danışıqları davam etdirməklə yanaşı, müharibədən əziyyət çəkən qaçqın və məburi köçkünlər, şəhid ailələri, müharibə əlilləri və veteranlarına daim qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həllini diqqət mərkəzində saxlayır.
Bildirilib ki, Ermənistan əvvəlki kimi münaqişənin konstruktiv həllinə maraq göstərmir. Belə olan şəraitdə Azərbaycan öz müdafiə qabiliyyətini daha da gücləndirir, Silahlı Qüvvələrinin arsenalını ən müasir silah-sursat, hərbi texnikalarla zənginləşdirir, ordunun döyüş qabiliyyətinin artırılması, gənc nəsildə vətənpərvirlik ruhunun yüksəldilməsi istiqamətində ardıcılq, məqsədyönlü fəaliyyət aparır: "Ötən dövrdə erməni hərbçilərinin təmas xəttində atəşkəsi müntəməzəm olaraq pozması, təxribatlara əl atması - cəbhəyanı ərazilərdə yaşayan dinc azərbaycanlılara atəş açması, diversiya hücumları təşkil etməsi 2016-cı ilin aprelin 2-də tərəflər arasında müharibəyə səbəb olub. 4 gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirib, işğal edilmiş ərazilərin müəyyən hissəsi geri qaytarılıb, yüksəkliklərin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışa şərait yaradıb. Məcburi köçkün həyatı yaşayan kənd sakinləri 25 illik fasilədən sonra öz doğma yurdlarına qayıda biliblər. Bunun üçün Prezident İlham Əliyev əvvəlcə Cocuq Mərcanlıda sosial infrastrukturun bərpası istiqamətində sərəncamlar imzalayıb, qısa müddət ərzində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib".
Vurğulanıb ki, düşmənə hərbi qüdrətini nümayiş etdirən Azərbaycan növbəti mərhələdə danışıqlara mövqelərini daha da gücləndirilmiş şəkildə gedib. Rəsmi Bakı problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Ona görə də xarici dairələrin çağırışlarına müsbət cavab verərək, hərbi müstəvidən yenidən danışıqlar masasına qayıdıb.
"Sabitliyin, təhlükəsiz həyat şəraitinin yüksək səviyyədə qorunduğu, multikultural dəyərlərin bərqərar olunduğu Azərbaycan dünyada sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa verdiyi töhfələrlə xatırlanır, mühüm siyasi qərarların verildiyi, mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, idman oyunlarının keçirildiyi məkan kimi qəbul olunur: "Son dövlər Azərbaycanda 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula-1" üzrə Qran-pri yarışları təşkil olunub, qarşıdakı dövrdə də bir sıra yarışların keçirilməsi nəzərdə tutulub. Bunlar arasında futbol üzrə Avropa Liqasının 2018/2019-cu illər mövsümünün final oyununun, futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa Çempionatının 4 qarşılaşmasının Bakıda təşkilini qeyd etmək olar" - deyə məqalədə qeyd olunub.
Bütün bu nailiyyətlərin arxasında Azərbaycan dövlətinin milli maraqlarına uyğun siyasət həyata keçirən İlham Əliyevin dayandığı bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyev fəaliyyətini Azərbaycana, xalqın layiqli gələcəyinin təmin olunmasına həsr edən əsl liderdir.
Ceyhun ABASOV