|
|
|
|
Rafiq SƏMƏNDƏR
Hövsan – Ələkbər Salahzadənin dəfn olunduğu yerdir. Ölkədə qeyri-adi soğanı ilə məşhurdur. Bu soğanı mən çox xoşlayıram... İndi daha çox sevəcəyəm, dadından Ələkbər Salahzadə sözünün təmi gələcək ona görə.
Cimi isə Ələkbər Salahzadənin Qubada dağlar qoynunda, Qonaqkənddən bir az o tərəfə doğulduğu kəndin adıdır. Gündüzləri günəşan, gecələri ulduzların arasında yaşayan bir kənd. Gündüzlər günəş, gecələr ulduzlar Ələkbərə həsəd aparırdı: Ələkbər kimi yazıb, yarada bilmirdilər, Ələkbər kimi təmiz ola bilmirdilər ona görə. Çoxdandır o tərəflərə getmirəm. Bundan sonra heç getməyəcəyəm. Yerdə məzarını, göydə ulduzunu görə bilməyəcəyəm ona görə.
Hövsan hara, Cimi hara, ay Ələkbər.
Şıxovdan keçəndə təpədəki Xanların qəbri haqqında yazırdın: “Gedəndə sağımızda, gələndə solumuzda”...Biz səndən, sənin qəbrindən nə yazaq. Gedəndə sağımızda yox, gələndə solumuzda yox. Hövsan hara, Cimi hara, ay Ələkbər.
Cimi dağ kəndidir. Dağlarda ağac az-az əmələ gəlir. Ancaq sən bütün Quba bağlarının ağaclarından ən safı, ən meyvəlisi, ən “sərbəsti” idin. “Beş yarpağ”ın vardı. Beşini də götürüb, gətirdin Bakıya. Bakıya bir gözəl yarpaq tökümü gətirdin. Görünməyən bir qızılı payız gətirdin şeirimizə. Bircə boyundan şikayətlənirdin. İsaya baxıb, təsəlli tapırdın. Kimdən soraq boyumuzu, kimdən alaq boyumuzu deyirdin. Sənin boyunu allah bir kənd aşağı mənə vermişdi.
Birgə qaldığımız günlərdə iki-üç ay olardı ağzımıza ət dəymirdi, ancaq sözün ətini yeyirdik: bir tava qızardılmış kartofu sən necə vəsf edirdin, ilahi... “Təbii yeməklər hər şeydən yaxşıdır” deyirdin.
Dodağında bir ilin siqareti qalıb sönürdü, xəbərin olmurdu. Kötüyünü sümürürdün... Sən də bu şəhərin dodağında əlli ilin sönüb, qalmış siqareti idin, ay respublikanın əməkdar incəsənət xadimi. “Od heykəli” idin, od... Şamın axırdı səndən xəbərsiz, ay Ələkbər. Hövsan hara, Cimi hara. Görəsən, heç olmasa bir dəfə də olsun Hövsanda olmusanmı? Dilində bir soğan acısı da yox idi. Söyüş nədi, qarğış nədi, sözün ağır, yüngülü nədi. Ələkbər belə şeylər bilməzdi. Ələkbər sözün aşiqi idi. Sözü sevirdi, sözlə oynamaqdan yorulmurdu, ürəyini sözə vermişdi...
Həyatda yeganə şairdir ki, qadına məhəbbətdən şeir yazmayıb. Təkcə bir misra: “Gözlərimdən bir cüt xurmayı saç axır”.
Neylədin, Ələkbər, bir ürəklə bacarmadın. Bütün sözlərin ağırlığını yüklədin ürəyinə. Bilmirəm hansı nəvəndi... evdə o tərəf-bu tərəfə qaçmağından çox sevinirdin. O nəvə deyil, sənin sərbəst misraların idi, qaçırdı o tərəf bu tərəfə. Sən də həzz alırdın bu qaçışdan... İndi Hövsan çölündə qaçar bu nəvən, Ələkbər. Hövsan hara, Cimi hara.
Bu həyatdan qaçış xəbərini Baba dağının ətəyindən zəng edib, xəbər verdilər mənə. Hönkürtümü gizlətmək üçün sağ-solumdakı qapıları bağladım və ağladım, ağladım, ağladım. Hövsanın şoran torpağı sağ olsun, şorluğun bolluğuna baxmayıb, göz yaşlarımı da qəbul etdi.
20 il qabaq sən mənim dəfnimə gecikib, yasıma gəlmişdin... Gəlib, məni sağ görmüşdün. İndi də mən sənin dəfninə gecikib, yasına gəlirəm. Kaş ki, mən də gəlib, səni sağ görəydim.
Hövsan hara, Cimi hara.
Ələkbər hara, ölüm hara.



