|
|
|
|
Tünzalə TAHİRQIZI
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində... Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri vardı, biri yoxdu, Şəngülüm, Şüngülüm, Məngülüm var idi. Bir gün anası onlara icazə vermişdi ki, evin kənarındakı çayın yanında-otluqda oynasınlar. Oyunun qızğın çağında bir də gördülər ki, cırtdanı qovan div onlara sarı gəlir. Qorxularından tez çaya hoppandılar və...
Və bütün nağılların sonunda göydən düşən üç alma kimi burda da çayın o biri tərəfindən üç oğlan çıxır. Keçi balası olanda hər üçünün boynundan asılmış zınqırov onları bir-birinə tanıtdı. Çayın bu tərəfində heç vaxt olmadıqları üçün hər şey onlara maraqlı gəlirdi. Analarından icazəsiz ilk dəfə idi ki, sərbəst gəzirdilər. Və özləri də bimədən Şəhriyar, Şükür və Mənsur kimi nağıllar aləmindən real dünyaya qonaq gəldilər.
Bu dünyada onlar nə edəcəklərini, kiminlə oynayacaqlarını bilmirdilər. Nağıl aləmində onların belə bir qayğısı yox idi. Burda isə onlar kimi uşaqlar yeni bir dünyanı göstərən dördkünc çərçivədə (kompüter) qəribə, başa düşmədikləri oyunlar oynayırdı. Birdən uşaqların biri o birinə səsləndi:
– Ey, cırtdan Cabir, dostlarını da çağır, tənəffüs qurtarır. İndi dərs başlayacaq.
Şəhriyar, Şükür və Mənsur bir-birinə baxdı. Deməli cırtdangilin getdikləri işıq gələn tərəf bura imiş. Nağıldakı kimi, Cırdan burada da, nənəsinin verdiyi yağ yaxmasını dostlarının başına qaxınc edərək çantasını yoldaşlarına daşıtdırırdı.
Şəhriyar, Şükür və Mənsur da Cırtdangilə qoşulub adına sinif deyilən bir otağa getdilər. Onların hələ də başa düşmədikləri, uşaqların oyun oynadığı dördkünc çərçivədən burda çox idi. Saçları ağ bir kişinin enter, skayp ... sözlərini başa düşmədiklərindən, çox şey onlara maraqsız gəlirdi. Birdən ağsaçlı kişinin çərçivəyə baxıb danışdığı oğlan onlara tanış gəldi. Başında saçı olmayan oğlanın Kəloğlan olduğunu biləndə hər şey aydın oldu. Kəloğlan da onlar kimi nağıl aləmindən real dünyaya qonaq gəlmişdi. Bilgəcan dədənin keçid saatı ilə bu dünyada da hər yerdən xəbər verirdi.
Birdən keçi olanda anasının boyunlarından asdığı zınqırovun səsinə oxşar bir səs gəldi. Uşaqların hamısı durub başqa otağa getməyə başladılar. O otaqdan isə tanış nəğmə səsi gəlirdi:
Buynuzumda ot gətirmişəm,
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Açın qapını, mən gəlim.
Yenə zınqırov səsi gəlməyə başladı. Elə bil lap boyunlarındaydı. Artıq anasının da səsi gəlirdi:
– Çinarə, ay Çinarə! Oyan məktəbə gecikərsən. Hələ bu birinci gündür. Cizgi filmlərinə axşam da baxmaqdan doymayanda səhər belə olur. Çinarə, dur!..
Göydən üç alma düşdü. Biri Şəngülümün, biri Şüngülümün, biri də Məngülümün. Onlar da hər üç almanı xırda-xırda dilimləyib, birinci sinifə hazırlaşan uşaqlara payladılar:
– Alacağınız “5”lərin sayı bu almalardan da çox olsun!



