Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul edib.
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu bildirib və bu əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.
Azərbaycanın Meksika ilə münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov, iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi və parlamentlər arasında təmasların artırılmasının ümumi münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacibliyini bildirərək, Meksika Senatı tərəfindən qəbul olunmuş qətnaməyə görə öz təşəkkürünü çatdırıb.
Meksika Parlamentinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo öz növbəsində ölkəmizə səfərindən məmnun olduğunu bildirərək səmimi qəbula görə öz təşəkkürünü çatdırıb. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və qeyd etmişdir ki, iki ölkə arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün potensial mövcuddur. Porfirio Munyoz Ledo həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyətini vurğulaylb.