
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası Azərbaycanda istifadəsi məqbul hesab edilməyən adların yeni siyahısını açıqladı. Bununla əlaqədar bir sıra yeni adların siyahısı müəyyənləşdirilib.
Komissiya tərəfindən “Traktor”, “Limonad”, “Sovet”, “Ansambl” kimi bir sıra adlar, o cümlədən “Həsənqulu”, “Ağayi Hacı Zeynəb” tipli çoxmərtəbəli adların qoyulması məqbul hesab olunmur.
Komissiyanın qərarı ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasın münasibətini öyrəndik. 525.az-a açıqlamasında millət vəkili hələ bu siyahıyla tanış olmadığını bildirib:
“Qeyd edə bilərəm ki, Sovet dövründə də ad qoymaqda çətinlik çəkən valideynlər üçün xüsusi bir kitab olub. Lakin bu da məcburi xarakter daşımayıb, kitabda qeyd olunmayan adların qoyulması da məqbul hesab olunub. Azərbaycanda ad problemi həmişə yaşanıb. Xoşagəlməz, keçmişdən qalan adlar var ki, artıq bunlardan uzaqlaşmağın vaxtı çatıb”.
Dini adların qoyulmasına münasibətini bildirən Aqil Abbas bu tip adların tərəfdarı olmadığını söylədi:
“Mənim atamın adı Məhəmməddir. Dini şəxslərin adının qoyulmasını düzgün hesab etmirəm. Həmin adı daşıyan şəxs bu ismi doğrultmayaraq dini şəxslərin adına ləkə sala bilər. Üzeyir Hacıbəyovun qardaşı nəvəsi Ceyhun Hacıbəyli ilə görüşərkən nədən Üzeyir bəyin qardaşı nəvələrinin bu adı daşımamalarının səbəbini soruşdum. Ceyhun bəy babalarının onlara bu adı qoymasını qadağan etdiyini söylədi. Üzeyir bəyin adını daşıyan şəxs sabah bu ada ləkə də sala bilər”.
Aqil Abbasın çoxmərtəbəli adlara münasibətini də öyrəndik:
“Mən də “Həsənqulu”, “Əliqulu” kimi bir çox adların qoyulmasını istəməzdim. Lakin kiməsə bu adı qoymamağa məcbur etmək olmaz. Sovet dövründə “Şura”, “Kolxoz” tipli adlar vardı. İndi bu adlara müraciət edilmir. Mənim “Həsənqulu” imzası ilə yazdığım bir sıra yazılarım var. “Həsənqulu” mənim yaratmış olduğum bir obrazdır. O, Qarabağ hadisələri ilə əlaqədar qaçqın düşən vətəndaşlarımızdandır. Onun adı ilə ironik məsələlərə, ATƏT-in fəaliyyətinə və sairə belə önəmli məqamlara münasibətimi bildirmişəm. Bu adın siyahıda olmaması məni narahat etmir. Bu adın qoyulmasının tərəfdarı deyiləm. Çox yaxın dostumun oğlunun adı Həsənqulu olub. Mənim tövsiyəmdən sonra o övladının adını dəyişdi”.
Aqil Abbas nənə və babanın öz adlarını nəvələrinə verməsinə də münasibətini bildirərək bu cür addımları yaxşı qarşılamadığını və ad seçimi edərkən türk adlarına üstünlük vermələrini tövsiyə edib: “Mən türk adlarının tərəfdarıyam. Gülməli, çeynənmiş adlardan imtina etmək lazımdır”.
Nigar Məhərrəm



