|
|
|
|

Quba şəhərində möhtəşəm Alma bayramı keçirilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş bayram tədbirinə bu rayon rəhbərləri, ziyalılar, Milli Məclisin deputatları, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, eləcə də 100-dən artıq xarici ölkədən qonaqlar dəvət olunub. Quba rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri tədbirə ailə üzvləri ilə birgə qatılıb. Ardıcıl ikinci ildir ki, keçirilən bayram tədbirinə ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanılıb. Əvvəlcə çaparlar meydan boyunca yürüş keçiriblər. Bunun ardınca rayonda yaşayan azsaylı xalqların nümayəndələri milli geyimlərdə qonaqları salamlayıb. Qubada yetişdirilən alma növlərinin nümayiş olunduğu avtomobillərin paradı da maraqla qarşılanıb.
Tədbirdə 6 hektar ərazidə milli adət-ənənələrimizi əks etdirən “Qədim Quba” adlanan kompozisiya nümayiş etdirilib, iştirakçılara almadan hazırlanmış müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunub. Bayram çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər əcnəbilərin diqqətini daha çox cəlb edib. Tədbirdə iştirak edən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn bayramdan məmnun qaldığını bildirərək deyib: “Quba almasının dadına baxmaq imkanı qazandım və çox bəyəndim. Olduqca dadlıdır. Rayonda möhtəşəm bayram əhval-ruhiyyəsi var”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə ikinci ildir keçirilən Alma bayramının meyvəçiliyin təbliğində xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Alma Qubanın simvoludur. Bu bayram həm də almanın satışı üçün yeni satış bazarlarını müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Alma bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirərək deyib: “Bu təkcə qubalıların deyil, həm də bütövlükdə alma yetişdirənlərin, bu meyvədən yararlananların bayramıdır”.
Bayram tədbirinə yeni istifadəyə verilmiş Yaşıl Teatrın səhnəsində tanınmış incəsənət ustalarının konsert proqramı ilə yekun vurulub.
S.ABDULLAYEVA



