|
|
|
|

Qəbələli bir gözəl var, gözəllərin gözəli...Qəbələli bir qadın var, təkrarsız, bənzərsiz, mərd xislətli, Vətən təəssübkeşli. Qəbələli bir ana var, analığın ucası... Qəbələli bir müəllim var, adı dillər əzbəri...Qəbələli bir alim var, əfəndidi, xocadı...
Qanlı-qadalı 1937-ci ildə Qəbələnin kiçik “Pasdar” məhəlləsində bir qız dünyaya göz açdı. Adını Minirə qoydular. O zaman heç kimin ağlına belə gəlməzdi ki, bu kiçik qız o illərin ağrılı-acılı ağır yükünü öz zərif çiyinlərində daşıyaraq böyüyəcək, həyatın çətin sınaq və imtahanlarından dözüm və mətanətlə çıxacaq, nəinki ata yurdu Qəbələdə, böyük vətəni Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda şöhrətli elm və ictimai xadim kimi tanınacaq!
1954-cü ildə Qutqaşen şəhər 1 saylı orta məktəbini əla qiymətlərlə bitirən Minirə Qarayeva o günləri belə xatırlayır: “Orta məktəbi başa vurduqdan sonra mənim ali təhsil almağım sual altında idi. Qutqaşen Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən atam Gülməmməd Qarayev 1938-ci ildə repressiyaya məruz qalmış, evimiz müsadirə edilmişdi. Ancaq məni yetim qoyan zamanın və siyasi sistemin acığına oxumalı idim. Daşıdığım soyadı ucaltmaq üçün yeganə arzum ziyalı kimi yetişmək, xalqına xidmət etməyim ola bilərdi”.
Minirə Gülməmməd qızı Qarayeva 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis dili Fakültəsinə daxil olub və 1959-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Hələ institutun birinci kursunda keçirilən “ingilis dilində ən gözəl tələffüzlü tələbə” müsabiqəsində qalib olub. Yüksək təqaüd – Nizami təqaüdü alıb. İkinci kursda oxuyanda Tiflisdə keçirilən Zaqafqaziya tələbələrinin elmi konfransında məruzəsinə görə fəxri fərmana layiq görülüb. Müəllimləri Əliyar Qarabağlı, Mircəlal Paşayev, Əhməd Seyidov, Əziz Əfəndizadə onda böyük gələcəyi olacağına inam yaratmışdı.
1959-cu ildə institutu bitirərkən Dövlət İmtahan Komissiyasının qərarı ilə onun diplomuna bir qayda olaraq “Orta məktəblərdə ingilis dili müəllimi ixtisası verilmişdir” cümləsi yox, “Ali məktəb müəllimi” cümləsi yazılıb və ali məktəblərdə ingilis dili müəllimi işləmək hüququ verilib. Müəllimlik fəaliyyətinə də elə doğma institutda başlayıb. Minirə Qarayeva həmişə boy-boy ucalıb, zaman-zaman gərgin axtarışları və istedadının gücü ilə Azərbaycan elmində yüksək məqama yüksəlib.
1976-cı ildə “Ara söz və cümlələrin qrammatik-intonasiya xüsusiyyətləri (eksperimental analizi)” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi aıb. 1977-ci ildə “İngilis dilinin fonetikası” kafedrasına müdir təyin edilib, elə həmin ildə də keçmiş SSRİ Ali Təhsil Nazirliyinin xətti ilə İngiltərənin Oksford Universitetinə elmi ezamiyyətə göndərilib. Kafedra müdiri işləyərkən respublikada keçirilən beynəlxalq konfransların təşkilində fəal iştirakına görə dəfələrlə Azərbaycan Ali Təhsil Nazirliyinin və institut rəhbərliyinin fəxri fərmanlarını və müxtəlif mükafatlarını alıb. 1978-ci ildə təhsil və elm sahəsindəki xidmətlərinə görə SSRİ Nazirlər Sovetinin qərarı ilə medalla təltif edilib. 1982-ci ildə isə London Universitetində elmi ezamiyyətdə olmuş, 1990-cı ildə professor adı almış, 1994-cü ildə iki böyük dünya konqresinə – İstanbulda keçirilən Balkan ölkələri dil qurultayında və ABŞ-da 43-cü Dünya Assambleyasında məruzələrlə çıxış edib.
M. Qarayeva altı kitabın və 100-dən çox elmi məqalənin müəllifidir.
Elmdən söhbət gedəndə onun tədris əhəmiyyəti önə çəkilməli, elm tədrisi tamamlamalıdır. Hər bir alimin yazdığı əsərdən təlim prosesində istifadə olunursa, tələbələr onun adını müəllimlərindən eşidirsə, o, xoşbəxt alimdir. Minirə Qarayeva o xoşbəxt alimlərdəndir ki, onu tədqiqatçılar, yeni nəsil, elm araşdırıcıları, tələbələr tanıyır, sevir, zaman-zaman dil sahəsindəki gündəmdə olan tədqiqatlarını öyrənir, ilk əsaslı tədqiqat əsəri, mənbə kimi qiymətləndirir, fikir və mülahizələrini qəbul edir, elm naminə çəkdiyi zəhməti yüksək dəyərləndirirlər. Məhz Minirə Qarayevanın müştərək yazmış olduğu “İngilis dilinin fonetikası” kitabı Azərbaycanda bu sahə üzrə ilk dərs vəsaitidir və indi də dərslik kimi istifadə olunur.
1994-cü ildə M.Qarayeva Azərbaycan Ali Təhsil Nazirliyindən ən yaxşı mütəxəssis kimi qardaş Türkiyədə dərs demək təklifini alır. Sivas Cümhuriyyət Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasında işə başlayan M.Qarayeva “İngilis dilinin fonetikası” fənnini tədris proqramına saldırır. Bu təşəbbüs universitetin rəhbərliyi və Türkiyənin Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir və ona türk tələbələri üçün “İngilis dilinin tələffüzü” adlı dərslik yazmaq təklif edilir. 1999-cu ildə Türkiyədə ikinci dəfə professor dərəcəsi alaraq həmin kafedraya rəhbərlik edir. Kafedrada müdir işlədiyi dövrdə İngilis dili Fakültəsinin nəzdində ingilis dili üzrə 6 aylıq kurs açaraq işsiz qalan alman və fransız dili müəllimlərini bu kursa cəlb edir, onlara məktəblərdə 8-ci sinfə qədər ingilis dili fənnini tədris etmək hüququ (sertifikatı) verilməsinə nail olur. 2003-cü ildə yazdığı ikinci dərslik Türkiyə Cümhuriyyət Universiteti tərəfindən nəşr edilir.
Müəllimlik müqəddəs, ülvi sənətdir. Elə bir sənətdir ki, bütün peşə və sənət sahibləri ona borcludur. Hər bir insanın orta məktəbdə, ali məktəbdə, həyatda müəllimləri olur. Ancaq onların yadda qalanları, əbədi sevilən müəllimləri az olur. Şərqin böyük mütəfəkkiri Sədi Şirazinin təbirincə desək: “Bir gün padşah oğlunun əlindən tutub mədrəsəyə gətirir və gümüş lövhənin üzərində qızıl hərflərlə bu sözləri yazır:-mən valideynlərimin nəvazişindən çox müəllimimin tələbkarlığına borcluyam”.
Şəxsiyyət bütövlüyünə, həssas qəlbə, yüksək insani keyfiyyətlərə və mədəniyyətə malik olan Minirə Qarayeva məhz belə müəllimlərdəndir. Müəllimlik sənətini uca tutan Minirə Qarayeva zəkasını, biliyini, məntiqinin gücünü sevimli tələbələrindən heç vaxt əsirgəməyib. Yaxşı oxuyan tələbələrinə xüsusi diqqət yetirib, kasıb tələbələri təqaüdə saldırıb, bir neçə tələbəyə özü yardım göstərib. Tələbələri, aspirantları, həmkarları, onu tanıyanlar tərəfindən həmişə sevilib.
Hər tələbə müəllim ömrünün silinməz bir səhifəsidir. İllər keçdikcə, zaman dəyişdikcə o səhifələr şirin bir xatirə kimi keçmişə çevrilir və zamanın axarında “itirilən”, yaddan çıxan ömrün qayğılı, bəzən də qayğısız anları o səhifələrdə tapılır. Onda ömür daha da bütövləşir, məzmunlu və mənalı olur. Minirə Qarayeva o xoşbəxt müəllimlərdəndir ki, ömrünün 50 ildən çoxunu Azərbaycan və Türkiyə universitetlərində gənc nəslin yetişməsinə həsr edib, müqəddəs müəllimlik şərəfilə baş-başa yaşayıb.
Türkiyədə işləyərkən tələbələrinin onun haqqında yazdıqlarını indi də saxlayır: “Dünyanın ən yaxşı hocası (müəllimi), ən mələk anası”. Hər iki ölkədə (Azərbaycan və Türkiyə) yetişdirdiyi tələbələri arasında alimlər, yüksək vəzifəli məmurlar, diplomatlar, tərcüməçilər var. Dərs verdiyi tələbələrinin çoxu sevimli müəllimlərini indi də unutmur, onunla əlaqə saxlayırlar.
Minirə Qarayeva doğma vətəni Azərbaycanı, öz xalqını dərin məhəbbətlə sevən ziyalılarımızdandır. 2008-ci ilin aprelində Liviyada “Sülh şəraitində təhsil” mövzusunda beynəlxalq konfransda dünyadakı mövcud 20 münaqişə ocağının olduğu qeyd edilərkən Azərbaycanın adının bu münaqişə ocaqları sırasında çəkilməməsi onun kəskin etirazına səbəb olmuş, ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş vəhşiliklər barədə çıxış etmiş, çıxışının mətnini yazılı şəkildə konfrans iştirakçılarına paylamışdır.
Professor Minirə Qarayeva Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Krallığı, İtaliya, Almaniya, Türkiyə, Yunanıstan, Kipr, Hindistan, Liviya, İordaniya, Misir, Gürcüstan, Rusiya, Ukrayna və s. ölkələrin müxtəlif beynəlxalq simpozium, konfranslarında məruzələrlə çıxış edərək, çoxsaylı ölkələrin elm mərkəzlərində olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanıb və bu ölkələrin alimləri ilə elmi əlaqələr yaradıb. O, Beynəlxalq Sülh Federasiyasının “Sülh səfiri” diplomuna, XX əsrin qabaqcıl elm adamı kimi İngiltərənin “Şərəf diplomu”na, 2003-cü ildə “Ən yaxşı pedaqoq” adına layiq görülüb.
Minirə xanım Vətənə yüksək xidmət göstərən iki oğul övladı yetişdirmiş anadır. Böyük oğlu Eldəniz Abbaslı fəlsəfə doktoru, jurnalist, Avrasiya Yazarlar Birliyinin üzvüdür. Vətənimizin ağır günlərində könüllü olaraq Qarabağ uğrundakı döyüşlərdə iştirak edib, ağır yaralanıb. III dərəcəli Qarabağ əlili, Prezident təqaüdçüsüdür. Kiçik oğlu Pərviz Abbaslı diplomatdır. Hindistanda Dehli Yeni Dünya Diplomatiya İnstitutunu bitirib.
Bu gün Minirə Qarayeva müəllimlik fəaliyyətini davam etdirməsə də, “Xoş niyyət” Xeyriyyə İctimai Birliyinin prezidentidir. Mədəniyyətlərarası dialoqda Qarabağ həqiqətləri ilə bağlı Azərbaycan ziyalı qadınlarının mövqeyini dünya ictimaiyyətinə çatdırmaq sahəsində fəal iş aparır. Q, 50-yə yaxın ölkənin qadın və uşaq hüquqları cəmiyyətləri ilə əlaqə saxlayır, konfranslara dəvət olunur. Həmin ölkələrdəki bir çox qadın cəmiyyətlərinin, o cümlədən Bəhreyn Qadın Hərəkatının, Dünya Parlament Assosiasiyasının, Dünya Birliyi və “Sülh şəraitində təhsil” Cəmiyyətinin üzvüdür. Bu yaxınlarda isə mərkəzi ofisi ABŞ-da olan Dünya Konstitusiya Parlament Assosiasiyasının Azərbaycan üzrə təmsilçisi seçilib. Bu təşkilatın əsas məqsədi dünyada sabitliyi qorumaq, qadın və uşaq hüquqlarını müdafiə etmək, gənclərin sülh şəraitində təhsil almalarını və xoşbəxt gələcəklərini təmin etməkdir. Bu xeyirxah işlərində Minirə Qarayevaya cansağlığı, uzun ömür, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Teymur Bünyadov
akademik, əməkdar elm xadimi
Solmaz Məhərrəmova
tarix elmləri doktoru, əməkdar mədəniyyət işçisi



