
Siyəzən rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşəbbüsü və maddi-mənəvi dəstəyi ilə çap olunan rüblük ictimai, ədəbi-bədii, publisistik dərgi nəşrə başlayıb. "Beşbarmaq" adlanan nəşrin tərtibçisi və baş redaktoru tanınmış yazıçı Aydın Tağıyevdir.
"Xalidoğlu" nəşriyyatında işıq üzü görən dərginin ilk sayı Ümumilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ədəbiyyat və ədəbiyyat xadimləriylə bağlı fikirləriylə açılır.
Bu fikirləri Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun təbrik sözləri davam etdirir.
Nəşrdə oxucular Ələkbər Salahzadənin "Beşbarmaq dağı" şeirini, Rafiq Yarıyevin "Heydər Əliyev fenomeni və Siyəzən" məqaləsini oxuyacaqlar.
"Tarixlər yaşıdı cavan Siyəzən", "Xızr-Zində Piri, yaxud "Beşbarmaq" dağı əfsanəsi", "Laçın kimi bir qıy vurram havada" məqalələri, Nəcməddin Mürvətovun Siyəzəndə keçirilmiş IX Şairlər günündən reportajı, şair Məryəm Həsənova haqqında "Mən belə dərd ilə ölə bilmirəm..." təqdimat yazısı və şairin "Dərələr" şeiri də toplunun növbəti səhifələrindədir.
Həmçinin, dərgidə "Dübrar" ədəbi məclisi Nəcməddin Mürvətov, Reyhan Muradova, Firdovsi Ələmoğlu (Hacısoy), Vaqif Tacı Ələzi, Çingiz, Sədaqət, Nailə Cavad, Meyvə Allahyarqızı, İsmayıl Sədanlı, Qəzənfər Nəcəfov, Əsgər Zülfüqarlının (Talıbov) şeirlərini təqdim edir.
Siyəzənli rəssam Rasim Məmmədov haqqında "Qəhrəmanlıqdır yaşamaq" məqaləsi də oxucuların marağına səbəb olacaqdır.
Dərginin ilk qonağı "Şabran" ədəbi məclisidir. Bu rubrikada Ay Bəniz Əliyar, Qafar Süleyman, Zakir Bayramlı, Təvəkkül Kərim, Sabir Zöhramlı, Güləli Bağban, Ənvər Zeynaloğlu, Qurban Məmmədov, Arzu Məmmədli, Ramilə Davudovanın şeirləri yer alıb.
Uşaqlara həsr olunmuş rubrikada Ay Bəniz Əliyar, Novruz Bəhruz, Bayram Novruzun şeirləri çap olunub.
"Beşbarmaq"ın ikinci sayının redaktoru İlyas İlyasovdur. Burada Ağasəfa Xızının "Ağ qarın üstündə qızaran güllər", Füzuli Hacıyevin "Beşbarmaq, yoxsa...", Aydın Tağıyevin "Vaxtsız itirilmiş dünya", Əjdər Olun "Yazıçı Namiq Abdullayevin axırı" (hekayə-portret), Reyhan Muradovanın "Tanınmış alim, hüquqşünas" yazıları, şair Rasim Daşzərli haqqında "Gedən hazırlaşır təkrar gəlməyə..." adlı esse yer alıb.
Bu sayda da oxucular "Dübrar" ədəbi məclisinin üzvlərinin şeirlərini oxuyacaqlar.
"Beşbarmaq"ın budəfəki şeirli, sözlü qonaqları Ramiz Qusarçaylı, Ay Bəniz Əliyar, Mehrəli Qulu, Rəfayıl Laçınlıdır.
Dərginin ikinci sayı "Qanadlı sözlər" ifadəsinin tarixçəsiylə bağlı yazı ilə tamamlanır.
Şahanə MÜŞFİQ



