|
|
|
|
Ötən gün "Hizbullah" lideri Şeyx Həssən Nəsrullah İsraildə vurulmuş pilotsuz təyyarənin Livana məxsus olduğunu təsdiqləyib. "Hizbullah" lideri bunun qrup tərəfindən həyata keçirilən son əməliyyat olmayacağını xəbərdar edib. Xatırladaq ki, həftə əvvəlində, İsrail hava qüvvələri Dimona nüvə reaktoru yaxınlığında kəşfiyyat uçuşu yerinə yetirin pilotsuz təyyarəni vurub.Hadisə beynəlxalq ictimaiyyət və mediada kifayət qədər söz-söhbətlərə yol açıb. İsrail hava qüvvələri pilotsuz təyyarəni zərərsizləşdirə bilsə də, onun vaxtında aşkar olunmaması və nüvə reaktorunun yaxınlığından uçması, İran və "Hizbullah"a bir növ psixoloji üstünlük vermiş olub. İnsidentdən sonra, rəsmi Tel-Əviv pilotsuz təyyarənin İran və ya Livandan göndərilməsi ehtimalını irəli sürmüşdü. Məsuliyyəti "Hizbullah"ın üzərinə götürən Şeyx Nəsrullah pilotsuz təyyarənin İsrail üzərindən uçuşunu tarixi nailiyyət kimi dəyərləndirib.
“Pilotsuz təyyarə Rusiyada istehsal olunmayıb. O İranda hazırlansa da, "Hizbullah" üzvləri tərəfindən yığılıb.Hesab edirəm ki, Livan xalqı belə ağıllı gənclərinin olması ilə fəxr etməlidir.Üstəlik müqavimət hərəkatının tarixində ilk dəfədir ki, belə bir təyyarə Fələstin ərazilərinin dərinliklərinə o cümlədən işğal olunmuş cənubi Fələstin torpaqlarına və həssas ərazilərə uçub”, - deyə Hizbullah lideri Şeyx Həsən Nəsrullah bildirib.
Dini lider pilotsuz təyyarənin xüsusi kurs üzrə hərəkət etdiyini və Dimona reaktoruna çatmaqla, İsrailin bütün təhlükəsizlik tədbirlərini alt-üst etdiyini qeyd edib. Şeyx Nəsrullah qrupa məxsus p-təyyarənin partlayıcı daşımaq və İsrailə zərbələr endirmək iqtidarında olduğunu nəzərə çatdırıb.
Rəsmi Tel Əviv isə bunu İsrail ordusunun iflasından çox, "Hizbullah" hava müdaxiləsinin uğurla şəkildə əngəllənməsi kimi qələmə verib. Dünən cənubi İsrailə səfər edən baş nazir Benyamin Netanyahu ölkəsinin sərhədləri qorumaqda qətiyyətli olduğunu vurğulayıb. (ANS Press)