Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin hazırda təşviqat prosesi davam edir.
Bundan əvvəl seçki qanunvericiliyindən irəli gələn digər proseslər həyata keçirilib. Namizədlərin qeydə alınması prosesi çox müsbət şəkildə aparılıb. MSK tərəfindən müraciətlərin araşdırılmasında və müvafiq qərarların verilməsində qanunun tələblərinə tam olaraq əməl edilib. Hazırda ölkədə indiyə qədər keçirilən parlament seçkilərində müşahidə edilməyən bir mənzərə, siyasi aktivlik var. Rekord sayda şəxs deputatlığa namizədliyi irəli sürərək, seçki prosesinə qoşulub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatında da bu mərhələ müsbət qiymətləndirilib. Hesabatda vurğulanıb ki, parlament seçkilərində iştirak etmək istəyən şəxslərin böyük əksəriyyətinin namizədliyi qeydə alınıb: "Ümumiyyətlə, 1,637 nəfər qeydiyyata alınıb, onlardan da 83 faizi (1,357) öz namizədliyini irəli sürən şəxslərdir. On doqquz siyasi partiya tərəfindən 272 şəxsin namizədliyi irəli sürülüb ki, bunların arasında ən çox yeri YAP (122), ardınca Müsavat (25) və Ümid (21) partiyaları alıb".
Hesabatda vurğulanıb ki, namizədliyi irəli sürülən şəxslərin və onların nümayəndələrinin DSK-larda namizədliklərinin qeydiyyatı müzakirə olunduğu və qərar verildiyi iclaslara dəvət olunması müsbət haldır. Qeydə alınan namizədlərin təxmini 22 faizi qadınlardır. Qadınların namizədliklərini irəli sürmək üçün heç bir qanuni tələb yoxdur. 24 yanvar tarixinə 239 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb. Geri götürmələrin əksəriyyəti dövlət sektorunda çalışan və namizədliyi özü tərəfindən irəli sürülən namizədlərdir. Qanunla namizədlər seçki gününə 10 gün qalmış namizədliyi geri götürə bilərlər".
Lakin əfsuslar olsun ki, bəzi qaraguruhçuluğu özünə həyat tərzi seçən radikal müxalifət hər zaman olduğu kimi, indi də seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq xislətindən əl çəkmir. Parlament seçkilərə qatılan bəzi siyasi partiyalar, xüsusən də Müsavat və REAL partiyası təmsilçiləri təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və sair iddialar daxildir. Ancaq bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları heç bir faktlara əsaslanmır, sadəcə mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür. Bir qədər əvvəl vurğuladığımız kimi, belə faktlar müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək problemin aradan qaldırılması üçün ən optimal variantdır.
Digər tərəfdən, bu da bir reallıqdır ki, heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və digər pozuntular və neqativ hallar müşahidə olunur. Hətta ən inkişaf etmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə, bu kimi faktlar kifayət qədərdir. İnternet resurslardan yararlanıb kiçik bir axtarış etsək, bu barədə yüzlərlə materiala, fakta rast gəlmək mümkündür. Bütün bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycanda seçkiqabağı vəziyyət qənaətbəxşdir. Cəmiyyət, o cümlədən, siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar tərəfindən bu, müsbət qiymətləndirilir. Qaraguruhçular istisna olmaqla, vətəndaşlar tərəfindən seçkinin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır.
Mövzu ilə bağlı fikirlərini bildirən siyasi ekspert Mais Səfərli deyib ki, bu gün ölkədə mövcud olan seçki mühiti əvvəlkilərdən də xeyli irəli gedib və normal şərait yaradılıb: "Sadəcə olaraq bu bəyanatı yayanlar radikal müxalifətə aid olan şəxslərdir. Təbii ki, bu da hər kəsə aydındır. Çünki onlar heç vaxt cəmiyyətdə heç bir şeyi qəbul etməyiblər. Onlar həmişə ağa qara deyiblər və görünən işlərə ləkə yaxıblar. Yəni mən onlardan doğru-düzgün heç bir açıqlama, bəyanat gözləmirəm. Onlar seçki prosesinə qatılanda və bu proses irəlilədikcə görürlər ki, bunların gücü və dəstəkçiləri yoxdur. Hətta təbliğat-təşviqat kampaniyasında, görüşlərdə görürlər ki, Yeni Azərbaycan Partiyasının və bir sıra digər bitərəflərin kampaniyası kimi bunların kampaniyası normal getmir. Yəni onlara seçicilər maraq göstərmir və görüşlərə gələn olmur. Sadəcə olaraq bunlar məhlə-məhlə gəzirlər, 3-5 adamın diqqətini cəlb edərək şəkillər çəkdirirlər. Əslində, heç bu, seçki kampaniyası belə deyil. Bu mənada onlar özlərini məğlubiyyətdən sığortalamaq üçün bu səpkili bəyanatlar verirlər".
Digər tərəfdən ekspert düşünür ki, radikal müxalifət hər zaman Azərbaycanı istəməyən bəzi beynəlxalq təşkilatlardakı dairələrin diqqətini cəlb etmək üçün ölkəmizdəki prosesləri neqativ bir rəngdə göstərməyə çalışır, bəyanatlarında Azərbaycanda guya insan haqlarının pozulması, demokratiyanın az olması ilə bağlı fikirlər səsləndiriblər:
"Təbii ki, bu da Azərbaycan xalqının maraqlarına uyğun deyil. Düşünürəm ki, onlar bu illər ərzində necə fəaliyyət göstərirlərsə, normal bir seçki kampaniyası da apara bilmirlər. Bunun da yalnız bir səbəbi var, o da onlar heç vaxt öz sıralarında islahatlar aparmayıblar, yenilənməyiblər".
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə deyib ki, ümumiyyətlə, seçici pozuntuları radikal müxalifət nümayəndələrinin özləri tərəfindən edilir: "Onlar ya provikasiyaya əl atırlar, ya da görüşlər keçirmək əvəzinə qanun pozuntusuna yol verirlər və s. Hesab edirəm ki, müxalifət nümayəndələrinin belə qarayaxma kampaniyası seçkidə məğlubiyyətinə indidən haqq qazandırmaq məqsədi daşıyır. Bir qrup müxalifət siyasi təşkilatları seçkiyə ümumiyyətlə qoşulmadılar. Qoşulanların da böyük əksəriyyəti təbliğat aparmaq əvəzinə, bu cür böhtanlar yaymağa üstünlük verirlər. Amma bununla belə seçkiyə qoşulanlar arasında mübarizə və seçici kimin ona daha yaxın olduğunu, kimin real iş gördüyünü əvvəldən hiss edir. Bu baxımdan müxalifət nümayəndələrinin belə bəyanatlarını cəmiyyətdə heç kim dəstəkləməyəcək".
AZAD