Avropada koronavirus infeksiyasının ən sürətlə yayıldığı ölkələrdən biri İsveçrə Konfederasiyasıdır. İtaliyadan sonra virusun ən yüksək artım tempinə malik İsveçrədə hər 3,8 gündən bir yoluxanların sayı iki dəfə artır.
AZƏRTAC xəbər verir ki, martın 19-dək bu ölkədə koronavirusa yoluxanların sayı 4840 nəfərə çatıb, 43 nəfər infeksiyadan həyatını itirib. İsveçrədə hər 100 min nəfər əhaliyə 47 yoluxma halı düşür və hazırda yalnız İtaliyada yoluxma halı (100 min nəfərə 68 yoluxma halı) bu göstəricidən yüksəkdir.
İsveçrədə yoluxma hallarının sürətlə artımı Şimali İtaliya ilə iqtisadi və sosial bağların sıx olması ilə izah olunur. İsveçrənin səhiyyə və ahıllara xidmət sektorunda Şimali İtaliyadan 68 min nəfər çalışır və onların mütləq əksəriyyəti gündəlik olaraq işlə əlaqədar sərhəddi keçirlər. Virusun İtaliyada yayıldığı ilk dövrdə İsveçrə hökumətinin sərhədləri bağlamaqda uzun müddət tərəddüd etməsi səhiyyə və sosial təminat sistemindəki boşluq yaranacağından çəkinmə ilə bağlı idi. Hazırkı vəziyyət isə İsveçrədə yoluxma hallarının artacağını göstərir.
Artıq ölkədə fövqəladə vəziyyət elan edən İsveçrə hökuməti iqtisadiyyata dəstək və koronavirusa qarşı mübarizə məqsədilə 40 milyard İsveçrə frankı həcmində yardım paketi barədə qərar qəbul edib.