
“Bizdə bəzi telekanallar var ki, bunlar ucuz sensasiya dalınca qaçmaq, belə demək mümkünsə, qaşınmayan yerdən qan çıxarmaq, insan taleləri əsasında verilişlər qurub, insanları aşağılamaq, bütövlükdə isə Azərbaycan xalqının təmiz adına ləkə gətirəcək, bizim milli-mənəvi dəyərlərimizə sığmayacaq təsadüfi hadisələri ümumiləşdirilmiş şəkildə verilişlərə çıxarmaqla məşğuldurlar”. Bunu “525”-ə açıqlamasında Milli Məclisin (MM) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov dilə gətirib.
Millət vəkilinin dediyinə görə, həmin telekanallar belə təsəvvür yaratmaq istəyirlər ki, bunlar guya insan talelərinin qoruyucularıdırlar, bunlar guya mənəviyyat müdafiəçisidirlər.
B.Sadıqovun fikrincə, amma bütövlükdə həmin telekanallardakı verilişlərə baxıb yekununda görürsən ki, bunlar ancaq efiri doldurmaq, süni şəkildə ucuz sensasiya ilə diqqət cəlb etmək yolunu tutublar.
Millət vəkili qeyd edib ki, çünki artıq bu kanallar özlərinin ciddi, ağıllı tamaşaçılarını itiriblər:
“Ona görə də bu verilişlər daha çox mətbəxdə oturan qadınlara ünvanlanmış verilişlərdir. Amma bu verilişlər, yenə deyirəm, çox təəssüf ki, insanların şəxsiyyət və ləyaqətinə toxunan verilişlərdir. Bilirsiniz, insanın şəxsi həyatı toxunulmazdır.
Biz Konstitusiyamıza da referendum yolu ilə dəyişiklik etdik, ancaq bunlar yenə də şəxsi həyatları müzakirə obyektinə çeviriblər, ayrı-ayrı insanları aldadıb gətirirlər o verilişlərə.
O insanlar da bilmirlər ki, söhbət nədən, necə gedir və onların şəxsi həyatı ilə bağlı ən dəruni məsələləri götürüb ictimai şəkildə müzakirə edirlər. Bunlar azmış kimi, hələ bir orada məhkəmə qururlar, orda ekspertiza təşkil edirlər. Hərə də bir söz deyir. Axı, həmin insanları tanıyanlar, qohum-əqrəba var... Axı, Azərbaycan elə də böyük ölkə deyil ki?! Və sonra da bu insanları sındırırlar.
Bəzən də bu insanlar sonradan qınaq hədəfi , gülüş hədəfi olurlar. Belə şeylərə getmək olmaz. Mən də öz mətbu yazılarımda, çıxışlarımda bunlara etiraz edirəm ki, hər təsadüfi hadisə televiziya kanalına - verilişə çıxmalı deyil. O hadisələr çıxmalıdır ki, onlar böyük mahiyyət kəsb etsin...
Belə hadisələr çoxdur, tipik xarakterli hadisələrdir. Bunlar isə təsadüflər əsasında həm millətimizi, həm dəyərlərimizi aşağılayırlar, həm də ayrı-ayrı insanları, belə desək, xoşagəlməyən müzakirələrin predmetinə çevirirlər. Təbii ki, bunlara da ciddi təpkilər olmalıdır”.
Baş yazarın eyni zamanda bildirdiyinə görə, hər bir televiziya özəldir və hər birinin də müstəqil proqram siyasəti var.
“Ona dövlətin və kiminsə müdaxilə etməyə səlahiyyəti yoxdur. Amma ayrı-ayrı insanlar-məsələn, tanınmış insanlar ki, - hətta, aralarında millət vəkilləri var- onlar gərək belə verilişlərə getməyələr. Çünki onlar bu cür tanınmışları dəvət etməklə verilişi matağa mindirmək istəyirlər. Sonra hüquqşünaslar var, hüquqdan başları çıxmır və ancaq gedib orada “şərhlər” verirlər.
Onlar-tanınmışlar həmin adamlara demirlər ki, sənin bunu müzakirə etmək səlahiyyətin yoxdur. Sən kimsən ki, məhkəmə qurursan? Sən kimsən ki, şahid dindirirsən? Sən kimsən ki, qərar qəbul edirsən? Sən kimsən ki, ekspertiza keçirirsən? Sonra da ekspertizanın nəticəsini tanımırsan?!
Yəni, heç olmasa, bu cür insanlar ora getməli, onlara bu yolla dəstək verməli deyillər. Həmçinin, yenə də təkrar edirəm, ictimaiyyətin bunlara ciddi etirazı olmalıdır. Ciddi qınaq olmalıdır ki, axı, bu xalqdan, bu millətdən nə istəyirsən? Niyə bütün verilişlərində aşağılamalısan?
Hanı mənim şəhid anam, qeyrətli şəhid anam? Əri ölüb, uşaqları böyüdüb boya-başa çatdırıb, dövlətin köməyi ilə, minbir zillətlə, əziyyətlə təhsilini də verib, evləndirib. Hanı mənim əsgər balam? Hanı mənim zabitim? Niyə mavi ekranın qəhrəmanı deyil? Niyə mənfilik axtarırsınız? Niyə pislik axtarırsınız? Niyə bəd xəbər axtarırsınız? Bu, nə? Burada yaradıcılıqdan söhbət getmir. Yenə deyirəm, ucuz sensasiya yaratmaq, insanları aşağılamaqdır bunlar...”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu



