|
|
|
|
UNEC-90
Əsası 1930-cu ildə qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90 illik yubileyini qeyd edir. Bu illər ərzində sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislər yetişdirmiş UNEC, ölkədə iqtisadi inkişafın əsas beyin mərkəzlərindən birinə çevrilib. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ulu Öndər Heydər Əliyevin bu ali təhsil ocağı haqqında biri-birindən dəyərli fikirlərlə çıxış etməsi dediklərimizin bariz nümunəsidir. Qürurvericidir ki, Ulu Öndərin UNEC-ə olan qayğıkeş münasibəti ölkə başçısı cənab İlham Əliyevin də təhsil siyasətində özünü yüksək formada büruzə verir.
90 illik zəngin təcrübəyə malik UNEC-də dövlət başçısının xüsusi diqqət və qayğısı ilə elmi tədqiqatların milli iqtisadiyyatın problemləri ilə əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür, ölkənin iqtisadi uğurlarında UNEC məzunlarının, elmi-tədqiqat mərkəzlərinin, alim və professor heyətinin payı günü-gündən artır. Qeyd etmək yerinə düşər ki, hazırda universitetimizdə 81 elmlər doktoru, 465 fəlsəfə doktoru, o cümlədən 1 akademik, 80 professor və 335 dosent fəaliyyət göstərir. Universitetdə elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi, UNEC-in tədqiqat yönümlü universitetə çevrilmə istiqamətindəki səyləri sayəsində professor-müəllim heyətinin "Web of Science" bazasına daxil olan elmi əsərlərinin sayında ilbəil ciddi artım qeydə alınır. UNEC-də təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, Elektron Universitet Modelinin yaradılması, universitetin tədqiqat yönümlü universitetə çevrilməsi, "təhsil-tədqiqat-innovasiya" formatında inkişafın təmin edilməsi bilavasitə tədrisin və elmi tədqiqat fəaliyyətinin informasiya-resurs təminatından asılıdır.
Məlumat üçün qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu 1930-cu ildən başlayaraq universitetdə kitabxana da fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana da fəaliyyətini dayandırmalı olub, fonduna böyük zərər dəyib. Sonradan kitabxananın fəaliyyəti 1966-cı ildən bərpa edilmiş və Əsaslı kitabxana kimi işini davam etdirib. 15 aprel 2019-cu il tarixindən etibarən Əsaslı kitabxananın bazasında UNEC Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılıb.
Mərkəzin strukturuna Əsaslı kitabxana, 24/7 kitabxana, 1 saylı, 2 saylı, 4 saylı tədris binalarının kitabxanaları daxildir. UNEC KİM ümumilikdə, 80 166 nüsxə Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzimizin fondunda görkəmli iqtisadçı alimlərin, UNEC professor-müəllim heyətinin iqtisadiyyatın müxtəlif sahələrinə dair kitabları da yer alır.
UNEC rektoru, professor Ə.Muradov, professor Y.Həsənli və dosent N.Hacıyevin 2019-cu ildə "Springer" nəşriyyatında çap edilmiş "World Market Price of Oil: Impactıng Factors and Forecastıng" kitabı, eləcə də professor .Ələkbərov və professor T.Quliyevin "Anatomiə qlobalğnoqo gkonomiçeskoqo krizisa", "Gkonomiçeskaə loqika", P.Səmədovun "Hazar denizi hidropolitiği. Türkiye Azərbaycan Gürcüstan ilişkileri", kollektiv müəlliflər tərəfindən nəşr edilmiş "Naloqi i naloqooblojenie v Azerbaydjane", "Osnovı gkonomiki truda", "Upravlenie çeloveçeskimi resursami", "Teoriə gkonomiçeskoqo analiza" və digər kitablar UNEC alimlərinin müxtəlif xarici dillərdə çap edilmiş əsərləridir.
Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində UNEC professor-müəllim heyəti mühüm işlər görür, təhsilalanlara və professor-müəllim heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradır. Bu tərcümə nəşrlərindən Tədris və təlim texnologiyaları üzrə prorektor Anar Rzayevin tərcüməsi və UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun elmi redaktəsi ilə "Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili" (Hayek F.A.), dosent Anar Rzayevin tərcüməsi və redaktəsi ilə "Geoiqtisadiyyat" (İ.P. Çyornaya), "Geoiqtisadiyyat. Dunya iqtisadi məkanının mənimsənilməsi" (E.Q.Koçetov), "Beynəlxalq iqtisadiyyat" kitabları, professor Ədalət Muradovun elmi redaktəsi, rektorun müşaviri, dosent Elşən Bağırzadə və Təhmasib Əlizadənin tərcüməsi ilə "Dördüncü sənaye inqilabı" (Klaus Şvab) və başqa kitabları sadalamaq olar. Kitablarla yanaşı Maliyyə və uçot, UNEC ekspert, İqtisad elmləri nəzəriyyə və praktika, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi xəbərləri, Statistika xəbərləri, Bankovskoe delo, Voprosı gkonomiki, Denğqi i kredit, Pihevaə promışlennostğ, Rossiyskiy Gkonomiçeskiy Jurnal, Finansı, Vestnik Rossiyskoqo Gkonomiçeskoqo Universiteta im.Q.V. Plexanova, Gkonomist, Gkonomiçeskiy jurnal vısşey şkolı gkonomiki, Gkspert, Gkonomika obrazovaniə, Voprosı obrazovaniə, Nauka i jiznğ, Vısşee obrazovaniə v Rossii, V mire nauki, The Economist adlı elmi jurnallar da oxucuların istifadəsinə təqdim edilir. UNEC KİM-in fondunda Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllim heyətinin namizədlik və doktorluq dissertasiyaları, onların avtoreferatları da toplanıb.
Tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri UNEC rektoru, professor Ədalət Muradovun təşəbbüsü ilə ölkə universitetləri arasında ilk dəfə olaraq 7 gün 24 saat fəaliyyət göstərən 24/7 kitabxanasının yaradılması olub. 2019-cu il ərzində fasiləsiz rejimdə xidmət göstərən 24/7 kitabxananın, eləcə də yeni təmirdən çıxmış müasir standartlara cavab verən 1 və 2 saylı kitabxanaların fəaliyyəti ilə oxucu davamiyyətində də xeyli artım olub, bu göstərici mərkəz üzrə il ərzində 147 520 nəfər təşkil edib. Bu oxuculara 49 223 nüsxə kitab, jurnal və digər resurslarla xidmət həyata keçirilmişdir. Təkcə 2020-ci ilin yanvar ayı ərzində mərkəz üzrə oxucu davamiyyəti 14980, istifadə edilmiş ədəbiyyat 630 nüsxə, elektron resurs 3678 olub. Mərkəz üzrə ümumi 400-ə yaxın oxucu yeri olan kitabxanada sürətli internetlə təmin olunmuş 75 kompyuter oxucuların istifadəsinə verilib.
UNEC Kitabxana-İnformasiya Mərkəzi universitetimizin və kitabxanamızın dəyərli nəşrlərini müxtəlif sərgi-yarmarkalarda nümayiş etdirməklə ölkənin elmi-mədəni həyatında və gənclərin mütaliə mədəniyyətinin inkişafında da fəal iştirak edir. İlk dəfə 2019-cu ildə 27-29 sentyabr tarixlərində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC KİM Dövlət İqtisad Universitetini təmsil edib.
2019-cu il UNEC-in tarixində daha bir yeniliklə yadda qalıb, 28-29 noyabr 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) respublikada ilk dəfə olaraq "Universitetlərarası I Kitabxana Forumu" təşkil edilib. Forum çərçivəsində "Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru" mövzusunda respublika elmi-praktik konfransı keçirilib, UNEC KİM-in 1 saylı kitabxanasının açılışı olub, geniş kitab sərgisi və TEAS-Press nəşriyyatı tərəfindən endirimli kitab satışı-yarmarkası təşkil edilib, UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
2020-ci ildə dünyanı ağuşuna almış koronavirus - COVID-19 infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Mövcud sosial izolyasiya və ciddi karantin rejimində UNEC, eləcə də Kitabxana-İnformasiya Mərkəzi öz fəaliyyətini onlayn rejimdə davam etdirir. Pandemiya dövründə UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları sosial şəbəkələrdə "evdə qal, oxumaqdan qalma" həştəqi altında açıq girişi olan və abunə olduğumuz bazalardan, müxtəlif kitablardan istifadə üzrə, həmçinin elm, təhsil, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət və s. sahələr üzrə maraqlı faktları diqqətə çatdırmaqla fəal paylaşımlar edir, onlayn sorğu-məlumat xidmətləri həyata keçirir, virtual sərgilər hazırlayırlar. UNEC-in təşkilatçılığı ilə may ayında "Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti" mövzusunda respublikanın aparıcı universitetlərindən kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə onlayn vebinar keçirilib. Bundan əlavə, UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitetin saytında UNEC-in professor-müəllim heyətinin, görkəmli iqtisadçı alimlərin kitablarından ibarət "90 il Azərbaycan iqtisadiyyatının xidmətində", "UNEC-in xarici nəşrlər fondu" adlı virtual sərgilər hazırlanmışdır. UNEC-in Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva tərəfindən UNEC-in feysbuk səhifəsində canlı videomüzakirə təşkil olunub, yay sessiyası ərəfəsində UNEC-in elektron kitabxanasından və beynəlxalq elektron resurslardan istifadə qaydaları ilə bağlı təhsil alanların sualları cavablandırılıb. Kitabxana resurslarının və onlayn xidmətlərin istifadəsi baxımından oxucular üçün faydalı olan bu canlı efirin videoyazısı UNEC-in saytı və başqa sosial platformaları vasitəsilə də ictimailəşdirilib. Onu da qeyd etmək yerinə düşər ki, ümumilikdə karantin dövründə bu və başqa kommunikasiya vasitələrilə 3167 oxucuya onlayn xidmət həyata keçirilib.
Bu gün UNEC KİM-də görülən işlər, reallaşdırılan yeni layihələr onu deməyə əsas verir ki, Azərbaycan elminin və iqtisadiyyatının daha da inkişafına, dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən UNEC-də keyfiyyətli informasiya mühiti formalaşdırılır, yüksək intellektli iqtisadçı kadrlarda informasiyadan istifadə səriştəsi, yeni bacarıqlar və informasiya etikası inkişaf etdirilir.UNEC-in informasiya təminatı siyasətinin vacib komponentləri kimi kitabxana-informasiya sisteminin modernləşdirilməsi, bu sahədə yüksək texnologiyaların, o cümlədən süni intellektin, 5G tipli sürətli İnternet kanallarının, müasir identifikasiya və self-servis (özünəxidmət) imkanlarının tətbiqi, beynəlxalq kitab-məlumat-təcrübə mübadiləsi və s. inkişafı üzrə yeni-yeni hədəflər və perspektivlər gözləyir.
Adilə ABDULLAYEVA
UNEC KİM-in direktoru