“Facebook” sosial şəbəkəsi məlumat emalı mərkəzlərində təhlükəsiz məlumatların saxlanılması üçün “Blu-ray” diskli sistemlərdən istifadə edəcək.
Bu barədə “Open Compute Summit” konfransında “Facebook” mühəndis xidmətinin vitse-prezidenti Cey Parih bildirib. Onun sözlərinə görə, “Blu-ray” standartlı disklərdən “soyuq” məlumat saxlancı sistemlərində istifadə sərt diskli sistemlər ilə müqayisədə xərcləri 50 faiz, enerji sərfiyyatını 80 faiz azaldacaq. Resursu 50 illik müddətə hesablanan sistemdən operativ çıxış tələb etməyən informasiyanın saxlanılması üçün istifadəsi nəzərdə tutulur.
Sosial şəbəkə mütəxəssisləri tərəfindən yaradılan sistemin prototipində bir modulda ümumi tutumu 1 petabayt təşkil edən 10 min "Blu-ray” disk var. Gələcəkdə modulun tutumunun 5 petabaytadək artırılması planlaşdırılır. “Facebook” artıq 30 petabaytlıq ilk məlumat saxlancını istismara verib, yaxın bir neçə ay ərzində isə onun tutumunu 150 petabaytadək artırmağa hazırlaşır.
Şirkətin infrastruktur üzrə direktoru Ceyson Teylorun sözlərinə görə, belə “soyuq” məlumat saxlancı sistemlərinin yayılması “Blu-ray” disklərə yenidən tələbatın artmasına və onların tutumu artırılan təkmilləşdirilmiş versiyalarının yaradılmasına səbəb ola bilər.
“Facebook” sosial şəbəkəsinin auditoriyası 1,2 milyard nəfər təşkil edir. Şəbəkənin 2013-cü ilin noyabrına olan məlumatına görə, “Facebook”un mobil servislərindən hər gün orta hesabla 507 milyon nəfər istifadə edir.