
"525-ci qəzet"in sosial şəbəkə hesabları üzərindən İkinci Vətən müharibəsinin Qələbə xəbəri münasibətilə həvəskar yazarlar üçün keçirdiyi "TARİXİ QƏLƏBƏ" adlı hekayə və şeir müsabiqəsi başa çatıb.
Belə ki, 16-26 noyabr tarixlərində qəzetin İnstagram və Feysbuk hesabları üzərindən keçirilən yarışmanın qalibləri 27 noyabr tarixində bəlli olub. Müsabiqənin şərtlərinə əsasən, ən çox bəyənmə sayı toplayan 3 iştirakçı qalib elan edilib, onlara "525-ci qəzet" adından kitab hədiyyə edilib.
Qalibləri və yarışmaya qoşulan hər bir kəsi təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik!
Müsabiqədə ən çox bəyənmə sayı toplayaraq qalib adı qazanan müəlliflərin yazılarını təqdim edirik:
***
Zülfiqar İsayev
I yer

Vətənin uğrunda canın verənlər,
Ürəyimə girib Vətən oldular.
Sinəsin gülləyə sipər edənlər,
Cənnətə birbaşa gedən oldular.
***
Qarabağ deyəndə gözü gülənlər,
Torpağı canından üstün bilənlər,
Həyatın yurduna fəda edənlər,
Şəhidlik dadını bilən oldular.
***
Dünyaya şərəflə vida edənlər,
Bizi gözüyaşlı qoyub gedənlər,
Son nəfəsində də Vətən deyənlər,
Bu şanlı tarixə düşən oldular.
Eyvaz SƏMƏDOV
II yer

Çox şükür, əməyin getmədi boşa,
Bir məğrur orduyla yeridin başa,
Bu şanlı tarixdi qayıtdı Şuşa
Zəfərin mübarək sənin, ay Vətən!
***
Gedən hər oğulla ağardı saçın,
Verilən qərarlar dərdin, əlacın,
Füzuli, Qubadlı, Cəbrayıl, Laçın
Hünərin mübarək sənin, ay Vətən!
***
Hər zəfər xəbərin şəhidlə andıq,
Baxıb ailələrə nə qədər yandıq
Kimləri itirdik, nələr qazandıq,
Hünərin mübarək sənin, ay Vətən!
***
Yazılanlar çatmaz alın tərinə,
Bu xalq fərəhlənir hər zəfərinə,
Murov, Zəngilana, Xudafərinə
Səfərin mübarək sənin, ay Vətən!
***
Həm sevinc, həm kədər, həm fərəhləndin,
Ordunla enmədi qamətin, qəddin,
Şanlı tarix yazdı qazin, şəhidin
Hünərin mübarək sənin, ay Vətən!
Reyhan MƏMMƏDOVA
III yer

Gəl, çək, qardaş, sənin şəhid olub
qazandığın qələbənin sevincini çək.
Gəl, çək, qardaş, qeyrətli
Azərbaycan əsgərinin rəşadətini çək.
Gəl, çək, qardaş, "Qarabağ Azərbaycandır" deyib nidasını qoyub tarix yazan
sərkərdəsini çək.
Azərbaycan xalqının İlhamını çək, qardaş.
Azərbaycanın adını dünyaya tanıdan
İlham Heydər oğlunu çək, qardaş, gəl, çək.



