Gözlərinin küncündə bir damla yaş var... dupduru... Doğulduğu, sularının güzgüsündə saçlarını daradığı, bulaqlarından su gətirəndə ömür-gün yoldaşını görüb sevdiyi, gəlin köçdüyü, ana olduğu yurdu-yuvası yağmalananda, ev-eşiyindən didərgin düşəndə gözündən çıxan acı yaş eləcə donub qalmışdı. Yanağına süzülməmiş, əllər onu silməmişdi. Yurdsuz illərində çox ağlamışdı. O göz yaşlarını yığsaydın, bəlkə də dərya olardı. Amma qəlbinə axıtmışdı. O damcıların səsini yalnız özü eşitmişdi...
Bu illərdə yuxularında ancaq o dağı, bir də o meşəni görərdi. Süsən dağını, Süsən meşəsini... Dünyaca məşhur çayqırağı çinarlar arasında dolaşar, dağın ətəyində dayanıb zirvəsinə baxardı. Və nə hikmətdisə yamyaşıl-Süsən rəngli, Süsən ətirli, çinar boylu olardı o yuxular.
Gördüklərinin yuxu olduğunu hiss edincə gözlərini açmaq, o çinarlardan, o dağlardan ayrılmaq istəməzdi. Həmin günü xəyal kimi dolaşar, gecələr tez yatar, yurdunu, ev-eşiyini yuxusuna çağırardı. Tanış hisslərdi, eləmi?.. Yox, min məhəbbətlə tikdiyi evi-eşiyi əlindən alınan, qapıda qoyub gəldiyi qoyun-quzunun, toyuq-cücənin, ipdə asılı qalan pal-paltarın, ağzı açıq qalmış su quyusunun, ocağın üstündə qaynamağa qoyulmuş o südün ətrinin, həyət-bacada eşidilən əzizlərinin səsinin həsrətini çəkənlər yaşar bu hissləri.
Deyir, yurdumun bir səhər havasını, qoyun quzunun yanından nazla ötüşünü, səhər samovarının ev adamlarını süfrəyə çağırmasını min şəhərə dəyişmərəm... Zəngilan sakini Qəmər nənə...
Erməni mənfurlar Zəngilanı işğal edəndən ayrı düşdüyü Süsən dağlı, qoca çinarlı yurdunu sevgili kimi gözlədi Qəmər ana. İtkin düşən, əsir alınan, səsi çatmayan, ünü yetməyən, amma bütün günü içində onunla danışan, onunla dərdləşən sevgili kimi. Əri müharibəyə getmiş, bir parça kağızı belə gəlməmiş gəlinlər kimi. Zindana atılan, amma təslim olmayan bəyzadə xatunu kimi. Sədaqətlə, sevə-sevə gözlədi... Balaları da yanındaydı, hərəsi bir budaq nəvələri də, hərəsi bir dünya nəticələri də. Başına dolanar, nazını çəkər, hər şeyin ən yaxşısını nənələri Qəmər ana üçün düzüb-qoşardılar və gözləri üzlərində qalardı. Onların: "Bir istəyin varmı" sualına, "yox, canınızın sağlığı" cavabını verər, dolmuş gözlərini dolandırıb ürəyində pıçıldardı: "İstəyim... istəyim Zəngilandı..."
Deyirlər ki, çox nazlı-tozlu olub Qəmər nənə. Elə qız vaxtlarından, ata evindən. Ər evində də bu nazəndəliyi yar-yoldaşı qoruyub saxlayıb. Şahbəyim edib onu. Dağ kimi arxasında dayanıb qəm-qüssə çəkməyə qoymayıb. Zəngilanın işğalına qədər gözlərinin içi gülüb həmişə Qəmər nənənin. Sonra... YURD HƏSRƏTİ... ZƏNGİLAN NİSGİLİ..
... Və düz 27 il - düz bir igidin ömrü Qəmər nənə gündə yüz dəfə "qoyun-quzu bəzəkli dərələrin" boy-buxununa canını qurban dedi, "Sizlər yadıma düşəndə ürəyim qubar eləyir" söylədi...
Qarabağda Vətən müharibəsi başlananda Qəmər nənə günlərlə özünə yer tapmadı. Həm cəbhədə olanı, döyüşün ən qaynar yerində vuruşanı vardı, həm də illərdi gözü yolda qalan Zəngilanı və ora qayıtmaq həsrəti... Elə bu həsrət yaşatmışdı onu. 92 yaşına çatdırmış, nə vaxtsa bir mübarək gündə doğma torpağına qayıdacağı inamı onu qürurlu saxlamışdı, səsinin şaxını sındırmamışdı.
Günlərlə ekranın qarşısından çəkilmədi. Ali Baş Komandana, əsgərlərimizə dərya suları, ağac yarpaqları, səhra qumları qədər dualar elədi və hər dəfə Ali Baş Komandan xalqa azad olunmuş ərazilərimizin müjdəsini verəndə gözlərinin küncündə o bir damla yaş göründü, səsi titrədi: "Gözlərinin, yumruğunun qadasın alım, Prezident! Zəngilanı de, Zəngilanı..."
Zəngilanın işğaldan azad olunduğu gün qəribə hadisə baş vermişdi... Qəmər nənə illərdi qoruyub saxladığı allı-güllü şalını başına salmış, evdəkilərin təəccüb dolu baxışlarına "bu gün Zəngilanımın müjdəsi olacaq, yuxusunu görmüşəm... Görmüşəm ki, evimizin yanındakı dərə vardı ha, bax o dərənin başında atlar düzülüb, hamısı da mənə baxır" demişdi.
Və həmin günün axşamı Qəmər ananın yuxusu çin çıxmış, Ali Baş Komandan işğaldan azad edilmiş Zəngilanın adını çəkəndə evdəkilərin sevinc göz yaşları bir-birinə qarışanda, həyəcandan nəfəs kəsiləndə dilindən bədahətən bir bayatı süzülmüşdü, sinədən demişdi...
Qarabağ deyir:
Əzizim tar çalana,
Tarı ver tarçalana.
Bizi didərgin salanın
Ürəyi parçalana.
Son misranı dəfələrlə təkrar etmiş, sanki illərdi yanan könlünü soyutmuşdu: "Ürəyi parçalana... ürəyi parçalana..."
Və bir niyyətini elə o gecə balalarına açıb demişdi: "Gedəcəm Zəngilana, orda 92 yaşımı keçirəcəm..."
Az qalıb, çox az qalıb Qəmər nənənin Zəngilanına - sevgilisinə qovuşmağına. Gedəcək yurduna, gəzəcək qarış-qarış. Südü ocağın üstündən götürəcək, paltarı ipdən, su quyusunun ağzını örtəcək, yanında olan və cəbhədən gələn balalarını başına yığıb bir ad günü düzənləyəcək. Çal-çağırlı, toy-büsatlı.
O ad gününə mütləq bir tarzən çağırılacaq, halay qurulacaq, yallı gediləcək. Başına allı-güllü şalını salmış Qəmər nənə halayın ortasına dəvət olunanda nazəndə xatun ədasıyla sevgili Zəngilanının dağına-dərəsinə baxıb tarzənə tərəf dönüb pıçıldayacaq:
Əzizim, tar çalana.
Tarı ver tarçalana.
Dağlar, gözünüz aydın,
Gəlmişəm Zəngilana.
Və gözlərinin küncündə yenə bir cüt yaş görünəcək, bu dəfə yurd dadlı, bu dəfə sevinc yaşı.
BƏRGÜŞAD