|
|
|
|

GÜZƏŞTLİ KREDİTLƏR BÖLGƏLƏRDƏKİ SAHİBKARLARIN ƏSAS ÜMİD YERİDİR
Azərbaycanda ötən 10 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 10 ildə ölkədə qeyri-neft sektorunda artım 2,5 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 10 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
1 milyard 200 milyon manat güzəştli kredit verilib
Azərbaycanda qeyr-neft sektorunun inkişafında regionlarda fəaliyyət göstərən iri, eləcə də orta və kiçik sahibkarlar aparıcı qüvvə hesab edilir. Dövlət bütün imkanlarından istifadə edərək regionlardakı sahibkarların yanında olur, onların maddi-maliyyə yardımçısı olur. Bunun üçün isə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) yaradılıb. Araşdırmamızın mövzusu da fondun bölgələrdəki fəaliyyəti, güzəştli kreditlərin istiqamətləri, bu kreditlər hesabına açılmış iş yerləri və sair barədədir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə bildirdi ki, son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılıb. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib. Prezidentin sözlərinə görə, keçən il 275 milyon manat kredit verilib: "Bütün bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək olur. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir: Qeyd etməliyəm ki, sahibkarlar bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni, bütün vəsaiti vaxtında qaytarırlar. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təqribən bir milyard yarım manat vəsait kredit veriləcək. Bu vəsait iqtisadiyyatın real sektoruna qoyulacaq".
Bir ildə 4480 sahibkara 275 milyon manat kredit ayrılıb
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2013-cü il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakının qəsəbələrində 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib: "Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilib. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür".
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir.
Yerli sahibkarlardan maraqlı təkliflər
Kənd təsərrüfatı məhsulları istehsalçıları arıçılığın, bağçılığın və tingçiliyin inkişaf etdirilməsi üçün güzəştli kreditlərin ayrılmasında daha maraqlıdırlar. Quba rayonundan olan sahibkar Ağababa Nemətov bildirir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yuxarıda qeyd edilən sahələrə daha çox diqqət göstərilməsinə ehtiyac var. İş adamı şoranlaşmış torpaqların və sel suları nəticəsində dağılmış suvarma arxlarının yenidən bərpasını, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılmasını, soyuducu kameralar məhsulun saxlanılmasına, təchizatına və satışına köməklik edilməsində də dövlət dəstəyinə ehtiyac duyduqlarını deyir: "Biz həm də taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə), kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsini də təklif etmişik".
Bu arada qeyd edim ki, təkliflər arasında kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması, mal-qaranın otarılması üçün Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması, mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması, mineral gübrələrin istehsalçılara "Aqrolizinq" ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi də var.
Regionlarda hansı sahələr
inkişaf etdirilməlidir?
Mütəxəssislər hesab edir ki, hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadçı Tahir Zeynalov bildirir ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib: Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır".
Turizm regionların inkişafında aparıcı istiqamətlərdən biri kimi
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik sahibkarlara da güzəştli kreditlər ayrılır. 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə başlayan ənənə davam edir və gələcəkdə də regionlardakı sahibkarların "əlindən tutacaq". Ekspert Tahir Zeynalov hesab edir ki, Azərbaycanda turizm sektoru regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir: "Məlum olduğu kimi, zəngin mədəni-tarixi irsə və təbii sərvətlərə malik Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Sözsüz ki, Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir ki, bu proses də daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda 2013-cü ildə istifadəyə verilmiş iki nəhəng qış turizm mərkəzinin - "Şahdağ" və "Tufandağ" qış turizm mərkəzləri şimal və şimal-qərb bölgəsində yerli əhalinin işlə təmin edilməsi və infrastrukturun inkişafı baxımından müstəsna əhəmiyyətlidir".
Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqaməti mövcuddur. Bu marşrutlara aşağıdakılar daxildir:
1.Abşeron
2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş
3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar
4.Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən
5.Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax
6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara
7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək
Məcburi köçkünlərə 24 milyon manat güzəştli kredit verilib
Sahibkarlara verilən güzəştli kreditlərdən regionlarda məskunlaşan məcburi köçkün iş adamları da bəhrələnir. Araşdırmamız nəticəsində məlum oldu ki, keçən il məcburi köçkün sahibkarlar üçün güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli çörək istehsalı müəssisəsinin, cins heyvandarlıq, narçılıq, üzümçülük, pambıqçılıq təsərrüfatlarının, toxuculuq müəssisəsinin və s. yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirir ki, indiyədək 1200-ə yaxın məcburi köçkün sahibkara 24 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılıb. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat güzəştli kredit də verilib".
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. "Qara qızıl"ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
Nizam RZAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



