Şabran
(nəğmə)
Min illərə yaşıd, şəhərlər şahı,
Turan torpağıdı, ocaqdı Şabran.
Tarixlər şahidi, mərdlər oylağı,
Vətən qalasıdı, qucaqdı Şabran.
Uca zirvəsində çıraqdan tacı,
Doğma diyarımın nur ehtiyacı,
Gilgilçay səddidir arxası, gücü,
Şöhrətdən, qeyrətdən ucadı Şabran.
Dəhnədə istisu həyat cövhəri,
Dumduru çeşməsi, alagöz pəri
Kim əziz saxlamaz belə gövhəri,
Pirdi, məbədgahdı, ocaqdı Şabran.
Səyridib atını, qalx Şəhərgaha,
Boylan Nohurrara, bax Çəməngaha,
Xəzəri qucmaqçün en Qələgaha,
Dağların belində bir tağdı Şabran.
Qalaaltı suyu şəfa yuvası
Tanrı ünvanıdı, haqqın duası
Sirli, möcüzəli neçə qalası
Qorqud qiyafəli qocadı Şabran.
Dosta mehmandardı Ağzıbir düzü
Taxtakörpü gölü yeni ulduzu
Dillərdə əfsanə nəğməsi, sözü
Sabaha açılan səhərdi Şabran
Şəhərlər şəhəri şəhərdi Şabran
Dostuma
Daha Uzundərə oynama, oğlan,
Dərənin başına tanrı daş salıb.
Qaytağı çaldırıb yaylıq yelləmə,
Yallı gedənlərin yurdu boş qalıb.
Quzğun xislətlilər çoxalıb yaman,
Belə minval ilə gedirik hara?
Elə ağırlaşıb dünyanın yükü,
Nə ata bilirik, nə də apara.
Qorxunu, hürkünü atıb bir yana,
Axşamı ümidlə bağlamaq asan.
Keçib təvəkküldən bom-boş gümana,
Daha öz özünü ağlayacaqsan.
Vədəsiz sədalar kar edib səni,
Qəlbin həsrətindən doyub elə bil.
Gecənin laylası kiridib səni,
Xoruzun ban tutan sübh çağı deyil.
Arzular, istəklər azalıb nədən
Daha ümidləri oxşamır könül.
Bir az səbr eləyib dözməlisən sən
Çünki hələ ömrün o çağı deyil.
Ümid içində
Bir yozulmaz yuxu oldum,
Ürək yandı od içində.
Yenə özümdən yıxıldım,
Yıxılmadım yad içində.
Dustaq edib hisslərimi,
Söndürmədim yanan şəmi.
Alov dilli işıq kimi,
Asıldım sükut içində.
Dünya fani, kimə qalıb?
Çörək verdim, süfrə salıb.
Ölsəm də bədgüman olub,
Doğmadım ümid içində.
Yazdan doğdu bu oyanış,
Bağça doğma, bağban tanış.
Ruhum göydə damla yağış,
Dolanır bulud içində.
Qəribsəmişəm
Çox düşünürəm hərdən...
Axı o doğma yurda
bağlı doğulmuşam mən.
Gəlir gözüm önünə,
dağ yamaclı vadilər,
Ayrılmaq olmur nədən,
Gəncliyimi verdiyim
meşə ətəklərindən?
Qarlı qış gecələri
yuxuma girir hər dəm,
Məndən səni soruşur,
çox yaşlı, ahıl adam.
Yayla başı, bölgələr,
bu yurdlar qədər qədim.
Qoynunda torpaq olub,
canım tək sevdiklərim.
Darıxma, yal-yamacım,
buz bulaqlı gur meşəm,
Gələcəyəm qoynuna,
Yurdum,
qəribsəmişəm...
Keçir
Ömür var yolları çıskin-yağışdır,
Döngələrdən ötür, dumandan keçir.
Ömür var yolları naxış-naxışdır,
Doğrudan dolanır, yalandan keçir.
Bəzən kövrək olur, ipək olur o,
Bəzən də tikanlı çiçək olur o.
Ruha layla çalan mələk olur o,
Xəyaldan süzülür, gümandan keçir.
Gah zərə bürünür, gülüstan olur,
Meydanda nər olur, canda can olur.
Söz olur, saz olur, həyəcan olur,
Yaxşıda haqlanır, yamandan keçir.
İçim sözdü bütün, kəfəndi üstüm,
Çıxardım əynimi vicdana asdım.
Ömür oxunmamış nəğmədi, dostum,
İnləyən, sızlayan kamandan keçir.
Qalaydım
Nəfəsimə sığal çəkən ləçəkdə,
Ürkək, şəffaf, tər şeh olub qalaydım.
Bir gözəlin unutduğu ürəkdə,
Yuxulayıb, dincliyimi alaydım
Səpiləydim dodağına su kimi,
Yox edəydi baxışıyla qəmimi.
Xəyal adlı, ümid adlı gəmimi,
Sevgi adlı dəryasında bulaydım.
Çıxaraydım məhəbbətin dadını,
Yaşayaydım alovunu, odunu.
Çiçəklərə nəqş edəydim adını,
Hisslərinə əmanəti olaydım.
Nəğmə olsam
Nəğmə olsam bal dodaqda,
Qısqanma bülbülə məni.
Meh əsdikcə al yanaqda,
Göz yaşına bələ məni.
Sübh şəfəqi qovsa qəmi,
İtsə gözlərin sitəmi,
Dəyirman ol, buğda kimi,
Üyüd məni, ələ məni.
Bitməz qəlbin nur işığı,
Ruhum eşqin yaraşığı.
Gəl öldürmə bu aşiqi,
Qoyma həsrət silə məni.
Nə fərqi
Səni sevən könlümün,
Gözlərini oy, gülüm.
Zülmət keçən ömrümün,
Qaranlığın soy, gülüm.
Bağladığın boğçanı,
Gül açmamış qonçanı,
Bircə cüt düyünçəni,
Sinəm üstə qoy, ölüm.
Yar yolum üstdə çıxsa,
Pərişan halda baxsa,
Nə fərqi, sevgi yoxsa,
Ay həyatım, ay ölüm?!
Kaş
Ümid əldə fürsət kimi,
Qoyma onu hədər ölə.
Bu gününə şükrlə bax,
Sabahına ümid elə.
Ürəkdən süzülüb gələn,
Sevdiyini sezib gələn,
Həsrətindən bezib gələn,
Ümidin bitməmiş hələ.
Yolların günəşə rəvan,
Varlığından doğub zaman.
Kaş ki, gözlədiyin canan,
Can mülkünə qonaq gələ.
Yorma gözlərini
(İllərdir barmaqları gözlərinə dincliyi
unutdurmuş sevimli Şükufə xanıma)
Nə dikmisən gözlərini əlimə,
Mənim əlim əllərinə yad deyil.
İlmə-ilmə toxuduğun illərin,
Naxışını daşımırmı əllərim?
Ovxarlanıb, şırımlanıb süst düşüb,
Qabar-qabar qazanıbdı alqışı.
Nə sorarsan baxışlarla əlimdən,
Bir nisgildir, bir kədərdir hər qışı.
Xatirələr baxışından asılı,
Qəhər yumaz ömrün qoşa illərin.
Sözüm çatmaz, gücüm yetməz durduram,
Səni gəzər barmaqlarım, əllərim.
Dikmə gözlərini əllərimə gəl,
Yorma gözlərinin həsrət yuxusun.
Odunu alışdır ocağımızın,
Bərəkət qoxusun, zəhmət qoxusun.