Yaddaşımın küncündən...
1990-cı ilin sonunda Azərbaycan SSR Ali Soveti özünün mətbu orqanını təsis elədi və ona yüksək status verdi: qarşıdakı ilin ilk günündən etibarən nəşr olunması nəzərdə tutulan bu qəzet əvvəlki 70 il ərzində Azərbaycandilli mətbu orqanı kimi “Kommunist” qəzetinə həvalə edilmiş missiyanı yerinə yetirməli, sözün bütün mənalarında “respublikanın 1 nömrəli qəzeti” kimi fəaliyyət göstərməliydi. (Qəzetin elə birinci nömrəsindən ŞƏXSƏN MƏN həmin statusu yazılı şəkildə belə müəyyənləşdirdim: “RƏSMİ DÖVLƏT QƏZETİ”. Artıq 22 ilə yaxındır ki, adı dəyişsə də, qəzet məhz bu “papaq”la çıxır.) Bunun üçün isə hər şeydən əvvəl qəzetin redaksiyası səriştəli, peşəkar jurnalist kadrları ilə komplektləşdirilməliydi...
...Təbii ki, Naxçıvan Muxtar Respublikasında da qəzetin bölgə müxbiri olmalıydı və baş redaktor Əfqan Əsgərov redaksiyanın fəaliyyətə başlamasından xeyli qabaq bu vəzifəni istedadlı qələm sahibi kimi uzun illərdən bəri yaxşı tanıdığı, ünsiyyət saxladığı “yerli kadr”a – Möhsün Möhsünova həvalə etməyi gərəkli saymışdı.
ZƏRURİ ARAYIŞ: Azərbaycan Dövlət Universitetini fars filologiyası ixtisası üzrə şərqşünas diplomu ilə bitirən Möhsün ixtisasına uyğun iş tapa bilməyib əzablı axtarışlardan sonra jurnalistikaya gələn peşəkarlardan idi. Arada, təxminən 6-7 il orta məktəbdə və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında müəllim işlədiyini nəzərə almasaq, 1965-ci ildən 1995-ci il yanvarın 7-nə – ömrünün son gününədək, özü demişkən, yazı-pozu ilə məşğul olub: Naxçıvan MSSR Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” (Naxçıvan) qəzetində, “Real” informasiya agentliyində, “Həyat” və “Respublika” qəzetlərində ən müxtəlif vəzifələrdə işləyib. Sovet dövründə “Gənclik” və “Yazıçı” nəşriyyatlarında çap olunmuş povest və hekayələrdən ibarət “Süd haqqı”, “Baş tutmadı”, “Səadət özü gəlmir”, “Leyləklər yenə gəldi” kitablarının, bir neçə pyesin və kinossenarinin müəllifidir...
...”Həyat”ın birinci nömrəsi planlaşdırılarkən təklif elədim ki, yenicə yaradılmış Sədərək rayonu, bu sərhədyanı bölgənin müdafiə qayğıları barədə “Ötən ilin yadigarları” rubrikasında söz açmaq pis olmazdı... Təklif bəyənildi və icrasına nəzarət baş redaktorun birinci müavini kimi özümə həvalə olundu.
Naxçıvana – o vaxtacan üzünü görmədiyim, səsini eşitmədiyim, eləcə müxtəlif qəzet və jurnal səhifələrində “M.Möhsün” imzalı felyeton və hekayələrinə rast gəldiyim bölgə müxbirimizə zəng vurdum. Salam-kəlamıma çox gümrah reaksiya versə də, redaksiya tapşırığının icrasını könülsüz boynuna götürdü: “Nə rayon? Sədərək necə kənd idisə rayonun təşkili barədə fərmandan sonra da eləcə kənd olaraq qalıb. Bir də: Naxçıvandan Sədərəkə gedib-qayıtmaq bir belə asandır bəyəm?!. Amma eybi yoxdur, bir şey fikirləşərik...”.
Ümidsizləşdim və istər-istəməz təzə müxbirimizin işgüzarlığı barədə bədbin düşüncələrə daldım: “Görünür, gündəlik respublika qəzetinin iş prinsiplərinə bələd olmayan və daha çox yazıçılığa meyil edən jurnalistin bölgə müxbirliyi operativ iş görməyə hesablanmayıb”. Amma...
“Həyat”ın 1-ci nömrəsində dərc edilmiş ən oxunaqlı materiallardan biri də məhz Sədərək rayonu barədə “M.Möhsün” imzalı yazı oldu.
1992-ci ilin sentyabrınadək bir yerdə işlədik, “Rəsmi dövlət qəzeti” statuslu “Həyat”ın respublikada 1 nömrəli qəzetə çevrilməsinə nail ola bilməsək də vicdanlı, qərəzsiz, həqiqi mənada bütün Azərbaycan cəmiyyətinin qayğılarına, düşüncə və əməllərinə ayna tutan, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da cərəyan edən proses və hadisələrə operativ reaksiya verən qəzet nəşr etdik. Bilavasitə qəzetdə yaradıcılıq məsələlərinə cavabdeh olan bir şəxs kimi mənim üçün xoş olan məqam oydu ki, o dövr xalq hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəy müsahibələrinin birində müntəzəm oxuduğu iki qəzetdən biri kimi “Həyat”ın adını çəkmişdi... Təbii ki, buna həm Bakıda, redaksiyanın özündə, həm də bölgələrdə çalışan əməkdaşlarımızın işgüzarlığı və istedadı sayəsində nail olduq. Onların da arasında seçilən 2-3 jurnalistdən biri Möhsün Möhsünovuydu.
Tarixdən məlumdur ki, 1990-cı ilin iyulunda Heydər Əliyevin Naxçıvana qayıdışı, yerli camaatın onu xilaskar kimi qarşılaması, Azərbaycan parlamentinə alternativsiz deputat seçməsi, daha sonra bu böyük dövlət adamının muxtar respublika Ali Məclisinə sədr seçilməsi Azərbaycanın əzəli parçası olan Naxçıvan torpağına mərkəzi hökumətin münasibətini kəskin şəkildə dəyişmiş, Heydər Əliyevin timsalında bütün Naxçıvan diyarı “persona non-qrata”ya çevrilmişdi.
Elə həmin vaxtlarda M.Möhsün Naxçıvan Ali Məclisi sədrinin qeyri-rəsmi mətbuat katibi funksiyasını yerinə yetirərək həm Ali Məclisdə keçirilən tədbirlərdə, həm də cəbhə bölgələrinə, Türkiyə və İrana səfərlərində daim Heydər Əliyevin yanında olur, çıxışlarını diktofona yazır, operativ qəzet yazıları hazırlamaqla yanaşı gələcək kitabı üçün materiallar toplayırdı. Mən təəssüf edirəm ki, M.Möhsün həmin kitabı yazıb nəşr etməyə macal tapmadı: atasının vəfatından sonra qızı Ayselin mənə təqdim etdiyi arxiv materialları, çoxsaylı maqnitofon yazıları ilə tanışlıqdan sonra belə bir yəqinlik hasil etdim ki, həmin kitab Heydər Əliyev ömrünün 90-cı illər Naxçıvan dövrü barədə əvəzsiz mənbə ola bilərdi.
“Həyat” qəzetindən sonra təxminən iki ay “Sirdaş” qəzetində baş redaktor işlədim. Sonradan özünün dəfələrlə etiraf etdiyinə görə, mənim gedişimlə Möhsün “Həyat” qəzetindəki Heydər Əliyev ünvanlı yazılarının himayədarını itirmişdi – daha həmin yazılar işıq üzü görmürdü, bölgə müxbirinin Naxçıvandan göndərdiyi materialları qəbul edib birbaşa arxivə verirdilər.
Bir dəfə – gərək ki, 92-ci ilin sentyabr ayının ilk günləri idi – mənə zəng vurub İran prezidentinin dəvətiylə və onun şəxsi təyyarəsində Heydər Əliyevin qonşu ölkəyə işgüzar səfəri barədə, blokada şəraitində yaşayan və döyüşən Naxçıvan üçün taleyüklü əhəmiyyətə malik bu səfər barədə irihəcmli yol qeydləri yazdığını, “rəsmi dövlət qəzeti”nin isə ona yiyə durmadığını söylədi və xahiş elədi ki, həmin yazını “Həyat” qəzetinin redaksiyasından götürüb “bir əncam qılım”. “Sirdaş” sırf maarifçi, ədəbi-publisistik qəzetiydi, siyasi mövzuda, siyasət və siyasətçilər barədə bircə sətir də dərc eləmirdik. Amma Möhsünün xahişini yerə salmadım, həcminin çox iri olmasına baxmayaraq, yazını nömrəyə qoydum. Bu hərəkətimə Möhsünün cavab reaksiyası belə oldu:
– Bu yazı nə Heydər Əliyevə lazımdır, nə də mənə. Onun özü milyon belə yazılar görüb, mən də hesab eləyərəm ki, heç bu yazını yazmamışam, elə həmin səfərdə iştirakçı olmağım bəsimdir... Amma tarix üçün lazımdır bu!
Mən bu fikri onun Heydər Əliyevlə bağlı bütün yazılarına, o cümlədən Naxçıvanda dövlət çevrilişinə cəhd (24 oktyabr 1992-ci il), onun səbəbləri, iştirakçıları, gedişi, nəticələri barədə və bütün bu proseslərdə Heydər Əliyevin vətəndaş mövqeyi, rəhbər qətiyyəti barədə “Səs” qəzetində dərc etdirdiyi irihəcmli yazıya, yaxud anadangəlmə bakılı bəstəkar, taleyin hökmü ilə çox gənc vaxtlarından Arazın o tayına köçməyə məcbur olan və XX əsrdə Azərbaycanın Üzeyir bəydən sonra ən qüdrətli bəstəkarı, məşhur “Ayrılıq” və “Salam gətirmişəm” mahnılarının müəllifi Əli Səlimi ilə Şimali Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəyə də (həmin müsahibəni də ilk dəfə “Sirdaş”da, çox-çox sonralar isə təkrarən “Panorama” qəzetində dərc etdirmişdim) yüzdə-yüz aid edirəm. Bu yazıların, ələlxüsus, siyasi yazıların tarixi əhəmiyyəti, dəyəri onların məhz vaxtında yazılıb çap etdirilməsində, sözün əsil mənasında obyektiv şahid ifadələri mahiyyəti kəsb etməsindədir.
Yeri gəlmişkən, Naxçıvanın həmin təlatümlü çağlarında, Azərbaycanın bir qrup ziyalısının Heydər Əliyevə məşhur müraciəti və həmin müraciətə cavab olaraq, Heydər Əliyevin Yeni Azərbaycan quruculuğu ilə bağlı düşüncələrindən ibarət məktubu “Səs” qəzetində işıq üzü görən vaxtlarda Möhsün artıq yeni adla – “Azərbaycan” adıyla nəşrini davam etdirən “rəsmi dövlət qəzeti”nin əməkdaşı deyildi: 1992-ci il sentyabrın 28-də iradi qərarla qəzetin Naxçıvan MR üzrə bölgə müxbiri ştatını... ixtisara salmışdılar – “yuxarıların sözü”nü yazmayan jurnalistin timsalında qədim diyarı və onun rəhbərini bu yolla “yerində oturtmaq” istəmişdilər.
...Möhsün isə yazırdı, yazmaya bilmədiyi üçün, Naxçıvanın səsini Azərbaycana çatdırmaq zərurətini qəlbən duyduğu üçün yazırdı. Çap olunmaq naminə Bakıda ən müxtəlif qəzetlərin, bəzən hətta abırlı jurnalistlərin çoxunun imzasını səhifələrində görməyi özünə yaraşdırmadığı qəzetlərin redaksiyalarına da üz tuturdu. Sonuncu halda bizim ərkyana qınaqlarımıza: “Bu yazılardan kimsə xəbər tutmalıdır, ya yox?! Mənim ayrı əlacım yoxdur axı” – sözləriylə özünə bəraət qazandırırdı...
...1995-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucuları ilə görüşü oldu. Mən yalnız o vaxt Möhsünün məşhur “91-lər”dən olduğunu bildim. Və buna təəccüblənmədim: o, ömrü böyu qəlbinin hökmüylə yazmış, düz yola xidmət etmiş, düz sözə imza qoymuşdu. Bu dəfə də belə olmuşdu və həmişəki kimi yanılmamışdı...
Dekabr 1990 – oktyabr 2012