|
|
|
|

Çin enerji daşıyıcıların çatışmazlığı ilə üzləşib. Son məlumatlara görə, Çinin 20 əyalətində sənaye müəssislərinə vəəhaliyə verilən elektrik enerjisinə məhdudiyyətlər qoyulub. Bəzi əyalətlərdə sənaye müəssisələri fəaliyyətini tamamilə dayandırıb. Çinin ümumdaxili məhsulunda ən böyük paya malik olan Quandun əyalətində vəziyyət daha ağırdır. Bu əyalətdə müəssisələrə tələbatının yalnız 15 faizi qədər enerji verilir. İş yerlərində elektrikə qənaət etmək üçün liftlər söndürülüb. Bəzi əyalətlərdə hətta küçəişıqforlarını da söndürmək məcburiyyətində qalıblar. Bir neçəəyalətdə havanın 10 dərəcəyə düşməsinə baxmayaraq, yaşayış evlərinə elektrik məhdudiyyətlə verilir.
Ekspertlər Çinin üzləşdiyi elektrik çatışmazlığını daş kömür çatışmazlılığı ilə izah edirlər. Daş kömür çatışmazlığı isə dünya bazarlarında və Çinin özündə kömürün qiymətinin kəskin bahalaşması ilə izah edilir. Qeyd edək ki, son bir ay ərzində Çində daş kömürün bir tonunun qiyməti 40 faizə qədər bahalaşaraq 192.4 dollara yüksəlib. Bütövlükdə isə ötən ilin eyni dövrü ilə müqayisədə qiymət iki dəfə bahalaşıb. Çinin şimal əyalətlərində elektrik stansiyaları əsasən daş kömürlə işlədiyi üçün yanacaq çatışmazlığı yaranıb. Elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimləndiyindən elektrik stansiyaları artan xərclərini qarşılamaq üçün qiymətləri yüksəldə bilmirlər. Buna görə də bəzi elektrik stansiyaları fəaliyyətlərini dayandırmağa məcbur olublar.
Bu isə elektrik böhranını kəskin dərinləşdirib. Çində istehsal olunan elektrik enerjisinin 56 faizindən çoxunun kömürlə işləyən stansiyaların payına düşdüyünü nəzərə alanda, ölkənin üzləşdiyi problemin kəskinliyini müəyyən etmək mümkündür. Üstəlik, Çində elektrik enerjisinin istehlakı yanvar ayı ilə müqayisədə 8-13 faiz artıb. Beləliklə, Çində elektrik enerjisinə tələbatın artması, istehsalın isə azalması böhranın əsas səbəbidir.
Rəsmi Pekin qısa müddətli çıxış yolunu Rusiyadan idxal etdiyi elektrik enerjisini kəskin artırmaqda görür. Buna görə də Moskvaya müraciət edib. Hazırda Rusiya hər il Çinə 3 milyard kVt/ç elektrik enerjisi ixrac edir. Rusiya ixracı iki dəfə artrmaq imkanına malikdir. Ancaq bu da Çinin problemini həll etmək gücündə deyil. Çünki Çinin illik tələbatı 7.5 trilyon kVt/ç-dır. Rusiya əlavə 2-3 milyard kVt/ç ixrac etməklə vəziyyət kəskin dəyişməyəcək. Üstəlik, Rusiyanın özündə də çətinliklər yarana bilər. Çinə ixrac olunan elektrik enerjisini istehsal edən elektrik stansiyalarının özü də kömürlə işləyir. Daş kömürün bahalaşması Rusiya istehçılarını qiyməti qaldırmağa vadar edir. Digər tərəfdən, koronavirus pandemiyasına görə daş kömür daşınmalarında ciddi miqdarda azalma baş verib.
Çinin üzləşdiyi böhran rəsmi Pekini dərhal hərəkətə keçməyə vadar edib. Çinin CNOOC şirkəti Qətərın "Qatar Petroleum" şirkəti ilə sıxılmış təbii qazın (STQ) satın alınması ilə bağlı 15 illik müddətə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, "Qatar Petroleum" Çinə hər il CNOOC-ya 3.5 milyon ton STQ-i satmalıdır. Həm də müqavilənin icrası 2022-ci ilin yanvarından başlamalıdır. Qətər dünyada STQ-nin ən böyük istehsalçılarından biridir və buna görə Çinin bu ölkəni seçməsi təsadüfi deyil. Müqavilənin şərtləri açıqlanmadığından STQ-nin bir tonunun qiyməti üçün tərəflərin hansı rəqəmdə anlaşdığı məlum deyil. Ekspertlərin rəyinə görə, STQ-nin qiyməti neftin dünya bazarlarındakı qiyməti ilə müəyyən olunacaq. Bu o deməkdir ki, min kubmetr qaz Çinə təxminən 400 dollara başa gələcək. Bu isə dünya bazarlarında təbii qazın hazırkı qiymətindən 2.5 dəfə aşağıdır. Bütün bu addımlar Çinin üzləşdiyi enerji böhranının dərinləşməsinin qarşısını almağa imkan versə də, problemi həll etmir. Bu isə Çinin daxili siyasətində öz əksini tapacaq. Artıq bunun ilk işartıları görünməkdədir və Çin hökuməti ilə texnologiya nəhənglərinin münasibətlərində özünü göstərir. Digər tərəfdən, cəmiyyət üzərində təzyiqlər də artıb. Çinin kommunist rəhbərliyi enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına və paralel olaraq da idxalın artmasına görə ölkədən valyuta çıxışını sürətləndirəcəyini anlayır. Əgər onu da nəzərə alsaq ki, Çinə sərmayə qoyuluşunda azalmalar müşahidə olunur, ölkədən valyuta axını ciddi problemlər doğuracaq.
Çin iqtisadiyyatına sərmayə qoyuluşunun azalmasının iki səbəbi var. Birincisi, Çinin ABŞ-la münasibətlərinin pisləşməsi sərmayəçiləri qorxudur. Sərmayəçilər Vaşinqtonun hər an Pekinə qarşı iqtisadi qadağalar tətbiq edə biləcəyindən ehtiyatlanırlar. Çinə sərmayə qoyuluşunun azalmasının digər səbəbi isə Pekinin bir sıra qadağalar tətbiq etməsidir. Sərmayə qoyuluşunun azalması iqtisadiyyatı çox böyük miqyasda xarici kapitaldan asılı olan ölkə üçün ciddi problemlər yaradır. Çin şirkətlərinin xarici borcunun miqyasını nəzərə alanda sərmayə qoyuluşunun azalmasının yarada biləcəyi böhran enerji böhranından da kəskin ola bilər. Məlum olduğu kimi, Çin şirkətlərinin xarici borcu ölkənin ümumdaxili məhsulundan 300 faiz artıqdır.
Cari ilin ilk altı ayı ərzində 25 şirkət müflis olduğunu elan edib. Bu şirkətlərin səhmləri qiymətlər bazarında 10 milyard dollar dəyərində idi. Bu, Çində bazar iqtisadiyyatına keçid dövründən bu günə kimi miqyasına görəən böyük müflis hadisəsidir. Çinin ikinci ən böyük tikinti şirkəti "Evergrande" də müflis ərəfəsindədir. Şirkət 300 milyard dollarlıq borcunu ödəmək imkanına malik deyil. "Evergrande"nin çöküşü isə çox ciddi nəticələrə səbəb ola bilər. Bu şirkətin daimi işçilərinin sayının 200 min, tikintilərində isə ümumilikdə 4 milyona yaxın insanın çalışdığını nəzərə alanda "Evergrande"nin çöküşünün doğuracağı təsirləri təsəvvür etmək çətin deyil. Əlbəttə, rəsmi Pekin "Evergrande"ni xilas edəcək valyuta ehtiyatına malikdir. Ancaq Çinin kommunist rəhbərliyi "Evergrande"dən başqa şirkətlərin də müflis ərəfəsində olduğunu bilir. Dünya liderliyi iddiasında olan Çində iqtisadi vəziyyət ilk baxışda göründüyü kimi dayanaqlı deyil. Enerji böhranı isə onsuz da kövrək olan Çin iqtisadiyyatının dayaqlarını artıq sirkələməyə başlayıb.



