Dilsuz MUSAYEV
Elə sənət adamları, elə dahilər var ki, cismən həyatdan köçsələr də mənən qəlblərdə heykəlləşirlər. Belə şəxslərin əsl həyat yolu ölümündən sonra başlayır, adları ölməzlik rəmzi kimi insanların şüuruna həkk olur. Həqiqi, ölməz sənət sahibləri...
Şair Məmməd Araz bu barədə necə də gözəl deyib:
Şoruşdum birindən: şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm.
Cavabı asanca, qopdu dilindən:
" - Hələ ölməmisən, deyə bilmərəm".
Ölümlə ölümsüzlüyə qovuşan, xalqın görən gözü, döyünən qəlbi, düşünən beyni olan, yaddaşlarda nağıllaşan, ürəklərdə heykələ dönən həqiqi sənət korifeyləri az deyil.
Aşıq Şəmşir ömrünün sazla köklənən ecazkar sənət dünyası kimə bəlli deyil, kim onun nəğmələrini dinləməyib, sədəfli sazın xoş sədaları altında şirin röyalara dalmayıb, nağıllar aləminə baş vurmayıb?
Onun aşıq şeirinin müxtəlif formalarında yazdığı poeziya inciləri də xalqın əsl mənəvi sərvətinə çevrilib, dillər əzbəri olub. Lakin məqsədim aşığın yaradıcılığını təhlil edib araşdırmaq deyil, onun son yadigarı olan, hələ mətbuat üzü görməyən bir təcnis və bir şəkli barədə istəkli oxuculara məlumat verməkdir. Bu yəqin ki, Şəmşir pərəstişkarları üçün çox maraqlı olardı. Həmin unudulmaz yay günlərinin qısa təfsilatı belədir:
1975-ci ilin yayı. Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhəri. Həmin isti yay günlərində şair dostum İsa Şuşalının evində idim. Başımız şirin söhbətə qarışdığı zamanda xoş xəbər eşitdik. Aşıq Şəmşir və qardaşı Qara bu evə, bu ocağa təşrif buyurublar. Gələnləri sonsuz sevinclə qarşılayıb hal-əhval tutduq.
Bir qədər əvvələ qayıtmaq istərdim.
Hələ 1970-ci illərdə institutda təhsil alarkən aşıq Şəmşirlə bir neçə dəfə görüşlərimiz olmuşdu. O vaxtlar "Cığır” adlı ədəbi poeziya və tərcümə dərnəyi fəaliyyət göstərirdi. Ali məktəbin gənc yazarları da bu dərnəkdə öz şeir, hekayə və tərcümə nümunələrini oxuyub, fikir mübadiləsi aparırdılar. Bəyənilən əsərlər institutun "Bilik" qəzetində dərc olunurdu. Həmin dərnəyə mətbuatdan yaxşı tanıdığımız, gözəl şeirlər müəllifi, mərhum şairimiz Ənvər Rza rəhbərlik edirdi. Bəzən dərnəyə respublikamızın tanınmış şair və yazıçıları dəvət olunur, onların fikir və düşüncələri, məsləhətləri dinlənilirdi. Gənc yazarlara bunun çox faydası olurdu. Belə görüşlərdən biri də aşıq Şəmşirlə olmuşdu. O, poeziyadan, sözün qüdrətində bəhs edərək bizə bu çətin yolda uğurlar diləmişdi. Eyni zamanda çox incəliklə tənqid və iradlarını da bildirmişdi. Bizi həqiqi tənqiddən nəticə çıxarmağa, dözümlü olmağa çağırmışdı. Yaxşı yadımdadır, ustadın o vaxtlar "Bilik" qəzetində dərc olunmuş "İnciməsin balalarım" adlı nəsihətamiz şeiri bizi xeyli kövrəltmişdi! Həmin şeiri sonralar heç bir mətbuat orqanında, habelə Dədə Şəmşirin müxtəlif dövrlərdə çap olunmuş şeirlər kitablarında görə bilmədim. Xoşbəxtlikdən o illərin əvəzolunmaz yadigarı kimi həmin şeir indi də şəxsi kitabxanamda qalmaqdadır. Müasir həyatımızda hələ də aktuallığını və tərbiyəvi əhəmiyyətini itirməyən bu şeir yəqin ki, oxucular üçün də maraqlı olardı. Ulu sənətkarımızın gənc yazarlara öyüd-nəsihət kimi ünvanlandırdığı bu ibrətamiz misralar indi də diqqətəlayiqdir və yüksək məziyyətlərilə fərqlənməkdədir.
İnciməsin balalarım
İnciməsin balalarım, nəsihətdi ata sözü,
Fəramuşla unutmasın, çıxarmasın xəyalından.
Çətin olar yaxşı oğul sağ əlindən ata sözü,
Fərasəti tez faş olur duyğusundan, kamalından.
Yaxşısını yaxşı anlar, sən də yaxşı deyən zaman,
Nəsihəti eşidənlər elə həlim olsun gərək.
Baş əyər yol göstərənə bu möhtəşəm, bu mehriban,
Bildirər öz simasını lütvəsi pak olan ürək.
Nizamilər, Füzulilər nə gətirib asimandan,
Bizə lazım nədir, ancaq gəlin bilək bu torpağı.
Şeirin öz mənzili var, axtarmayaq çox o yandan
Vurğun deyib, yaxşı olur hər tərlanın öz oylağı.
Məsləhətdi, nəsihətdi gəlin şeiri belə yazaq,
Halal əmək sahibidi, deyək fəal ölkəmizdən.
Hər gözəllik Bakıdadır, niyə çıxaq ərşə uzaq,
Sülhü, rəhmi, səadəti qoy öyrənsin hamı bizdən.
Yolun düşsə Qarabağa "ağ-gümüşə" yetir nəzər,
Təzə, cavan üzüm bağlı, al-yaşıllı düzlərə bax.
Qara qızıl yanındasan, sellənər hər yanı bəzər,
Tamam sərvət məskənidir bizim aran, bizim bu dağ.
Aşıq Şəmşir Qurban oğlu,
17 oktyabr 1968-ci il.
İndi Qarabağın dilbər guşəsi olan Şuşada yenidən onunla görüşəndə olub-keçənləri xatırladım. Dədə Şəmşirin gülə-gülə, bir az da zarafatyana dediyi bu sözləri indi də xatırlayıram: "Bala, adamın dəyəcək yerləri çox, qalacaq yeri bir olar. Bu evin qapısını açmağım da təsadüfi deyildir. İsagil həm ərk yerim, həm də görk yerimdir. Bu yüz illərin sınağından çıxmış müdrik babalarımızın ağıl və düşüncəsinə ehtiramdan irəli gəlir. Müdriklər səhvlərində də səhvsiz olurlar".
Sonra bildim ki, Şuşaya gələndə həmişə İsagildə müsafir olurmuş. Yol deyəsən onu yormuşdu. Çünki Dədə Şəmşirin doğma kəndi Ağdabanla Şuşanın arası xeyli məsafə idi, həm də yaş o yaş deyildi. Bir az dincini aldıqdan sonra Dədə Şəmşir kağız-qələm istədi. Elə oradaca bədahətən söylədiyi "Təzə anam məni" təcnisi kağıza köçürüldü. Həmin təcnisi uzun illərdən sonra oxuculara təqdim etməyi özümə borc bildim, həm də bir növ mənəvi ehtiyac duydum.
Təzə anam məni
(təcnis)
Bu xoş səadətli görüşümüzdə,
Elə bil doğmuşdu təzə anam məni.
Yanında tiflisli Dilsuzu gördüm,
Gözəl sevindirdi təzə nam məni.
Fərhad Bisutunu bir baxdı, yardı,
Şuşa da çiçəkli bir bax, diyardı,
İsa şuşalı da bir bəxtiyardı,
Əcəb qarşıladı təzə ənam məni.
Xəstə meyli hər an istər ayə nar,
İqbal şəmi tərəqqidə ay yanar,
Şəmşir, indi səni yəqin ay anar,
Telli saz üstündə təzanəm məni.
Aşıq Şəmşir, Şuşa şəhəri, 9 iyul 1975-ci il.
İsagilə gələn qonum-qonşular, eşidib bilənlər Dədə Şəmşirlə görüşüb hal-əhval tuturdular. Bu xəbər Rayon Partiya Komitəsinə də çatmışdı. O vaxtlar mərhum Qəşəm Aslanov Şuşa rayon PK-nin birinci katibi işləyirdi.
Şuşada, eləcə də respublikamızda kifayət qədər nüfuza malik olan Qəşəm Aslanov sözün əsl mənasında, nurlu ziyalılarımızdan idi. Sözə, sənətkara böyük qiymət verirdi. Vaxt məhdudiyyətinə baxmayaraq, bizi RP komitəsinə dəvət etdi. Onunla maraqlı və yaddaqalan söhbətlərimiz oldu. Şuşa Mədəniyyət Evində Dədə Şəmşirlə sazın, sözün işığında maraqlı görüş keçirildi. Həmin görüş ömrümüzə yazılan görüşlərdən oldu.
İndi o illərdən bizi 40 ilə yaxın zaman ayırır. Dədə Şəmşir artıq aramızda yoxdur. Təəssüf etsək də, bu bir həqiqətdir. Laylalarla, bayatılarla həzinləşən, sazla-sözlə köklənən bir ömrün mənası, bax beləcə başa çatır. Yox, deyəsən, yersiz oldu bu ifadə! Dədə Şəmşir ölməyib, əbədiyyətə qovuşub. Onun ölməzlik timsalı olan sazlı-sözlü dünyası yenə də Vətən torpağını bəzəyir..
Artıq o illər arxada qalıb. Təəssüflənirəm ki, ulu sənətkarın böyüyüb boya-başa çatdığı Kəlbəcərə - doğma Ağdaban kəndinə təşrif buyurmaq mənə qismət olmadı.
"Bala, imkan daxilində yolunu hərdən bizim obalara da sal, bir az da Ağdabanda dərdləşək" kəlmələrini indi də unuda bilmirəm. Onun ölüm xəbəri məni qəlbən sarsıtdı. Hardasa özümü qınadım. Sağlığında Dədə Şəmşirin dəvətinə əməl edə bilmədim.
Ölümlə ölümsüzlük sərhəddində həm də bir nəhayətsizlik gördüm. Nədənsə qəlbimdən qəribə bir hiss keçdi. İnsan da uca dağlar kimidir. Dağların cığırları, gədikləri, duman-çəni... olduğu kimi insan ömrünün də günləri, ayları, illəri, ağlı-qaralı həyat yolları var. Hamı zirvəyə can ata bilər, ancaq o zirvəyə ucalmaq, həmin zirvədə qərar tutmaq hər adamın işi deyil. Məhz bu zirvədə Dədə Şəmşir kimi əsl sənət adamları qərar tuta bilər.
P. S. İndi Qarabağın dilbər guşəsi Şuşa da, min bir dərdin dərmanı Kəlbəcər torpaqları da erməni qəsbkarlarının nəzarətindədir. El-obamız, dağlarımız, bulaqlarımız, meşələrimiz... kimi qəbirlərimiz də düşmən əsarətindədir.
Dədə Şəmşirin qəbri kimi. Onların müqəddəs ruhu, əsirlikdə, əsarətdə necə rahat ola bilər?!



