Prezident İlham Əliyevin Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin qeyd olunması barədə sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi dahi Azərbaycan yazıçısı və mütəfəkkirinin seçmə əsərlərini Ukrayna dilində kitab şəklində nəşr etdirib. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Kitaba M.F.Axundzadənin həyat və yaradıcılığı barədə məqalələr, dahi mütəfəkkirin şeirləri, məktubları, "Aldanmış kəvakib" povesti, "Kəmalüddövlə məktubları" və bütün dram əsərləri daxil olunub. Kitab Bakı Slavyan Universitetində müzakirə edilib və tərcüməyə müsbət rəy verilib, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdullayev əhatəli "Ön söz" yazıb. "Ön söz"də böyük dramaturq və mütəfəkkir M.F.Axundzadənin Azərbaycan dramaturgiyasında misilsiz tarixi xidmətləri, eləcə də bütövlükdə Azərbaycanın ictimai-fəlsəfi fikrində əhəmiyyətli rolu vurğulanıb. Professor K.Abdullayev M.F.Axundzadənin əsərlərinin Ukrayna dilinə tərcümə edilməsini təqdirəlayiq hal kimi qiymətləndirmiş, bu təşəbbüsə görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib, yeni nəşrin dost və bir-biri ilə sıx bağlı olan xalqlarımızın mənəvi-mədəni əlaqələrinin daha da inkişafına töhfə verəcəyini qeyd edib.
Kitabın tərcüməçisi tanınmış Ukrayna tədqiqatçısı Vasil Belotserkovski, redaktoru səfir Eynulla Mədətlidir.
Kitab Kiyevdə "Dmitri Buraqo" nəşriyyatının mətbəəsində nəfis şəkildə çap edilib. Nəşrin çapına tanınmış azərbaycanlı iş adamı, Ukraynanın Sumı vilayət şurasının deputatı Əfqan Salmanov maliyyə dəstəyi göstərib.
S.ABDULLAYEVA



