Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalının yüksək qiymətləndirildiyi bir zamanda Böyük Britaniyanın Geostrategiya Şurasının təklifi Şərqi Avropada geosiyasi vəziyyəti kökündən dəyişə bilər. Bu təklif NATO-dan kənarda Böyük Britaniyanın Polşa və Ukrayna ilə birlikdə yeni hərbi-siyasi ittifaq yaratmasını nəzərdə tutur. Geostrategiya Şurasının təklifinin Böyük Britaniyanın xarici işlər naziri Elizabet Meri Trass tərəfindən dəstəklənməsi bu təşəbbüsün realaşma ehtimalını kəskin artırır.
Qeyd etmək lazımdır ki, Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra müstəqil və qətiyyətli xarici siyasət aparmağa çalışır. AUKUS hərbi-siyasi ittifaqının yaradılması da Londonun müstəqil və qətiyyətli xarici siyasət kursunun ilk göstəricisi idi. Bu ittifaqın məqsədi Sakit okean hövzəsində Çinin hərbi-siyasi iddialarını cilovlamaq idi.
Bunun ardınca Böyük Britaniya Avropa qitəsində də qətiyyətli addımlar atmağa başladı. Bir neçə gün öncə Böyük Britaniya Rusiyanın bütün etirazlarına baxmayaraq Ukraynaya bir neçə min tank əleyhinə raket göndərdi. İndi isə gündəmə Böyük Britaniya, Polşa və Ukrayna hərbi-siyasi ittifaqının yaradılması ideyası gəlib. Yeni təşəbbüsün məqsədi Şərqi Avropada Rusiyanın özünün təsir zonasını yaratmasının qarşısını almağa xidmət edir.
Ukraynanın yaxın illərdə, bəlkə qarşıdakı on illikdə NATO-ya üzv ola bilməyəcəyini vurğulayan ekspertlər Kiyevin Şimali Atlantika İttifaqının aparıcı ölkərindən biri ilə hərbi-siyasi ittifaq yaratmasını tövsiyə edirdilər. Əksər ekspertlər bu qənaətdə idi ki, Ukrayna ABŞ-la NATO-dan kənarda ittifaq yaratmalıdır. Bununla bağlı təkliflər olsa da, Vaşinqton bu addımı atmadı. Co Bayden Administrasiyasının bəzi təmsilçiləri hesab edir ki, bu addım Rusiyanı daha qıcıqlandıra, hərbi avanturalara sövq edə bilər. İndi isə belə aydın olur ki, Vaşinqtondan fərqli olaraq London Moskvanın mövqeyini nəzərə almaq niyyətində deyil. Geostrategiya Şurasının təklifində fərqli məqamlardan biri də NATO-ya üzv iki ölkənin iştirakı ilə Ukraynanın ittifaq yaratmasıdır. Bu təklifin reallaşacağı halda Ukrayna eyni zamanda iki NATO ölkəsinin təhlükəsizlik çətiri altında olacaq. Belə olacağı halda Rusiya Ukrayna ilə yanaşı, iki NATO ölkəsinə qarşı müharibəyə başlaya bilməz. Çünki bu zaman Rusiya Şimali Atlantika Alyansının bütün hərbi gücü ilə üz-üzə gəlməli olacaq.
Böyük Britaniya, Polşa və Ukrayna hərbi-siyasi ittifaqının yaranması Estoniya, Latviya və Litvanın 2004-cü ildə NATO-ya üzv olmasından sonra postsovet məkanında geosiyasi vəziyyəti dəyişəcək ikinci böyük hadisə olacaq. Bu hadisə bütün postsovet məkanında yeni geosiyasi vəziyyət yaratmaqla yeni siyasi proseslərin də təməlini qoyacaq.
Ukraynadan sonra Moldova da NATO-nun üzvü Rumıniyanın iştirakı ilə hərbi-siyasi ittifaq yaratmağa cəhd edə bilər. Ümumiyyətlə, Moldovanın belə bir istəyi mövcuddur. Sadəcə olaraq Geostrategiya Şurasının Böyük Britaniya, Polşa və Ukrayna arasında hərbi-siyasi ittifaq yaratmaq təşəbbüsü səslənən kimi Qərb ölkələri postsovet respublikaları ilə hərbi-siyasi ittifaq yaratmaqdan müxtəlif bəhanələrlə yayınırdılar.
Postsovet coğrafiyasında oyun qaydalarının kəskin dəyişməsinə səbəb olacaq yeni ittifaq Cənubi Qafqazda da oxşar layihələri gündəmə gətirəcək. Gürcüstanda da ABŞ, Böyük Britaniya və yaxud da Polşa ilə ittifaq yaratmaq meyilləri güclənəcək və böyük ehtimalla qarşılıq da tapacaq. ABŞ-ın müdafiə naziri Llyod Ostin ötən ilin oktyabrında Tiflisə rəsmi səfəri zamanı gürcü həmkarı ilə hərbi əməkdaşlığa dair razılaşma imzalamışdı. Lloyd Ostinin səfəri zamanı rəsmi Tiflis Gürcüstanda ABŞ-ın hərbi bazasının yaradılmasını israrla tələb etmişdi. Müxalifətin aparıcı təşkilatları və dini lider də rəsmi Tiflisin mövqeyini dəstəkləmişdilər.
Böyük Britaniya, Polşa və Ukrayna arasında hərbi-siyasi ittifaqın yaranması Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqın rəsmiləşməsinin də yolunu aça bilər. Türkiyənin NATO-nun üzvü olmasını nəzərə alanda bu hadisə Azərbaycanın təhlükəsizliyinin təminatını gücləndirə bilər.