|
|
|
|

Rusiyanın ultimativ şəkildə ötən ayın 17-də ABŞ və NATO-ya təqdim etdiyi "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklifinə Vaşinqton və Brüssel yazılı cavab verib. Yanvarın 27-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşərək cavab məktublarını təqdim edib. ABŞ və NATO Rusiyadan fərqli olaraq məktubda yazılanları açıqlamayacağını bəyan edib. Xatırladaq ki, Rusiya ABŞ və NATO-ya təqdim etdiyi "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklifini çap edərək, ictimaiyyətə açıqlamışdı.
Vaşinqton və Brüssel Moskvadan fərqli hərəkət etsə də, Qərb mətbuatında ABŞ-ın və NATO-nun Rusiyaya verdiyi cavab məktubunda əksini tapan məqamlarla bağlı məlumatlar dərc olunmağa başlayıb. “The New York Times” qəzetinin məlumatına görə, Rusiyaya verilən hər iki cavabda ölkələrin NATO-ya üzv olması ilə bağlı məsələdə Moskvanın veto hüququnun olmadığı birmənalı ifadə edilib. Eyni zamanda NATO-nun üzvü olan ölkələrdə ABŞ-ın və müttəfiqlərinin ordu, nüvə və ya adi silahlar yerləşdirməsinə də Rusiyanın veto qoymaq hüququnun olmadığı hər iki cavab məktubunda öz əksini tapıb.

Bundan başqa, ABŞ-ın cavab məktubunda Rusiyanın Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirməsi ilə bağlı əks irad yer alıb. Rusiyanı Avropa qitəsində gərginliyi azaltmağa dəvət edən Vaşinqton və Brüssel "Yaxın və orta mənzilli nüvə raketlərin ləğvi haqqında" müqavilənin bərpa oluna biləcəyini qeyd edib. Bundan başqa, ABŞ və NATO-nun gərginliyi azaltmaq üçün hərbi təlimlərin sərhədlərdən uzaqda keçirilməsi, onların əhatə dairəsini və yerini məhdudlaşdırmaq üçün qarşılıqlı qaydaları müzakirə etməyə hazır olduğu da sənəddə öz əksini tapıb.
ABŞ və NATO Rusiyanın tələb etdiyi cavab məktubunu yazılı şəkildə verdiyi üçün bütün dünyanın diqqəti bundan sonra Moskvanın atacağı addımlara yönəlib. Çünki NATO-nun "açıq qapı" prinsipindən imtina etməməsi Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzv olmaq imkanlarını saxlaması anlamına gəlir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO-nun cavab məktublarına münasibət bildirərkən deyib ki, sənədlərdə ikinci dərəcəli məsələlərlə bağlı nikbinlik yaradan məqamlar olsa da, Moskvanın əsas tələblərinə verilən cavab onları qane etmir. Qeyd edək ki, Rusiyanın əsas tələblərindən biri Ukrayna və Gürüstanın NATO-ya daxil olmasına hüquqi qadağa qoyulması idi. Digər əsas tələbi isə NATO-nun hərbi qüvvələrini 1997-ci ilə kimi olduğu sərhədlər daxilinə qaytarmaqdır. Bu isə NATO-ya 1999-cu ildən başlayaraq qəbul olunan 14 dövlətin ərazisindən Alyans qüvvələrinin çıxarılması ilə bağlı öhdəlik yaradardı. Təbii ki, NATO Rusiyanın bu istəyini qəbul edə bilməzdi. Çünki bu, Şimali Atlantika Alyansının iki yerə bölünməsi demək olardı.
Moskvanı ən çox narahat edən məsələnin - Ukrayna və Gürcüstanın NATO-ya ehtimal olunan inteqrasiyanın qarşısını almaq üçün siyasi imkanlar aradan qalxdıqdan sonra Rusiyanın tək bir yolu qalıb. Bu yol hərbi güc tətbiq etməklə Kiyev və Tiflisi Avroatlantik strukturlara inteqrasiya niyyətindən daşındırmaqdır. Rusiyanın Ukrayna sərhədinə cəmləşdirdiyi nəhəng ordunun da bu məqsədlə istifadə ediləcəyi gözlənilir. Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini ifadə edən Qərb dövlətləri isə Rusiyanın təhdidlərinə qarşı Kiyevə hərbi dəstək verməyə başlayıblar. ABŞ, Kanada, Böyük Britaniya, Çexiya, Polşa, Estoniya, Latviya və Litva Ukrayna ordusunu ciddi sürətdə silahlandırır. Hərbi ekspertlər hesab edir ki, Qərb ölkələrinin Ukraynaya göstərdiyi silah yardımı Rusiyanın hərbi təcavüzünün qarşısını almağa imkan verəcək. Hazırda Ukrayna ordusunda 10 mindən artıq tank əleyhinə raketin olduğuna diqqət çəkən ekspertlər bu silahların Rusiya ordusu üçün kabusa çevriləcəyini qeyd edirlər. Tank əleyhinə raketlərin arasında ABŞ və Böyük Britaniya istehsalı olan raketlərin 3 mindən çox olması isə Rusiyanın quru qoşunlarına fəlakətli zərbə vurmağa imkan yaradır ki, Rusiya rəhbərliyini ən çox narahat edən məqamlardan biri budur. Ukrayna ordusunun Türkiyə istehsalı olan dörd raket daşıyan Bayraktar TB2 dronuna sahib olması da Rusiyanın hərbi rəhbərliyini ciddi narahat edir. Əgər ABŞ və müttəfiqləri Ukraynaya "Stinger" zenit-raket kompleksi veribsə, bu, artıq vəziyyətin Rusiya ordusunun əleyhinə kəskin dəyişməsi deməkdir. Hər kəs anlayır ki, Ukrayna ordusu daha 2014-2015-ci illərdəki ordu deyil. Bu isə hərbi əməliyyatların asan olmayacağını söyləməyə imkan verir. Rusiyanın siyasi rəhbərliyini narahat edən məqam da itkilərin çox ola biləcəyi ehtimalıdır.
Çoxsaylı əsgər ölümlərinin 1917-ci ildə olduğu kimi, Rusiyada sosial partlayışa səbəb olacağı qorxusu mövcuddur. Hakimiyyətin xalq arasında nüfuzunun aşağı olduğu, müxalifətin 1917-ci ildə bolşeviklərin etdiyi kimi, müharibədə məğlubiyyəti təbliğ etməsi də diqqətdən qaça bilməz.
Hərbi əməliyyatlar başlamasa da, gərginliyin artması rublun zəifləməsinə, sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub. Qərbin tətbiq edəcəyi sanksiyalar isə Rusiyanın iqtisadi çöküşünü qaçılmaz edəcək. Sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi yoxsulların qiyamını da gündəmə gətirə bilər.
Siyasi və biznes elitasına qarşı tətbiq olunacaq sanksiya isə hakimiyyət daxilində parçalanma yaradar ki, bu da iqtidar dəyişikliyinin yolunu aça bilər.
Rusiya hakimiyyəti yanlış siyasəti ilə beynəlxalq münasibətlərdə çıxılmaz vəziyyətə düşüb və hazırda onun bu vəziyyətdən necə çıxacağə əsas müzakirə mövzusuna çevrilib.
Burada Rusiyanın köməyinə prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etməsi gələ bilər. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Vladimir Zelenskini vasitəçilərsiz danışıqlar aparmaq üçün ölkəsinə dəvət etmişdi. Rusiya rəsmiləri Türkiyə prezidentinin bu təklifini xoş qarşılamamışdılar. Hətta Türkiyə prezidentinə yönəlik iradlar da səsləndirilmişdi. İndi isə Vladimir Putinin dəvəti qəbul etdiyi və Türkiyəyə səfər edəcəyi məlum olub. Belə görünür ki, Rusiya rəhbərliyi düşdüyü çətin vəziyyətdən çıxmaq üçün bu imkanı qaçırmaq istəmir.



