Yaşadığım acılı-şirinli günlərimi xəyalımın relssiz qatarına doldurub yola salmışam. Görəsən, harada dayanacaq?..
***
İdrakın artdıqca tənhalaşırsan.
***
Elə suallar var ki, anında ağlına gəlmir. Elə də suallar olur, müsahibinə vermirsən, onu incitməkdən çəkinirsən.
***
İstəməsə də, insan azadlığının keçilməz sərhədləri var.
***
Əsl baiskarı kənarda qoyub, üstünə qısqırdılanın yaxasından yapışmaq da bir cür ağılsızlıqdır.
***
Kin-küdurət də üfürülmüş şar kimidir, hamı hikkəsini o şara üfürdüyündən artıq Yer kürəsinə sığışmır.
***
Pis əməlləri sahibi ilə eyni vaxtda qəbirə qoymaq mümkün deyil.
***
Hələ kimsəni tanımayan körpənin uyuduğu beşikdən boylananda ilk görüb-tanıdığı insan - qadın öz anası olar.
***
Ən qəribəsi budur ki, qəbahəti olan birisini danlayıb, tənbeh edib sonra ondan üzr istəyəsən.
***
O zaman ki, Qabil qardaşı Habili öldürdü, yer üzünə günahsız insan qanı töküldü, cənnət cəhənnəmə çevrildi.
***
Mən muğamata düşünmək üçün, içimdəki - ancaq özümə bəlli ağrını, kədəri unutmaq üçün qulaq asıram.
***
Bizə nemət verən, yedirdən təkcə əkinçi, biçinçi deyil, qədirini qədərincə bilmədiyimiz torpaqdır.
***
Nəfsimizin boğazına kəndir salıb qatilsayağı dar ağacından asmayınca bizə əbədi dinclik yoxdur.
***
Sən demə, dərddən yazmaq hələ dərdlinin yanında olmaq deyilmiş.
***
Kədərim fərəhimdən böyükdür.
***
Palıd ağacının altında oturub kitab oxuyurdum. Birdən ağacın budağından bir yarpaq qopub fırlana-fırlana gəlib kitabın açıq səhifəsinə düşdü. Dərhal kitabı qatladım. Bu tənha yarpaq da təbiətin mənə hədiyyəsi idi.
***
İmkanlı məmurun ərköyün balası - millətin bəlası.
***
Çayların dənizə çatıb bir göz qırpımında itməsi kiçik xalqların taleyinə bənzəyir.
***
Hər zaman ruhunu pis niyyətlərdən qoru.
***
Atın başı sahibinin boynundan asdığı torbadan arpa yeməyə qarışmışdı. Bir azdan minilib dördnala çapılacağını unutmuşdu.
***
Özünü - sənə məxsus olanı axtarma.
***
Qələm həmişə olub, amma onun zamanında yazdıqlarından nəticə çıxardan, maneəni, təcavüzü vaxtında dəf edən qılınc - hakimiyyət olmayıb.
***
Mən onu həmişə, əvvəllər də, elə indi də zərbələrdən qorunmaq üçün qalxanı başına çəkib özünü qoruyan gördüm. Bəs onda belinə bağladığı qılınc nəyə gərəkdir?
***
Bildiyimizin qədəri var, bilmədiyimizin yox.
***
Elə budaqlar var, quş üzünə həsrətdir.
***
Yeraltı çaylar dənizlərə necə axırsa, yaddaşımdakı xatirələr də eləcə, gözə görünmədən qəlbimə axır.
***
Mənim nisgil yerim birinci sinfə gedərkən yaşıdım olan qonşu qızın əlindən tutub təzəcə çiçəkləmiş alça ağacının altında dayandığımız andı. Təəssüf ki, o çağdan illər keçib. İndi nə yaşıdım olan o qız var, nə də çətiri altında dayandığımız o alça ağacı.
***
Xəyalında o qədər qətlə fərman vermişdi ki, içindəki meyitlərin ağırlığından tərpənə bilmirdi.
***
İnsan özgə birisindən çox, özündən utanmalıdı.
***
Qəribə mənzərəydi: insanlara kobudluq edən bir kişi quşlara çörək ovurdu.
***
Əsl alimə yox, cibi dolu, ürəyi boş nadana qulaq asmaq, onun "oturun-durun" fəlsəfəsiylə yaşamaq da nadanlıqdır.
***
Çar Rusiyasına xidmət etmək üçün ali məktəblərdə oxudulanlarımızın çoxu, nə yaxşı ki, xalqına arxa çevirmədi, onun maariflənməsinə xidmət etdi.
***
Qürbətdə yaşayıb, qürbətdə də Allahın dərgahına qovuşmaq, bilirsənmi, necə ağırdı?! Göz yaşların içinə axır. Alnının təri qaladığın tonqala düşən sayaq. Ah, illər öncə Vətəni tərk etdiyin o məsum günlərə qayıda bilsəydin... Əgər qayıda bilsən.
***
Nifrət, kin, intiqam hissi düşmən üzərində qələbə çalmağın mühüm amilidir.
***
O şeyi ki, gözümüz görür, o şeylər ki bizə xoş gəlir, bizdə dəruni hisslər yaradır. Lakin bütün bunların əzəli, əbədi olanı, heç şübhəsiz, ilk məhəbbətdir. O məhəbbət ki, çox vaxt insanın şəxsi taleyi onun uğurlu və uğursuz alınmasından asılı olur.
***
Ən böyük dahilər ən bəşəri əsərlərini məhəbbətə, onun böyüklüyünə həsr ediblər.
***
Öz dövrünün aynası olan sənətkarlar çox vaxt hakim qüvvələrin əks-zərbələrinə tuş gəlirlər.
***
Yaradıcı adamı zamanında duymaq, onun gözlənilməz qəribəliklərinin, davranışlarının hansısa ruhi ovqatdan doğduğunu dərk edib güzəştə getmək vacibdir. Əks təqdirdə məhv olar.
***
Müdriklərdən biri dedi: - Ağız yemək üçün deyil ha. O ləl-gövhər saçmaq üçündür. Göz isə görmək, bu dünyanın gözəlliklərinə tamaşa etmək üçündür. Qulaq yaxşı şeyləri eşitmək, mədəniyyət qəbul etmək üçündür.
***
Şəhərlər də muzey kimidir, binaları onun eksponatları, insanları isə tamaşaçılarıdır.