Ailə toplumun, sosiumun kiçik hüceyrəsidir. İnsan dünyaya göz açdığında ilk olaraq anasını, atasını, bacı və qardaşlarını görür. İlk addımlarını atır, ilk sözlərini deyir, həyatı qavramağa başlayır, ailə hər bir insan üçün ilk məktəb, ilk universitet olur. Həyatda ilk dostları, yoldaşları da məhz atası, anası, bacıları və qardaşları olur. Bizim ailəmiz də bu həyat axarından kənarda qalmamışdır. Mənim də ilk dostlarım, həyat müəllimlərim, valideynlərim və yaxın həmdəmim ad gününü qeyd etdiyimiz bacım Günel olmuşdur. Yaşca məndən kiçik olsa da, hər zaman onun fikirlərinə, dediklərinə hörmətlə yanaşmış, məsləhətlərini nəzərə almışam. Çünki Günelin həqiqətən də zəngin daxili aləmi, geniş savadı və biliyi var. Bütün bu keyfiyyətləri və fitri-istedadı Günel Anarqızı imzası ilə yazdığı hekayələrində, məqalələrində, kitablarında ustalıqla ictimaiyyətə, oxuculara təqdim olunmuşdur. Yazıları qısa zamanda yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də oxucuların marağına səbəb olmuş, rəğbətini qazanmışdır. Xarici ölkələrdə oxucularıyla görüşləri, kitablarının təqdimatları, haqqında söylənən yüksək rəylər bu sözlərimi əyani təsdiq edir.
Günelin qeyri-adi şəxsiyyəti, ən müxtəlif insanlarla, yaşlısı-uşağıyla ünsiyyət qurmaq bacarığı onu maraqlı həmsöhbətə çevirir. Elə buna görə də o, televiziya aparıcılarının, qəzet müxbirlərinin həvəslə verilişlərə dəvət etdikləri, çeşidli müsahibələr aldıqları şəxsdir. Yazıçı olmaqla yanaşı, o, ictimai xadimdir və ictimai fəaliyyəti də ədəbi yaradıcılığı kimi bənzərsizdir, fərqlidir. Onun müxtəlif sahələrdə gördüyü işlər sanki boz, monoton həyata rənglər qatır, onu dəyişdirir, daha cazibədar edir.
Günel uşaqlığında çox fəal idi. Elə indi də çox fəaldır. Ad günündə istəkli bacıma bu həyat şövqünü, fəallığını itirməməyi, hər zaman belə qalmağı arzulayıram. Uşaqlığımızdan indiyə qədər Günel mənim dostum, hayanım olub, sonralar həyat yoldaşımın, övladlarımın dostu oldu. İndi isə üç yaşlı nəvəmin dostudur.
Bir daha əzizim Günelə möhkəm cansağlığı, yaradıcılıq uğurları, gözəl qız balaları və şirin nəvəsiylə hələ çox-çox xoşbəxt günlər, illər arzulayıram.
Qardaşı Tural ANAROĞLU