|
|
|
|

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyədə, Antalyada Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra mətbuat konfransında söylədiyi fikirlər dünya mediasının əsas müzakirə mövzularındandır. Ölkəsinin Ukraynaya qarşı hücum etmədiyini deyən rusiyalı nazir bütün dünyada sərt tənqid olunur. Çünki Rusiyanın 200 minlik ordu ilə Ukraynaya müdaxilə etdiyi, Ukraynada ağır döyüşlər apardığı Lavrovun təmsil etdiyi dövlətin rəsmi sənədləri ilə də təsdiq olunur. Ukraynada fevralın 24-dən etibarən Rusiya qoşunlarının ərazinin demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməsi haqqında prezident Vladimir Putinin sərəncamı, müdafiə naziri Sergey Şoyqunun əmri var. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Ukraynada hərbi əməliyyatlar zamanı ölən, əsir düşən və yaralanan hərbçilərlə bağlı rəsmi məlumatı da təsdiqləyir ki, Lavrov yalan danışır.
Keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərindən birinin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və 50 illik diplomatik təcrübəsi olan Lavrovun "Rusiya Ukraynaya hücum etməyib" kimi açıq yalan söyləməsinin əsas bir səbəbi var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı dövlətlərin çox geniş koalisiyası yaranıb. İkincisi, Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxmayan, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrin cəmiyyətləri hakimiyyətlərdən fərqli olaraq Moskvanın siyasətinə etiraz edirlər. Rusiya ilə eyni hərbi-siyasi blokda olan ölkələrdə də Moskvanın son hərbi avanturasına qarşı etiraz aksiyaları keçirilib. Belə bir vəziyyətdə Ukraynaya hücum etdiklərini ifadə etmək və əsaslandırmaq Lavrov kimi təcrübəli diplomatın da öhdəsindən gələ bilməyəcəyi bir vəzifədir.
Rusiyanın heç bir ölkəyə qarşı hücum etmək niyyətinin olmadığı haqqında Lavrovun sözləri dünya ictimaiyyətini inandırmadı. Çünki Rusiya Putinin hakimiyyəti illərində iki keçmiş sovet respublikasına - Gürcüstan və Ukraynaya hücum edib. Moldovadakı hərbi bazasını çıxaracağı ilə ATƏT-in İstanbul sammitində götürdüyü öhdəlikləri yerinə yetirməyib. Baxmayaraq ki, həmin dövrdən 23 il keçir.
Prezident Vladimir Putin də daxil olmaqla Rusiyanın rəsmi şəxsləri dəfələrlə ayrı-ayrı postsovet respublikalarının müstəqilliyini, ərazi bütövlüyünü şübhə altına alan çıxışlar ediblər. Həmin çıxışların mənzərəsində Rusiya xarici işlər nazirinin çıxışı qeyri-ciddi təsir bağışlayır.
Təcrübəli diplomat olan Sergey Lavrovu belə bir çıxışa vadar edən digər səbəb Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bir neçə müstəvidə cinayət araşdırmasının başlanmasıdır. Lavrov bilir ki, indi rəsmi şəxslərin hər bir ifadəsi həmin cinayət işlərinin materiallarına əlavə oluna bilər. Ona görə də Lavrov açıq yalan danışmaqdan çəkinmir.



