|
|
|
|

Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir.
Türkiyənin sabiq baş naziri Binəli Yıldırım iki gün əvvəl deyib ki, vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi: "Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, "Qarabağ sizin haqq işinizdir". Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir: "Xatırladım ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür". Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələrinin unikal müttəfiqliyin bariz nümunəsi olduğunu vurğulayan deputat deyib: "Münasibətimizin daha da dərinləşməsində ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini xüsusi olaraq qeyd etmək istərdim. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradır. Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının bizi dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani əlamətidir".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən iki qardaş ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi, bir sözlə, bütün sahələrdə çox uğurla inkişaf etməkdədir: "Hazırkı dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissəsidir".
C. Məmmədov bildirib ki, böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib: "Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. İki ölkəni, xalqları birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, eyni zamanda, sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq və bundan sonra da olacağıq".
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində də vəziyyət yüksək səviyyədədir: "Türkiyə hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında oldu. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğuna şahidlik etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da xalqımızın yanında oldu, fərəhini bölüşdü, Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırdı. Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri də bu yaxınlarda başa çatıb. Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir".
Millət vəkili Vüqar İskəndərov bildirib ki, Türkiyə xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir. Ümumiyyətlə, bu kəlamlar müasir dövrdə də reallıqda öz təsdiqini tapır. Bunun üçün 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə atılan addımlara nəzər yetirmək kifayətdir.
Millət vəkilinin dediyinə görə, müharibə günlərində və ondan sonra atılan addımlar bir daha sübut etdi ki, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar: "Məlum olduğu kimi 44 günlük Vətən müharibəsinin ilk saatlarından sonuna kimi başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. O cümlədən, müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-bərpa işlərində əlini daşin altına ilk qoyan məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər".
V.İskəndərov deyib ki, xalqların tarixi bağlarına və iki qardaş ölkənin prezidentlərinin siyasi iradəsinə söykənən Türkiyə-Azərbaycan əlaqələri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni mərhələyə qədəm qoyub: "Təxminən bir il öncə imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir: "Qeyd etdiyim kimi, iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Ən yeni dövrdə buna misal olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsini, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsini, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını göstərə bilərik. Hesab edirəm ki, bu, bir tərəfdən Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini, digər yandan isə iki qardaş ölkənin xoş gündə də, dar gündə də bir-birinin yanında olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirir".
Sevinc QARAYEVA



