https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Qurban Qurbanovun 4 parlaq motivasiyası

Qurban Qurbanovun 4 parlaq motivasiyası

Aydın BAĞIROV
[email protected]

O motivasiyalar nədir, kiminlə bağlıdır, ondan bəhs edəcəyəm. Amma əvvəlcə özümlə bağlı, mövzuya aid ola biləcək olmuş bir hadisəyə toxunmaq istərdim. 

Günlərin bir günü “Qarabağ” klubundan direktor Emrah Çelikel mənə təklif edir ki, komandayla birgə Antalyadakı toplanışa birgə gedək. İli yadımda deyil, amma yanvar ayı olduğu dəqiqdir. Nəzakətli dəvəti qəbul edib təşəkkürümü bildirirəm. Zarafatla da deyirəm ki, hamı bu gözəl kurort vilayətinə yayda gedir, mən isə qışda. Qışda da Antalyada kim olur? Bir futbol komandaları, bir də əsasən yaşı 70-i ötmüş alman nənələrlə babalar. 

Lakin əlbəttə, bir yaradıcı insan, jurnalist üçün qışda Antalyada futbol komandasıyla səfər bir tərəfdən bol yazıların, reportajların olması deməkdir, o biri tərəfdən də yaxşı bir xatirə. Qurban  Qurbanov maraqlı söhbətləri olan insandır, eyni zamanda da sakit təbiətli biri. Səfərlərimiz zamanı çay, kofe süfrəsi arxasında söhbətlərimiz az olmayıb. Bir axşam qaldığımız otelin foyesində çay içib bax həmin söhbətlərdən birini edəndə təklif edir ki, sabah öz aramızda oyun var, sən də bizə qoşul... 

Ertəsi günü “Qarabağ”ın məşqçiləri ilə texniki personalı otelin kiçik meydançasında bir-birilərinə qarşı oyuna çıxırlar. Mən Qurban Qurbanovun komandasında yer alıram. 5-6 dəqiqə sonra hiss edirəm ki, onların sürətinə fiziki olaraq çatdıra bilmirəm. Zarafat deyil, adamlar hər gün məşq edir. Mənsə axırıncı dəfə həmin günə qədər 3-4 il əvvəl futbol oynamışdım. Hələ rəqibin heyətindəki eks futbolçuların adlarını bura əlavə etsəm, mənzərə tam aydın ola bilər: Zaur Tağızadə, Elçin Rəhmanov, Musa Qurbanov... Onların qarşısını necə almaq olar?

Qurban Qurbanova deyirəm ki, yorulmuşam, əvəzlənib bir az fasilə etmək istəyirəm. Cavab verir ki, yox, qal meydanda, əla oynayırsan. Əlbəttə, əla oynamaqdan qətiyyən söhbət gedə bilməz. Sadəcə, məni həvəsləndirdiyinə şübhə etmirəm. Bir az keçir, eyni sözləri yenə təkrar edir. Sonra yenə, yenə, bir daha. Oynadıqca daha da çətinlik çəkdiyimi, amma nəfəsimin də açıldığını hiss edirəm. Və beləcə düz 40 dəqiqəmi, 50 dəqiqəmi meydanda qalıram. İkinci hissədə Qurbanovun künc zərbəsindən ötürməsindən sonra isə hətta “doqquzluğa” gözəl bir qol da vururam. 

Oyun qurtarıb otağıma “ölmüş” vəziyyətdə qayıdanda əvvəl öz-özümə heyrət edirəm ki, illərdir futbol oynamadığım halda necə olur ki, meydanda bu qədər çox qala bildim? Amma futbola və idmana yaxın olduğumdan suala cavabı da tapıram. Bir insanın fiziki gücünü artıran, onun qələbə ruhunu yüksəldən təkcə mütamadi fiziki, taktiki məşqlər deyil, həm də sənin məşqçinin bir güclü psixoloq kimi səni həvəsləndirmək bacarığıdır. Bunun klassik adı motivasiyadır. Motivasiya verməyi bacaranın adı isə motivatordur...

Qurban Qurbanov kimi.

Və mən komandayla olduğum həmin günlərdə, Qurbanovun məşqlərinə əyani şahid olduğum vaxtlarda çoxdandır beynimdə olan bir suala cavab tapıram. “Qarabağ”ın 2009-cu ilin iyulun 23-də, bütün ağdamlılar, azərbaycanlılar üçün həssas olan işğal günündə o, məşqçi yox, birinci növbədə məhz fenomenal motivatorluğu hesabına “Rusenborq”a qalib gələrək Avropada sensasiya yaradır. 

Bu, onun birinci parlaq motivasiyası idi. İkincisi Polşa çempionu “Legiya”nı Varşavada 3:0 hesabı ilə məğlub edib Avroliqanın qrupuna düşdüyü 2020-ci ilin 1 oktyabr günü olmuşdu. Qarabağda hər gün şəhid verib, işğaldakı torpaqlarımızı geri aldığımız o ağrılı günlərimizdə. Üçüncüsü dünən “Nant”la oyunda oldu. 71 şəhidimizin olduğu bu günlərdə. Belə həssas anlarda komanda toparlamaq, üzərindəki ictimai basqını atıb, bütün canınla, ruhunla oyuna köklənmək bir tək məşqçi savadı ilə olmur. Səbəb həm də yənə psixoloji məqamdır. Səbəb motivasiyadır. Səbəb motivatordur. Səbəb Qurban Qurbanovdur. Qurban Qurbanov və qurduğu komanda, yanındakı məşqçilər, futbolçular - Zubir, Kadi, Qara, Elvin, Ozobiç, Almeyda, Ovusu, Bəhlul, Bədavi, Ramil,  Şahruddin.

Şahruddin Məhəmmədəliyev. 

“Viktoriya” ilə oyundakı bir kobud səhvdən sonra mənəvi-psixoloji çökmüş Şahruddin. O günlərdə çökmüş, amma bu günlərdə dirilmiş Şahruddin. İndi sizlərə aydın olurmu ki, Qurbanov ilk gündən nəyə görə Şahruddinin yanında olduğunu deyirdi? İnsanın karyerasını kütlə zehniyyətinə uyub bir qərarla məhv etməyə nə var ki? Amma Qurbanovun etməli olduğu da elə bu idi. Futbolçunun məşqçisi olmaq, dostu olmaq, qardaşı olmaq. Onu çökməyə qoymamaq. İnanmaq, əlindən tutub ayağa qaldırmaq, ona ruh vermək, özünün 4-cü parlaq motivasiyasını yaratmaq. Və onu – Şahruddini yenidən Şahruddin etmək. 

 

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.