https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
https://525.az/img/pics/medium/2023-05/270325_t1f5o7k6ww.jpg Dərketmənin əzabından xilas yolları - Şəfa Vəli yazır
search
18 Aprel 2024

Mxitaryanın bacısı UEFA-da ölkəsi üçün hər şey edir, AFFA "Qarabağ" üçün heç nə etmir

Mxitaryanın bacısı UEFA-da ölkəsi üçün  hər şey edir, AFFA "Qarabağ" üçün heç nə etmir

Aydın BAĞIROV
[email protected]

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç "Frayburq"a vurduğu qolu bugünlərdə yeni doğulan ikinci qız övladına həsr etmişdi. Ona görə də monteneqrolu oyunçu sevincini Bebetosayağı məşhur tərzdə, körpəsinə qucağında laylay deyirmiş kimi qeyd etdi.

Sonra gəlib "CBC Sport"un kamerasını dayanmadan öpərək sevincini teleekran vasitəsi ilə onu izləyən ailə üzvləri ilə bölüşdü. Amma heç bir dəqiqə keçməmişdi ki, bu sevinci Veşoviçin də, onun doğma ailəsinin də, nəhayət, mənəvi ailəsinin - siz azarkeşlərin də əlindən tutub aldılar. Məhz həmin hakim qərarı doğru idimi, yanlış idimi, bunu müzakirə etmək artıq nəyisə dəyişməyəcək. Sadəcə, Veşoviçin bu an nə hiss etdiyini təsəvvür etməyə çalışıram, amma təsəvvür edə bilmirəm. Ona görə edə bilmirəm ki, bunu bilmək üçün qanınla, ruhunla, bütün varlığınla məhz Veşoviçin yerində olmaq lazımdır...

lll

Qarabağın bir zamanlarkı qara taleyini zaman-zaman onun adını daşıyan komanda da yaşayıb, indi yaşayır. Nə cür yaşayır? Gözümüzün önündə baş verir axı hər şey. Haqqı əlindən alınmaqla yaşayır.

Təmiz qolları sayılmamaqla...

Təmiz penaltiləri verilməməklə...

Klubun, bütöv bir komandanın, futbolçuların, o futbolçuların övladlarının haqqına girilməklə yaşanır.

Bir deyil, iki deyil, üç deyil, dörd deyil...  Klub danışır, media etiraz edir, azarkeşin əsəbdən ürəyi parçalanır. Amma özümüz deyib, özümüz də eşidirik. Səsimiz həmin hakimləri bura göndərən UEFA-ya çatmır. Çatdırmırlar. UEFA-nın burda rəsmən tanıdığı qurum olan AFFA çatdırmır. Sponsorluğa görə milyonları bir gün belə gecikmədən çatdırır, amma insanlarımızın haqlı etirazını illərdir çatdırmır...

Rəsmi, ya qeyri-rəsmi ciddi etiraz edilmir. Edilsə hakim səhvləri, VAR səhvləri bu həddə çatmaz, çata bilməzdi. UEFA-da "Qarabağ"a lobbiçilik etmirlər. Dəstək vermirlər. Bizim azarkeşin, klubun istəyi nədir? Nəticəyə təsir edən, təkrar edim, sırf nəticəyə təsir edən hakim səhvlərinin azalması. VAR-ın ədalətli işləməsi. Amma...

Ammalar çoxdur. Çox olanda isə suallar da artır, şübhələr də.

lll

Ermənilərin Henrik Mxitaryan adlı futbolçusu var. Bacısı UEFA-da işləyir. Tək canıyla ölkəsi üçün gücü çatan o iş qalmayıb ki, etməsin. Azərbaycanın da əleyhinə necə lazımdırsa, elə də işləyir. Bəs bizimkilər nə edib? UEFA-da, FİFA-da normal vəzifə tutanlarımız var. Orada təsir imkanları da az deyil. O dərəcədə ki, istəyəndə özlərini - özünü hətta FİFA-da direktor kimi yüksək vəzifəyə də gətirə bilir. Bu, balaca hadisə deyil. Öz çevrələrində  olanlara münasibətdə hər cür dəstək göstərilir. Lazım olanda ağır cəzaları belə yüngülləşdirə bilirlər. Amma söhbət bu ölkənin Avropa futbolundakı yeganə siması "Qarabağ"a çatanda bu cənablar olurlar lal-dinməz.

Çünki...

lll

Yeri gəlmişkən, Mxitaryanın bacısının UEFA-dakı vəzifəsi, təsir imkanı, maddi gücü çox geniş də deyil. Yəni bizim ordakı "innovativ kadrlarımız"dan qat-qat zəifdir. Amma məsələ görünür, bir tək pulda, vəzifədə də deyil. Həm də milli təəssübkeşlikdədir. O da hərədə bir cür olur: kimdəsə böyük, kimdəsə kiçik.

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.