|
|
|
|

Otuz ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədri kimi qərəzli, ədalətsiz mövqe nümayiş etdirən, vasitəçi olaraq görüntü xatirinə belə neytral qala bilməyən Fransa münaqişə həll edildikdən sonra da Azərbaycanla Ermənistan arasında aparılan normallaşma prosesinə zərbə vurmaqdadır. Hələ bu ay Praqada keçirilən Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderlərinin dördtərəfli görüşündə prezident Emmanuel Makronun ənənəvi ermənipərəst siyasətindən çıxış edərək Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığı güman edilirdi. Bu görüşdə Azərbaycan lideri ölkənin maraqlarını layiqincə qorudu. Makron isə sonrakı açıqlamaları ilə məqsədinin prosesi ancaq ləngitmək, Ermənistanın mövqeyindən çıxış etmək olduğunu göstərdi. Vətən müharibəsi müddətində Ermənistanın işğalına, separatizmə açıq dəstək verməklə, Fransa artıq vasitəçi olmaq haqqını tamamilə itirdi. Müharibədən sonra artıq keçmiş olan Minsk qrupunu dirçəldə bilməyən Makron digər vasitələrə əl atmağa çalışdı. Məqsəd isə dəyişməzdir - "Brüssel formatının işini pozmaq.
Makron sonuncu müsahibəsində ermənidən daha çox erməni olduğunu ortaya qoydu. Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Məlumdur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı və Qarabağ bütün dünya tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınıb.
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı deyib: "Biz öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".
Bundan başqa, Fransanın xarici işlər naziri də Azərbaycanın əleyhinə yalan bəyanatlar verilib.
Bütün bunlardan sonra isə Paris Praqa görüşünün uğurunu öz adına çıxmağa çalışır. Məsələn, bu ölkənin Azərbaycandakı səfiri Zakari Qross feysbukda yazır: "Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir... Yaşasın Praqa ruhu!".
Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun "Praqa ruhu"nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın "xüsusi xidməti" kimi təqdim etməsi "utanmasan, oynamağa nə var ki" ifadəsini yada salır.
Fransa XİN başçısı, prezident səviyyəsində verdiyi qərəzli və birtərəfli bəyanatlarla "Praqa ruhu"nu öldürür. Makronun son çıxışlarında Praqa yox, "Ermənistan ruhu" hiss olunur.
Milli Məclisin deputatı Rasim Musabəyov mövzunu "525"ə şərh edərkən deyib ki, Fransa həqiqətən sülh istəyirsə, bu prosesə qarışmağa cəhd etməsin: "Hansısa nəticənin əldə olunmasında Fransa tərəfinin, Makronun hər hansı bir rolu yoxdur. Ona görə də Praqa uğurunu adlarına çıxarmasınlar. Erməniləri sülhə getməyin lazım olması ilə bağlı ağıla gətiribsə, ancaq bundan sonra çıxıb deyə bilərlər ki, nəsə ediblər. İndi söylədikləri isə cəfəng fikirlərdir. Fransa nəinki prosesin irəliləməsi üçün kömək edir, əksinə olaraq Ermənistanı bu prosesdə ləngiməyə sövq edir. Ermənilərin Qarabağla bağlı iddialarına dəstək verir və bunların heç biri sülhə kömək edən məqamlar deyil".

Deputat deyib ki, Makronun sonuncu müsahibəsindən sonra Azərbaycan nəinki onun Azərbaycan-Ermənistan nizamlanma prosesi ilə bağlı hansısa təkliflərini nəzərə alacaq, heç onu dinləmək istəməyəcək: "Azərbaycan üçün Makronun səsələndirdiyi heç bir təklifin əhəmiyyəti yoxdur. O, ermənilərə təsir edib, onları sülhə gətirməli idi, ancaq biz bunu görmürük. Biz Makronun oturduğu yerdə danışıq aparmayacağıq. Öz sözlərini geri götürməyənə qədər onun daha bu prosesdə heç bir rolu olmayacaq. Azərbaycanla hədə ilə danışmaq istəyirlər. Fransa Senatında ölkəmizə qarşı hansısa bir qərarlar qəbul etmək istəyirlərsə, gedib öz senatorları ilə danışsınlar. Biz Fransa ilə heç bir şəkildə Azərbaycan- Ermənistan münasibətləri ilə bağlı danışmaq niyyətində deyilik. Cənab Prezidentin Astanadakı açıqlamasını yada salaq. Bu o deməkdir ki, Fransa prosesdə daha olmayacaq".
R.Musabəyov əlavə edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəçi kimi bu prosesdə daimi birtərəf mövqedən çıxış edir: "Fransa nəyisə təkid etməyə başlayır, Mişel isə heç nəyi təkid etmir, bizə burda hansısa bir iradəni sırımaq üçün dövlətin rəhbərinin iştirakına ehtiyac duymuruq".
Deputat baş verənlərin münasibətlərə təsirindən də danışıb: "Düzdür, Fransa böyük dövlətdir, tarixi, mədəni təsirləri var, iqtisadi cəhətdən kifayər qədər imkanlıdır. Ancaq Fransa Azərbaycanla iqtisadi əlaqələrdə heç ilk onluğa da düşmür. Azərbaycanın Avropada əsas tərəfdaşları Böyük Britaniya, İtaliyadır. Ölkəmizin İsraillə dövriyyəsi belə Fransa ilə dövriyyədən qat-qat çoxdur. Fransanın neft-qaz tələbatının bir faizini təmin edirik, bundan imtina edirlər, cəhənnəmə etsinlər. Azərbaycanın neft-qazını ikiəlli hər yerdən almağa hazırdırlar. O ki qaldı Fransadan Azərbaycana hansısa texnika və texnologiyanın ixracına, Fransadan Azərbaycana elə şeylər ixrac olunmur ki, onu İtaliya, Almaniya, Britaniya əvəzləməsin. Düşünmürəm ki, iqtisadi və digər münasibətlərdə soyuqluq olduğu halda Azərbaycan bundan nəsə itirsin, Fransa da itirəsi deyil, hər kəs qalacaq öz marağında".



