|
|
|
|

Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. İki ölkə bir sıra sahələr üzrə fəal əməkdaşlıq edir. Eyni zamanda, bir çox önəmli layihələr həyata keçirilir ki, bunlar təkcə bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. İki gün əvvəl Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki qonşu və dost ölkənin münasibətlərinin inkişafında yeni təkan oldu. Azərbaycan liderinin Gürcüstanda xüsusi rəğbətlə qarşılanması rəsmi Tbilisinin ölkəmizlə əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi. Səfər zamanı münasibətlərin hazırkı durumu dəyərləndirilirdi, iqtisadiyyat, enerji, nəqliyyat məsələləri, yeni layihələr, bir sözlə, perspektivlər müzakirə edildi.
Maraqlı məqamlardan biri də Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsinin aparılması olub. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı baş nazir İrakli Qaribaşvilini məlumatlandırıb. Dövlət başçısı deyib ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar: "Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq".
Qeyd edək ki, bu ilin 9 ayında iki ölkənin ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. İki ölkənin yükdaşımaların həcmi də bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq nəzərdə tutulub.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Gürcüstan ölkəmizin strateji müttəfiqlərindən hesab olunur. Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir.

Deputat deyib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir: "Bu ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu, əvvəlki ilin ümumi dövriyyəsi ilə demək olar ki, eynidir. Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30.0 faiz artıb. 2020-ci ildə 536 milyon 202 min dollarlıq dövriyyə qeydiyyata alınmışdı. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər".
Digər tərəfədən, iqtisadçı xatırladıb ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir: "Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu, Gürcüstana qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir. İqtisadi əməkdaşlıqla yanaşı, Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir. Vətən müharibəsində Gürcüstanın mövqeyi kifayət qədər təqdirəlayiq qiymətləndirilir. Bu isə münasibətlərimizin dayanıqlığını bir daha təsdiq edir".
Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü, Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. Deputat vurğulayıb ki, bu əlaqələr müasir dövrdə regionun inkişafı və əbədi sabitliyi üçün də mühüm önəm kəsb edir. Prezidentin Gürcüstana səfəri çərçivəsində səslənən fikirlər də bunu bir daha təsdiqləyir.

"İkitərəfli əməkdaşlıqdan söz düşmüşkən, bildirim ki, bu ilin 9 ayında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Heç şübhəsiz ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki dövlət arasındakı əməkdaşlığı daha da gücləndirir. Məlumat üçün bildirim ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir".
Deputat qeyd edib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığını xarakterizə edən bir məqam da bir çox önəmli layihələrin reallaşdırılmasıdır: "Həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, səfər çərçivəsində bu məsələ diqqət mərkəzində oldu. Yəni qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Eyni zamanda, bəyan edildi ki, bununla bağlı gələcək müzakirələrə ehtiyac var. Bundan başqa o da məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var. Sadəcə, fikrimizi ümumiləşdirsək deyə bilərik ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Əlbəttə hazırda Azərbaycan elə bir gücdədir ki, onunla strateji, iqtisadi və s. sahələrdə tərəfdaşlıq ancaq həmin dövlətin xeyrinə atılmış addım olar. Çünki Azərbaycan həm həyata keçirdiyi layihələrdə, həm də digər məsələlərdə sözünə sahib olan və inanılmış bir tərəfdaşdır".



