|
|
|
|

Cənubi Qafqaz və konkret olaraq, Azərbaycan ətrafında elə sürətli geosiyasi hadisələr baş verir ki, ekspertlər onların daxili məntiqini və xarici təsir faktorlarını analiz etməkdə bir qədər "geridə" qalırlar. Əslində, belə bir qürurverici dinamikanın formalaşacağı ilə bağlı İkinci Qarabağ müharibəsindən sonra proqnozlar verilirdi, indi isə gündəmdə konkret faktlar vardır. Bu prosesin başlıca "siyasi-diplomatik punktları"nı təşkil edən bir neçə hadisə prizmasından maraqlı məqamları görmək mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa siyasi birliyi"nin Praqa Zirvə Toplantısında iştirakı zamanı bütün dünyaya dərin geosiyasi tezislər bəyan etmişdi. Aydın olmuşdu ki, Azərbaycan dövləti dərin düşünülmüş, ardıcıl, barışa, sülhə və əməkdaşlığa istiqamətlənmiş siyasi kurs həyata keçirir. Bu, Ermənistanla Azərbaycanı geosiyasi müstəvidə fərqləndirən mərkəzi punkt idi - Ermənistan qeyri-konstruktiv, pozucu kurs seçmiş geosiyasi güclər düşərgəsində, Azərbaycan isə konstruktiv, multikultural və proqressiv inkişaf və əməkdaşlıq düşərgəsində olduğunu göstərdi. Özü də bu düşərgədə Azərbaycan aktiv, təsir gücünü getdikcə artıran aktordur.
Bu mövqenin məhz Avropada daha aydın və dolğun təqdim edilməsinin də xüsusi geosiyasi əhəmiyyəti vardır. Avropalılar Azərbaycanın müstəqil dövlət kimi geosiyasi kimliyini öz evlərində bir daha bildilər. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Asiyadan verdiyi mesajlar Praqa zəfərinin "yol xəritəsi"ni tamamladı. Oktyabrın 11-14-də Mərkəzi Asiyanın iki türk ölkəsindən - Qırğızıstan və Qazaxıstandan İlham Əliyev yenidən dünyaya əhəmiyyətli tezislərini bəyan etdi.
Oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan və Qırğızıstan dövlət başçılarının iştirakı ilə Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə iclası keçirildi. Qırğızıstan rəhbəri Sadır Japarov hər iki ölkənin əsl strateji tərəfdaşlıq münasibətləri nümayiş etdirdiyini ayrıca vurğuladı.
Azərbaycan Prezidenti türk dünyasının yeni potensial əldə etdiyini qeyd etdi. Azərbaycanın dövlət başçısı bu yolu necə getmənin təməl tezisini gözəl məzmunda və lakonik olaraq ifadə edib. İlham Əliyev deyib: "Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq".
Bu, ancaq Böyük Liderin, qüdrətli siyasi və dövlət xadiminin dərin zəkasının və öz xalqının tarixinə dərindən bələd olmasının yaratdığı "siyasi yol xəritəsi" ola bilər! İlham Əliyev türk dövlətlərinin birliyinin real müstəvidə hansı şərtlər daxilində məzmunlaşa biləcəyinin nümunəsini göstərib. Bu "yol xəritəsi"ndə türk dövlətlərinin mədəniyyət, barış, sülh və əməkdaşlıq müstəvilərində birləşdiyi açıq ifadə edilib. Və strateji olaraq həmin kurs dəyişməyəcək. Bunun təsdiqlərindən biri kimi Azərbaycan ilə Qırğızıstan arasında imzalanan sənədlərin məzmununu göstərə bilərik.
Vurğulanan kontekstdə Azərbaycan rəhbərinin Bişkekdə ifadə etdiyi bir fikir çox cəlbedicidir. İlham Əliyev bəyan edib: "...Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik". Bu tezisin geosiyasi anlamında hansı məqamlarını qeyd etmək olar?

Hər şeydən öncə, İlham Əliyevin Orta Dəhliz nəqliyyat-logistika layihəsini reallaşdırmaq məsələsini daha geniş miqyasda gündəmə gətirməsi və həmin istiqamətdə konkret siyasi-diplomatik qətiyyət göstərməsi çox vacib məqamdır. Məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti həmin layihəni geniş geosiyasi məkanda sülh və əməkdaşlığa ciddi töhfə verə biləcək kontekstdə daha da canlandırmaqdadır.
Bu isə özlüyündə digər əhəmiyyətli geosiyasi məqamı aktuallaşdırır. Biz Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolu layihəsinin türk dövlətlərinin əməkdaşlıq perspektivləri ilə əlaqələndirilməsini nəzərdə tuturuq. Eyni zamanda, İlham Əliyev bu bağlılığa ancaq nəqliyyat-logistika əlaqələri kontekstində deyil, transmilli beynəlxalq layihə miqyasında geosiyasi məzmun verir.
Konkret olaraq, türk dövlətlərinin əməkdaşlığını qlobal geosiyasi-iqtisadi və kommunikasiya reallıqları ilə uyğunlaşdırmaq məqsədinin mövcudluğunu bəyanlayır.
Bu, tarixi hadisədir, çünki gənc bir türk dövlətinin - Azərbaycan Respublikasının Prezidentinin dünya miqyasında əməkdaşlıq və təhlükəsizliyə xidmət edən Lider olduğunun təsbitidir. Qürur verir!
Bunu daha aydın dərk etmək üçün dövlət başçısının Astanada beynəlxalq forumda irəli sürdüyü təkliflərə bir daha nəzər salmaq gərəkdir. İlham Əliyev oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib. AQEM bir çox aspektlərdə vacib bir platformadır. Hazırda qlobal geosiyasi proseslərin aktivləşdiyi bir məkanda qarşılıqlı fəaliyyət və etimad məsələsi böyük əhəmiyyət kəsb edir.
Bunun səbəbləri Asiya qitəsi və ona yaxın geosiyasi məkanlarda cərəyan edən hadisələrin təhlilindən aydın nəzərə çarpır. Çoxlu sayda silahlı münaqişə ocaqlarının meydana gəldiyi, müxtəlif istiqamətlərdən separatizmin alovlandırıldığı böyük bir məkanda sabitliyi qorumaq və dövlətlər arasında etimadı təmin etmək, sözsüz ki, strateji məna daşıyır. Həmin səbəbdən də hansı ölkənin nə təklif etməsi, konkret hansı addımları atması həmişə maraq doğurur. Azərbaycan dövləti öz təşəbbüsləri ilə AQEM platformasında da diqqət mərkəzindədir. İlham Əliyev AQEM-in 6-cı Zirvə Toplantısında regional və qlobal geosiyasət üçün vacibliyi danılmaz olan bir neçə məsələ haqqında maraqlı fikirlər ifadə edib.
İlk növbədə, Azərbaycanın Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini vurğulayan dövlət başçısı Mərkəzi Asiyanın ən böyük dövləti ilə münasibətlərdə rəsmi Bakının konkret mövqeyini ortaya qoyub. Yəni Azərbaycan dövlət olaraq Qazaxıstanın sabitliyində, inkişafında və daha da demokratikləşməsində səmimi olaraq maraqlıdır və bu istiqamətlərdə K.-J.Tokayevin atdığı addımları dəstəkləyir. Bu fikri ekspertlər eyni zamanda Türk Dövlətləri Təşkilatının mövqeyi kimi də qiymətləndirirlər. Asiyada sabitlik, qarşılıqlı fəaliyyət və etimadın gözəl nümunələrindən biri bundan ibarətdir.
Ölkə rəhbəri AQEM-in Zirvə Toplantısındakı çıxışında 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və əməkdaşlıq istiqamətlərində atdığı addımları vurğulayıb. Prezident İlham Əliyev deyib: "...iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi".
Qarşılıqlı fəaliyyət və etimad: Orta Dəhliz ideyası kontekstində
Lakin Ermənistan 30 ilə yaxın müddətdə şəhərləri, kəndləri, mədəni və dini abidələri, o cümlədən, məscidləri dağıdıb, təhqir və talan edib. İşğalçılar məscidlərdə heyvan saxlayıblar. Dövlət başçısının bütün bunlara qarşı 30 il müddətində erməni cəmiyyətinin heç bir etirazını bildirməməsini vurğulaması yerində olan iraddır. Buradan belə nəticə alınır ki, erməni cəmiyyəti də mövqeyinə yenidən baxmalı və ədalətsizlikdən əl çəkməlidir. Əks təqdirdə, ermənilərin cəmiyyət olaraq da qarşılıqlı fəaliyyətə və etimada hazır olmadığı nəticəsi çıxır. Həmin kontekstdə Azərbaycan Prezidentinin aşağıdakı fikirlərinin böyük mənası vardır. İlham Əliyev ifadə edib: "Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.
Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir".
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsini də xüsusi bir problem kimi qeyd edən ölkə rəhbəri "Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır" fikrini Zirvə Toplantısının iştirakçılarının diqqətinə çatdırıb.
Prezident İlham Əliyev bütün bunlara rəğmən, Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq və etimad mövqeyindən qətiyyən dönmədiyini vurğulayıb ki, onun da təsbiti ölkəmizin "Böyük Qayıdış" proqramına artıq başladığını bəyan etməsidir. Bu proqramda Qarabağdan ermənilərin deportasiya etdikləri soydaşlarımızın öz yurdlarına sistemli, ardıcıl və düşünülmüş şəkildə geri dönmələri öz əksini tapıb. Bununla Azərbaycan öz üzərinə düşən humanitarlığı və humanizmi bir daha nümayiş etdirir.
Azərbaycanın regionda oynadığı pozitiv-sabitləşdirici geosiyasi missiyanın digər mühüm aspekti Bakının İrəvana sülh müqaviləsi imzalamağı, nəqliyyat kommunikasiyalarını (o cümlədən, Zəngəzur dəhlizini) açmağı, ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımağı təklif etməsi ilə bağlıdır. Rəsmi İrəvan hələlik bu təkliflərə birmənalı cavab verməyib. Əksinə, onun yeni ssenarilərə uyduğunu müşahidə edirik.
Azərbaycan isə genişmiqyaslı nəqliyyat infrastrukturu layihələrini həyata keçirərək ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu ilin doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzitin təxminən 65 faiz artması bu baxımdan vacib göstəricidir. İlham Əliyev vurğulanan aspektdə önəmli bir fikri də diqqətə çatdırıb. Dövlət başçısı ifadə edib: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".
Bununla Azərbaycan Prezidenti Orta Dəhliz ideyasının iqtisadi-nəqliyyat və logistika aspektlərinin qarşılıqlı bağlılığını və burada Zəngəzur dəhlizinin oynadığı rolu dəqiq ifadə edib. Prezidentin bu mövqeyi onun öncəki beynəlxalq tədbirlərdə irəli sürdüyü təkliflərlə sıx bağlılığını və onların məntiqi davamı olduğunu göstərir.
Astanadakı çıxışı zamanı ölkə rəhbərinin irəli sürdüyü başqa bir əhəmiyyətli məqam qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq təşkilatların potensialından fəal istifadə etmək fikri ilə əlaqəlidir. İlham Əliyev nümunə kimi Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyətinə toxunub. Qarşılıqlı fəaliyyət və etimad aspektində burada Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində "həmrəyliyi gücləndirmək" xəttinin daha da inkişaf etdirilməsini perspektivli hesab etdiyini ifadə edib. Ona görə də Bakı "Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir" və "Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir". Misal olaraq Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması göstərilir.
Bütün bunlar Azərbaycan rəhbərinin Astanada, faktiki olaraq, iki mühüm mesaj verdiyini təsdiq edir. Birincisi, rəsmi Bakı Asiyada qarşılıqlı fəaliyyət və etimad naminə konkret addımlar atır, fəaliyyətində həmin məqamı tam şəkildə nəzərə alır. Türk Dövlətləri Təşkilatındakı fəaliyyət də həmin məqsədlə sıx bağlıdır. Bütün aspektlərdə TDT sabitlik, sülh, barış, əməkdaşlıq və təhlükəsizliyin təmininə çalışır. Və Azərbaycan həmin prosesləri qlobal miqyasda sabitlik və əməkdaşlığa xidmət istiqamətinə yönəltməyə çalışır. Bakının Cənubi Qafqazda atdığı addımlar da həmin məqsəd daxilindədir.
İkincisi, Orta Dəhliz layihəsi vurğulanan məqsədə nail olmaqda mühüm faktorlardan biri kimi qəbul edilməlidir. Azərbaycan Prezidenti Sofiya-Praqa-Bişkek-Astana marşrutu üzrə həyata keçirdiyi səfərlərdə bu ideyanı dolğun şəkildə ifadə edib və hamının rəğbətini qazanıb. Zəngəzur dəhlizinin də Orta Dəhliz çərçivəsində qəbul edilməsi zərurətini ifadə edən İlham Əliyev qlobal geosiyasi uğura imza atıb.
Bütün bunların sayəsində Orta Dəhliz layihəsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri halına gəlib ki, bu da öz növbəsində müstəqilliyin yeni səviyyədə özünü göstərdiyini təsdiqi edir.
Məsələ ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, xarici siyasətinin prioritetləri sırasına konkret nəqliyyat-logistik proqramı daxil edib. Bu məqama adətən, oturuşmuş və güclü siyasi, iqtisadi, geosiyasi mövqeyi olan dövlətlər çata bilirlər. Deməli, Azərbaycan artıq o səviyyəni də "yaxalayıb". Dövlətçilik baxımından bunun tarixi məqam olması qətiyyən şübhə doğurmur.
...Və Zəngilan: Zəngəzur dəhlizinə cəmi bir addım qalır...
Məhz həmin bağlılıqda da biz Zəngilan Beynəlxalq Hava Limanının Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışına nəzər sala bilərik. Hansı aspektdən baxsaq, bunun sıradan bir hadisə olmadığına əmin ola bilərik. Azərbaycan sərhəd zonasında özünün varlığını yeni miqyasda təsdiq edir. Sərhəd boyunca möhtəşəm sosial, iqtisadi, informasiya, logistika və kommunikasiya obyektlərinin inşa edilməsi müstəqil dövlətin gücünün göstəricisidir. Hava limanları bu sırada xüsusi yer tutur.
Qısa bir müddətdə Qarabağın azad edilmiş hissəsində bir neçə hava limanını müasir tələblərə tam uyğun formada inşa edib, onun beynəlxalq miqyasda təqdimatını təşkil etmək böyük idarəçilik məharəti tələb edir. Zəngilan isə Şərqi Zəngəzurda yerləşir. Deməli, daha geniş aspektdə Zəngilan Hava Limanı Orta Dəhliz layihəsi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bununla sübut edir ki, Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrdə çox aktiv iştirak edə bilər.
Digər tərəfdən, Azərbaycan Zəngəzurda sürətlə ən mürəkkəb struktura malik yeni obyektlər inşa edə bilər. Onları təhlükəsiz şəkildə təqdim edib, qoruya bilər. Yəni bu obyektlərdən dünya sabit və təhlükəsiz şəkildə istifadə edə bilər. O cümlədən, Asiya ölkələri üçün geniş qarşılıqlı fəaliyyət və etimad imkanları yarada bilər.
Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək dəhlizlə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə "Şərq-Qərb", Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.
Nəhayət, Azərbaycan Orta Dəhliz layihəsi çərçivəsində xeyli işlər görüb. Onun son nümunəsi Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu isə Zəngəzur dəhlizinə bir addımın qaldığını göstərir. Azərbaycan bununla "topu" beynəlxalq güclərə "ötürür".
Həmin bir addımı atmaq üçün lazım olan şərait yaradılmalıdır. Bu səbəbdəndir ki, regionda həm Zəngəzur dəhlizi tərəfdarları, həm də onun yeganə əleyhdarı olan İran və Ermənistan fəallaşmağa çalışırlar. Fransa da müəyyən dərəcədə onlara dəstək olmağa çalışır.
İran açıq şəkildə təcavüzkarı dəstəklədiyini və ona yardımlar edəcəyini bəyan edib. Rəsmi Tehran hətta yeni geosiyasi konfiqurasiya yaratmaq eşqinə də düşüb. Tehran gizlətmədən deyir ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir və Tehran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək.
Görünür, Rusiyadan uzaqlaşmaq məqsədində olan Ermənistanı İran öz təsiri altına almağa çalışır. Lakin Qərbin buna imkan verməyəcəyini Tehranda anlamış olmalıdırlar. Deməli, İran və Ermənistan qlobal miqyasda Orta Dəhlizə qarşı mövqe tutublar.
Beləliklə, Cənubi Qafqazda geosiyasi dinamika yenə dəyişir. Konstruktiv mövqe tutanlarla regionu riskə atanlar arasında mübarizə daha intensiv xarakter alır. Bu prosesdə Azərbaycanın müsbət rol oynaması çox əhəmiyyətlidir. Onun getdikcə daha da artacağı proqnozlaşdırılır.
Kamal ADIGÖZƏLOV



