|
|
|
|

Bir neçə il öncə regionda Ermənistana ən çox dəstək verən, onu silahla təmin edən ölkə şübhəsiz ki, Rusiya idi. Lakin hazırda bu mövqeyə ən çox yiyələnənməyə çalışan ölkə İrandır.
İranla Ermənistan arasında həmişə isti münasibətlər olub. Hətta İranın öz ərazilərində yaşayan erməni icmasına olan yaxşı münasibəti də yüksək səviyyədədir. İranda hər il aprelin 15-i ermənilər özlərinin qondarma “soyqırım” günləri münasibətilə yürüyüş keçirə bilirlər. İran polisi isə onları mühafizə də edir. Onların İranda kilsələri, övladları üçün erməni dilində təhsil verən məktəblərin olması İran-erməni dostluğunun sıx olduğunu, İranda erməni icmasına daha çox rəğbət bəsləndiyini göstərir. Lakin orada yaşayan təxminən 20-25 milyon nəfərlik azərbaycan türkünün öz dilində təhsil almasına, hətta öz övladlarına Azərbaycan adları belə qoymalarına imkan verilmir. Bu İranın tarix boyu Azərbaycana qarşı olan aqressiyasından irəli gəlir.
2020-ci ildə Azərbaycan ordusunun Vətən Müharibəsində qalib gəlməsi də Fransa qədər elə İranı da narahat etmişdi. Müharibə dövründə onların ərazisinə mərmi düşməsi bəhanəsi ilə Azərbaycana xəbərdarlıq etmələrini, ordumuz Cəbrayılı işğaldan azad etdiyi vaxta Arazın o tayında olan soydaşlarımızın bunu qürurla, sevinclə izləyib alqışladıqları zaman buna müdaxilə etmələrini, hətta bu il ərzində 2 dəfə təlim adı ilə Azərbaycanla sərhədə qoşun yeritmələrinin də anti-Azərbaycan mövqeyindən irəli gəldiyini hesab etmək olar. Son bir ildə isə, İran Ermənistanı daha açıq, qətiyyətli formada dəstəkləyir. Qafanda konsulluq açmaq isə bunun ən pik nöqtəsi idi.
Bəs İranın bu addımları tam olaraq nədən irəli gələ bilər və bunu İranın Ermənistan üzərindən Qafqaza hakim olmaq cəhdi kimi hesab etmək olarmı?
Bununla bağlı 525.az-a danışan politoloq Qabil Hüseynli İranın bu addımları ilə Ermənistana nəzarət etmək istədiyinin göründüyünü, amma bunun belə olmadığını deyib: “Bu gün İran-Ermənistan münasibətlərində ən çevik tərəf Ermənistandır. Belə görünə bilər ki, İran Ermənistana nəzarət etmək istəyir, amma bu belə deyil. Əslində Ermənistan İranı qızışdırıb Azərbaycanın üzərinə yönləndirmək istəyir. Həm də bölgədə yaradılan istənilən gərginlik hələki Ermənistanın xeyrinədir. Ermənistan bu sülh yaratma prosesində vaxt qazanır və beləliklə Azərbaycanla nəzərdə tutulan sülhün bağlanması işi ləngidilir”.
Bəs Ermənistanın arzuladığı bu gərginlik, onun qədər İranın da xeyrinə olacaqmı? Bu proseslər Rusiya və İranın Qafqaz üzərindəki maraqlarının toqquşmasına səbəb ola bilər?
Politoloq suallara: “İranın bölgədəki aktivliyi ilə bağlı Rusiyanın da gizli razılığı var. Rusiya sanki baş verənlərdən bir növ ləzzət alırmış kimi İranın bölgədəki qoluzorluluğuna, müxtəlif hərbi əməliyyatlar keçirməsinə tamaşaçı münasibəti bəsləyir və bu hərəkətləri pisləyən hər hansı münasibət bildirmir. Üstəlik, İranın Cənubi Qafqazda nüfuz sahibinə, strateji maraqlara yiyələnmək cəhdi də Rusiya tərəfindən hələ ciddi etirazlarla qarşılanmır. Bu nöqteyi-nəzərdən Cənubi Qafqaz məsələsi üzrə Rusiya ilə İran arasında hansısa gizli bir sövdələşmənin olduğunu da söyləmək mümkündür”, - deyə cavab verib.
Ancaq bir məqam da var ki, əgər İran həqiqətən də Qafqazda nüfuz sahibinə çevrilmək istəyəcəyi halda, Ermənistanın onun üçün nə qədər uğurlu bir vasitə olacağıdır. Həm Türkiyə, həm də Azərbaycanla sərhədləri bağlı olan, mühasirədə qalan Ermənistanın iqtisadi, hərbi cəhətdən necə bir böhran içində olduğu göz önündədir. Onun hər iki ölkə ilə olan sərhədləri açılmadığı təqdirdə isə Ermənistanın bu böhrandan çıxa bilməsi mümkün görünmür. Belə bir vəziyyətdə İran Ermənistan üzərindən nə əldə edə bilər?
Politoloq Qabil Hüseynli bildirdi ki, əgər Ermənistan Qərbyönümlü siyasət yürüdüb, qərbə inteqrasiya etmək xətti götürübsə, onun İranla hər hansı bir əlaqəsi Qərb tərəfindən ciddi qısqanclıqla qarşılanacaq: “Ermənistan heç zaman İran üçün uğurlu müttəfiq olmayacaq. Əgər Ermənistan Qərbyönümlü siyasət yürüdürsə, Qərbə inteqrasiya xətti götürmək istəyirsə və hətta bu məqsədlə Rusiyanın başını çəkdiyi KTMT-dən çıxmaq istəyirsə, onun İranla hər hansı bir əlaqələri Qərb tərəfindən ciddi qısqanclıqla qarşılanacaq və onun Qərbə yönəliş siyasəti iflasa uğrayacaq. Ona görə də Ermənistan-İran sazişi hələlik müvəqqəti xarakter daşıyır, Azərbaycana qarşı olan təhdidlər hər ikisinin maraqlarına müəyyən mənada uyğun gəlir, amma bir azdan sonra Ermənistan tərəfi Rusiyaya arxa çevirdiyi kimi, İrana da arxa çevirəcək və ona da belə deyək zərbə vurmağa başlayacaq”, - deyə o qeyd edib.
Bir məsələni də qeyd etmək lazımdır ki, İranın bu regionda güclənməsi sadəcə Azərbaycanın yox, Türkiyənin və hətta İsrailin də maraqlarına ziddir. İranın Qafanda konsulluq açmasının ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada konsullluq açılacağını bildirmişdi. Bir neçə gün öncə Millət vəkili Arzu Nağıyev isə İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlayacağını qeyd edib. Bu onu göstərir ki, İran nə qədər bu regionda hakim olmağa cəhd etsə, İsrail və Türkiyənin bir o qədər regionda güclənməsinə səbəb ola bilər. Çünki Azərbaycanın da, Türkiyə və İsrailində regiondakı maraqları üst-üstə düşür.
Fərid Sançar



