|
|
|
|

Azərbaycan ictimaiyyətinə Konstantin Zatulini xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, illərdir ermənilərə sadiq qul kimi xidmət edir, Azərbaycana qarşı isə qərəzli, ləyaqətsiz mövqe sərgiləyir. Erməni əsilli rusiyalı jurnalist, RT-nin baş redaktoru Marqarita Simonyan da bu sıradadır. Jurnalist prinsiplərini unudan bu qadın Kremlin təbliğatçısı olmaqla, dezinformasiyanın başında dayanır və Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir.
Ermənistan hakimiyyəti də onların hər ikisinin "xidmətlərini" eyni cür qiymətləndirib - Zatulin-Simonyan cütlüyünün ölkəyə girişinə qadağa qoyub.
Bu qərarın qəbul edilməsinə səbəb nə oldu? Sadiq qullar niyə cəzalandırıldı? Əvvəlcə qeyd edək ki, Zatulinlə bağlı xəbəri ilk olaraq baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti yazıb. Nəşr vurğulayıb ki, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur. Belə ki, o, ictimai çıxışlarında dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibədə məğlub olmaqda günahlandırıb. Bundan başqa, Zatulin Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu dəfələrlə bildirib. Rusiyalı deputat hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda da ittiham edib.
Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan isə Ermənistana girişinin qadağan edilməsini öz teleqram kanalında yazıb: "Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənə də".
Zatulin teleqram kanalında Ermənistana girişinə qoyulan qadağaya münasibət bildirib. O, oktyabrın 25-də rəsmi elektron poçtuna Ermənistan parlamenti rəhbərliyi adından "arzuolunmaz şəxs" elan edilməsi barədə məktub gəldiyini yazıb.
Zatulin bunu təhqiramiz addım kimi qiymətləndirib və Ermənistan hakimiyyətinin yeni kursundan xəbər verdiyini söyləyib.
İllərdir erməni lobbisinin pulu ilə qidalanan Zatulin Azərbaycan həqiqətlərinə, ermənilərin törətdiyi qətliamlatra, vandal aktlarına göz yumub, onların mənafeyini əks etdirən təxribat xarakterli açıqlamalar verib. Bu şəxs hətta vaxtilə işğal altında olan Qarabağa qanunsuz səfər edib, orada separatçıların keçirdiyi "parlament seçkilərində" müşahidəçi kimi iştirak edib. Azərbaycan Zatulinin qanunsuz əməlləri ilə bağlı Rusiyaya nota verib və onun adı XİN-in "qara siyahısı"na salınıb.
Zatulin hakim "Vahid Rusiya" partiyasının üzvü, Dumada komitənin sədr müavinidr. Koçaryana açıq dəstəyini bildirən Zatulinə dəstək bəyanatları da elə erməni müxalifətçilərdən gəlib.
"Ermənistan" müxalifət blokundan olan deputat Aqnessa Xamoyan deyib ki, hakimiyyət Zatulinin girişinə qadağa qoymaqla ölkənin maraqlarını deyil, yalnız öz mənfəətlərini rəhbər tutur. O xatırladıb ki, Zatulin "həmişə ermənipərəst baxışları ilə seçilib,
"Çiçəklənən Ermənistan" partiyasından keçmiş deputat İveta Tonoyan isə qeyd edib ki, Zatulinin persona non qrata elanı Rusiya ilə münasibətlərin dəyişməsindən xəbər verir. "Biz strateji müttəfiqimizlə münasibətlərdə baş verən dəyişiklikləri görürük. Bu gün biz Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulmasından xəbər tutduq. Zatulin ermənipərəst fəaliyyətinə görə Azərbaycanda "arzuolunmaz" şəxs elan edilib. Bu, ən azı belədir. Qəribədir ki, Ermənistan hakimiyyəti də belə edir".
Xatırladaq ki, bu ilin sentyabrında Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı təxribatına münasibət bildirən Zatulin deyib ki, Ermənistanda daxili vəziyyətin problem olaraq qaldığını: "Bu böhrana yol verən qeyri-populyar hökumət öz silahlı qüvvələrinin alçaldılmasına, deqradasiyasına icazə verdi".
Simonyana gəlincə, onun həm özü, həm də həyat yoldaşının məhz Ermənistan hakimiyyətinə yönəlmiş bəzi açıqlamaları, görünür, Paşinyan hökumətində qıcıq yaradıb və belə bir qərar qəbul edilib. Cütlük Ermənistanın hakim dairələrini Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edib. Məsələn, bir müddət əvvəl Simonyan teleqram kanalında yazıb: "İndi Rusiyanı tənqid etməyə cəsarət edən hər hansı bir erməni gedib çirkli dilini kəssin. Ermənistan vətəndaşları yalnız özlərini tənqid edə bilərlər. Erməni xalqının yeganə tarixi müdafiəçisi ilə mübahisə edərək bu müharibənin ilkin şərtlərini yaratmış milli bir xaini hakimiyyətə gətirdikləri üçün. Hanı onun sorosları, Dövlət Departamenti, Pentaqonu, Makronu.., başqa kim var? Sizi xəritədə tapa bilmirlər. İrəvanı tapa bilməyəcəklər, nəinki Stepanakerti (Xankəndini - red.). O da ola kömək etmək".
Simonyanın həyat yoldaşı jurnalist Tiqran Keosayan bir müddət əvvəl Teleqramda yazıb: "Axmaqları artıq xilas edə bilməzsən, ağıllılar isə hər şeyi doğru başa düşüblər. Paşinyanın erməni xalqının vahid qan dövranı sistemi kimi məhvi kursu, milli identifikasiyanı və dünyada yeganə müttəfiqini itirməsi respublikanın özünün mövcudluğu üçün real təhdid yaradıb. Burada dostluq haqqında saxta sözlərlə yaxa qurtarmaq mümkün deyil, burada addımlar atmaq lazımdır. Paşinyan Rusiya ilə konstruktiv dialoqa qadir deyil".
Bu mövqeyindən sonra ona qarşı Ermənistandan sərt tənqidlər səsləndirilməyə başladı və erməniləri satdığı, "Putinin qulu" olduğu bildirildi.
Yaxud, "Rossiya 1" telekanalının efirində Simonyan deyib: "Qərbə inanmaqdan, ümid etməkdən öncə, bu Qərbə tam olaraq qul olan ölkələrə nəzər salın. Götürək elə mənim də vətənim sayıla biləcək Ermənistanı... Ermənistan lideri sayılan Paşinyanı mənim burda tənqid etmək fikrim yoxdu. O, Putinlə 100 dəfə də görüşsə, mənim ona qarşı fikirlərim dəyişməyəcək. Mənim fikrimcə, o, erməni deyil. Baxın, Ermənistanda hazırda nələr baş verir - orta məktəblərin ibtidai siniflərində "seksual orientasiya" dərsləri... Mən uşaqlıqda "seks" sözünü İrəvanda desəydim, məni elə vurardılar ki... Bu proseslər ermənilərin mentalitetini dəyişməyə yönəlib. Geyparadlar, LQBT -yə Ermənistandan dəstəklər bu prosesin bir qoludur".
Simonyan Paşinyanı başqa bir tənqidində onun Rusiya əleyhinə addımlarını sadalayıb, ardınca isə "Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək", yazıb.
Belə... Burda deyirlər ki, "Çanax öz başında çartladı". Yəqin ki, Ermənistandan aldıqları "mükafatı" Zatulin və Simonyan ömür boyu unutmayacaqlar.



