|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Ukraynanın ilhaq etdiyi Krımın Sevastopol şəhərində Rusiya hərbi və mülki gəmilərinə hücum təşkil etdiyini açıqlayıb.
525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində baş verənlərlə bağlı açıqlama verib. Ukraynanın Rusiya gəmilərinə hücum təşkil etdiyini bildirən Konaşenkov: "Kiyev rəhbərliyi saat 04:20-də Sevastopol bazasında Rusiya Qara Dəniz Donanmasının gəmilərinə və mülki gəmilərə qarşı terror aktı həyata keçirdi", - deyib. Konaşenkov hücumda çoxlu sayda pilotsuz uçuş aparatının istifadə və onların hamısının məhv edildiyini bildirib.
Hücuma məruz qalan Qara Dəniz Donanmasının gəmiləri taxıl müqaviləsi çərçivəsində yaradılan dəhlizin təhlükəsizliyinin təmin edilməsi prosesindədir. Sözügedən hücumun hazırlıq prosesinə ingilis hərbi mütəxəssislərinin də cəlb edildiyini bildirən Konaşenkov: "Bu hücumun hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin əsgərlərinin təlim prosesi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib", - ifadəsini işlədib.
Konaşenkov Böyük Britaniyanı "Şimal axını" borularının partladılmasında əli olmaqda günahlandırıb: “Bizdə olan məlumata görə, Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı eyni bölmənin nümayəndələri sentyabrın 26-da "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində terror törədiblər", - deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanın Qara dəniz və Baltik dənizində Rusiyaya qarşı terror aktlarında əli olduğunu qeyd edib və əlavə edib: "Rusiya tərəfi beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin diqqətini cəlb etmək məqsədi daşıyır".
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak sosial mediada: "Narahat olmayın. Təkcə Sevastopol şəhərində deyil, bütün işğal olunmuş ərazilərdə kameraları söndürün. Vətəndaşlarınıza da müharibədə qalib gəldiyinizi söyləyin. Qara dəniz donanması yola düşdü", - paylaşmını edib.
İngiltərə Müdafiə Nazirliyi isə "Twitter" hesabından verdiyi açıqlamada Rusiyanın iddialarını təkzib edib. Açıqlamada: "Rusiya Müdafiə Nazirliyi Ukraynanın qanunsuz işğalı ilə bağlı fəlakətli rəftar etməmək üçün epik miqyasda yalan iddialar irəli sürür. Bu uydurma hekayə Qərbdəkindən daha çox Rusiya hökuməti daxilində davam edən müzakirələrdən xəbər verir", - deyilib.
Məhəmməd Tağıyev



