|
|
|
|

Rusiya bir neçə gün əvvəl taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib. Rəsmi Moskva bunun səbəbini də açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, Sevastopolda "Taxıl dəhlizi"nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra belə bir qərar qəbul edilib. Qeyd olunub ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Məsələyə reaksiya verən beynəlxalq təşkilatlar, eləcə də bir sıra ölkələrin liderləri Rusiyanı bu mövqeyindən geri addım atmağa çağırıb.
ABŞ-ın dövlət katibi Antoni Blinken hesab edir ki, Rusiya bu razılaşmanın icrasını dayandırmaqla başladığı müharibədə ərzağı yenidən silaha çevirir, aşağı və orta gəlirli ölkələrə, qlobal ərzaq qiymətlərinə, onsuz da ağır durumda olan humanitar böhranlara və qida təhlükəsizliyinə birbaşa təsir edir.
Blinken bildirib ki, ABŞ "Rusiya hökumətini sazişdə iştirakını bərpaya, razılaşmaya tam əməl etməyə və bütün dünyada insanların bu təşəbbüsdən faydalanmasını təmin etməyə çağırır.
Avropa İttifaqı da Rusiyanı qərarına yenidən baxmağa çağırıb. Aİ diplomatiyasının rəhbəri Cozep Borrellin sözlərinə görə, Rusiyanın Qara dəniz sazişində iştirakını dayandırmaq qərarı qlobal ərzaq böhranından çıxmaq üçün çox ehtiyac duyulan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhlükə altına qoyur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Biz İstanbulda qurulan Koordinasiya Mərkəzi vasitəsilə Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təmin etdik və qida böhranının qarşısını nisbətən aldıq. Hər nə qədər Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüd etsə də, biz bəşəriyyətə xidmət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik".
Rusiya isə taxil müqaviləsi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparmağa hazırlaşır. Bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko hesab edir ki, ilk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun detallarının araşdırılması vacibdir. O, rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını deyib.
Yada salaq ki, bu il 22 iyulda İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından "Taxıl məhsullarının daşınmasına dair" saziş imzalanıb. İmzalanma mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.
2022-ci il fevral ayından başlayan Rusiya- Ukrayna müharibəsinə görə 20 milyon tondan çox taxıl Ukraynada anbarlarda qalmışdı. Yeni biçin mövsümünün başlanmasına baxmayaraq, anbarlarda məhsul üçün yerin olmaması ərzaq məhsullarının istehsalını çətinləşdirirdi. Taxıl ehtiyacını daha çox Ukraynadan qarşılayan ölkələr arasında yer alan Eritreya, Somali, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Oman, İsrail, Tunis, Efiopiya, Yəmən və Keniya prosesdən ən çox təsirlənən ölkələr idi. Ukraynanın qlobal ərzaq istehsalındakı payını nəzərə alsaq, ölkədən kənd təsərrüfatı məhsulları tədarük edənlərin qısa müddətdə başqa ölkədən idxalı çətinləşir. Çünki koronavirus epidemiyası, enerji və ərzaq böhranları səbəbindən qiymətləri bahalaşan kənd təsərrüfatı məhsullarının qısa müddətdə tədarük edilməsi mümkün deyil. Bu səbəbdən də Ukrayna taxıl dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Taxıl sazişinin işləməsindən sonra dünya bazarında dənli bitkiləri ucuzlaşmağa başladı.
Rusiya və Ukrayna ilə dialoq kanallarını açıq saxlayan Türkiyə müharibə başlayandan bəri sülh mühitini bərpa etməyə çalışır. Taxıl dəhlizinin yaradılmasında da Türkiyənin böyük rolu olub.
Taxıl sazişinin dayandırılmasının hansı mənfi nəticələri olacaq? Rusiya bunun ardınca razılaşmadan çıxmaq barədə qərar qəbul edəcək?
Ukraynalı ekspert Sergey Sidorenko hesab edir ki, Rusiyanın Qara dənizdəki gəmilərinə qarşı "terror hücumu"na görə bu həftəsonu çıxdığı "taxıl müqaviləsi" hətta Moskvanın iştirakı olmadan da işləyə bilər və artıq bu ssenarinin icrasına başlanılıb.
Onun sözlərinə görə, Ukrayna taxıl ixrac razılaşmasında qeyd edilir ki, Türkiyədə gəmilərə baxış keçirən Birgə Koordinasiya Mərkəzi (BKM) bu paraqrafda adlarını qeyd etmədən BMT və tərəfləri bir araya gətirir. Rusiya israr edirsə ki, artıq mərkəzin tərkibində fəaliyyət göstərən tərəf deyil, Türkiyə, Ukrayna və BMT hələ də bu qurumda qalır.
Onlar həm Ukraynadan çıxandan, həm də girişdən sonra gəmiləri yoxlamağa başlaya bilərlər. Yəni Rusiya ilə müqaviləni yerinə yetirməkdə davam etmək və rusiyalı müfəttişlər olmadan belə onun tələblərinin yerinə yetirilməsinə zəmanət vermək mümkündür.
Ekspert hesab edir ki, Rusiyanın BMT sertifikatı olan gəmiyə hücumu onun təkcə BMT və Türkiyə ilə deyil, həm də Afrika və Asiyanın kasıb ölkələri ilə münasibətlərində böyük eskalasiya olardı.
Onun sözlərinə görə, artıq Türkiyə Rusiyanın iştirakı olmadan taxıl dəhlizini yenidən işə salmalı olan ilk addımları atmağa qərar verib: "Ərdoğanın nə qədər irəli gedəcəyi hələ bəlli deyil, amma o hələ ki, Rusiya tərəfinin yoxlamalarda iştirak etməyəcəyi ssenarisi üzrə yola başlayıb. Şənbə günü axşam saatlarında Rusiya dövlət mediası bildirib ki, "Ukrayna, Türkiyə və BMT (BKM üzrə, lakin Rusiya olmadan) Qara dəniz taxıl təşəbbüsü çərçivəsində oktyabrın 31-də 14 gəminin hərəkəti planı barədə razılığa gəliblər və və bu barədə Rusiya tərəfinə məlumat verilib. Gecə yarısına yaxın BKM hərəkətini koordinasiya etdiyi 16 gəmi barədə rəsmi məlumat verdi. Üstəlik, müfəttişlər rusların iştirakı olmadan Ukrayna kənd təsərrüfatı məhsulları ilə növbəyə duran 11 gəminin yoxlanışını bir gündən az müddətə başa çatdırıb və onların Qara dənizdən çıxmasına razılıq veriblər. Eyni zamanda, türklər, BMT və Ukrayna gəmiləri yoxlayan müfəttiş qruplarının sayını 5-dən 10-a çatdırmaq, yəni keçirmə qabiliyyətini daha da artırmaq barədə razılığa gəliblər. Ancaq bu, yalnız yolun başlanğıcıdır, çünki söhbət yalnız Qara dənizdə artıq Ukrayna taxılı ilə yüklənmiş gəmilərdən gedir. Əgər Ukraynaya gedən ilk gəmi nöpvbəti reyslə taxıl dəhlizinə daxil olarsa, bu, Ərdoğanın ciddi şəkildə "B planı"na keçdiyini göstərir.
Rusiyalı politoloq və iqtisadçı Aleksandr Dudçak isə bildirib ki, Rusiyanın Ukrayna taxılının digər ölkələrə tədarükünü təmin etməkdən imtinasından sonra Ukrayna üçün ciddi nəticələr gözləmək lazım deyil: "Əslində, Ukrayna onsuz da heç nə qazanmayıb. Onlara gələn pul borcları ödəməyə gedirdi".
Rusiyalı ekspert iddia edir ki, bu sövdələşmə adı altında qeyri-qanuni təchizat da həyata keçirilir və tərəflər öz öhdəliklərini keyfiyyət baxımından yerinə yetirə bilməyiblər: "Rusiyanın iştirakçılığı dayandırması Ukrayna və digərləri üçün həmin kanalının itirilməsi ilə nəticələnə bilər".
Ekspert qeyd edib ki, indi Kiyev üçün Rusiyanı bütün ölümcül günahlarda ittiham etmək üçün səbəb var: "Zelenski G20-ni Rusiyaya təzyiq göstərməyə çağırır. G20 ölkələrinin və daha dəqiqi heç nə almamış ölkələrin iştirakı ilə konfrans çağırmaq... Ukraynanın itkilərinə gəlincə, bu, artıq Ukrayna hakimiyyətinin səlahiyyətinə aid deyil. Hər şey onun üçün həll olunur".



