|
|
|
|

Azərbaycanla Ərəb Dövlətləri Liqası (ƏDL) arasında əlaqələr yeni müstəviyə qədəm qoyur. Prezident İlham Əliyevin noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirakı tərəflərin qarşılıqlı olaraq münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.
Qeyd edək ki, ƏDL 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə qurumda daimi müşahidəçi statusuna malikdir. Azərbaycan isə 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür.
Dövlət başçısı sammitdə çıxışı zamanı bir sıra aktual mövzulara, o cümlədən, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığa, qətliama diqqət çəkərək analoji hadisələrin Ermənistan tərəfindən Azərbaycanda da törədildiyini bildirdi: "Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialnı, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
Dövlət başçısı deyib ki, ona Fransanın işğalı zamanı fransızların 5 milyondan çox mina basdırması barədə məlumat verilib: "Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik".
Tarixə nəzər salanda Fransanın Əlcəzairdə apardığı işğalçılıq, soyqırım siyasətilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda törətdiyi vandal aktları, qətliamlar, zorakılıq arasında oxşarlıq özünü göstərir. Təəssüf ki, Fransa indi də eyni siyasətə "sadiq" qalıb. Ermənistanın mənfur əməllərinə, beynəlxalq hüququ zidd addımlarına dəstək verir.
Azərbaycan lideri sammitdə çıxışında bildirib ki, burada Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var: "Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk".
Azərbaycan hər zaman İslam həmrəyliyinə öz töhfəsini verib. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri olaraq çox əhəmiyyətli təşəbbüslərə imza atıb, xüsusilə COVİD dövründə çox fəal iş aparıb. Bütün bunların nəticəsi olaraq hərəkatda sədrliyi yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb.
Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin noyabrın 1-də Əlcəzairə səfəri və Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bir çox aspektdən xüsusi önəm daşıyır. Onun sözlərinə görə, Ermənistan son illər ərəb ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün səylə çalışır. Bir sıra ərəb ölkələrində güclü erməni diasporu fəaliyyət göstərir: "Prezident İlham Əliyev çıxışında bir çox vacib məqamlara toxundu. Onun xüsusilə Fransa ilə bağlı dedikləri diqqətçəkicidir. Prezident İlham Əliyev növbəti dəfə Fransanı ifşa etdi. O qeyd etdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.
Dövlət başçısı Zirvə toplantısında çıxşında Ermənistanı da ifşa etdi. Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığını, 67 məscidi barbarcasına dağıtdığını, 1 milyona yaxın mina basdırdığını, Azərbaycanın ədaləti bərpa etdiyini söylədi".
Deputat hesab edir ki, səfər ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafına da ciddi təsir göstərəcək.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə bildirib ki, Qoşulmama Hərəkatının təməl fəlsəfəsini kolonializmə qarşı mübarizə, eləcə də müstəmləkəçiliyə qarşı olan, azad, müstəqil yaşamaq üçün mücadilə aparan, zülmün istibdadın qarşısında, haqqın, ədalətin yanında olan xalqların həmrəyliyi, birliyi təşkil edir. Bu baxımdan, Azərbaycanın dünyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zaman kəsiyində Qoşulmama Hərəkatına sədrliyi, bəlkə də tarixi zərurətdən doğan bir reallıqdır: " Bu gün mütləq əksəriyyəti öz tarixi Vətənlərində, ata-baba yurdlarında yaşayan 50 milyonluq Azərbaycan xalqı tarix böyu nəhəng dövlətlərin qurucusu olsa da, müxtəlif ideoloji, dini-siyasi niqaba bürünmüş, süni yollarla klassik və qeyri-ənənəvi dövlət modellərinə tranformasiya edilmiş ultramillətçi kolonial rejimlərin müstəmləkəçilik siyasətindən əziyyət çəkib və bu gün də xalqımızın əhəmiyyətli bir hissəsi müstəmləkəçiliyin ən idbar nümunələrindən birinin girovluğunu yaşayır, dişiylə-dırnağıyla, canıyla-qanıyla azadlığını, ərazi bütövlüyünün əhəmiyyətli hissəsini təmin edən 10 milyonluq hissəsi isə müstəmləkəçilərin təzyiqləri, ikrah doğuran davranışları ilə qarşı-qarşıyadır. Bütün bunlara baxmayaraq, nəhəng bir coğrafiyada dağların, çayların, yurd yerlərinin adını verən azərbaycanlılar heç vaxt mənən müstəmləkəçiliyin girovuna çevrilməyib, köləliyi qəbul etməyiblər. Daxili azadlıqlarını, istiqlal ideallarını göz bəbəkləri kimi qoruyaraq mücadilə aparıblar. Biz xalq və millət olaraq heç vaxt zülmə, istibdada, qaniçən müstəmləkəçiliyə təslim olmamışıq, olmayacağıq da! Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatını sədrliyi dönəminin sözügedən təsisatda canlama yaratması da təsadüfi deyil. Azərbaycan xalqının milli və bəşəri azadlıq ideallarına sadiqliyi, müstəmləkəçiliyə və onun müasir təzahürlərinə qarşı mübarizə əzmi özünü Prezident İlham Əliyevin Əlcəzairə səfəri çərçivəsində də bir daha nümayiş etdirdi".
E.Mirzəbəyli vurğulayıb ki, Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Emmanuel Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi sənədlərə Prezident İlham Əliyev Əlcəzairdən kolonial siyasətə, Fransa müstəmləkəçiliyinə öz münasibəti və aydın mesajları ilə cavab verdi və rəsmi Parisə öz gözündə sezmək istəmədiyi "tiri" göstərdi.
"Xatırladım ki, Fransa hələ də müstəmləkəçi ölkədir. Müasir Fransanın az qala bütün dünya okeanlarına "səpələnmiş" de-fakto müstəmləkələrinin ərazisi 560 min kv. kilometr təşkil edir və müstəmləkələrdə müasir Ermənistanın əhalisindən daha çox insan - 3 milyon nəfər yaşayır. Karib dənizindəki Qvadelupa və Martinika adalar silsiləsi, Atlantik okeanının Cənubi Amerikaya yaxın ərazisində yerləşən Qviana, Sen-Marten, Sen-Bartelemi, Sen-Pyer və Mikelon, Hind okeanındakı Renyunon və Mayotta, Sakit okeandakı 130 kiçik adadan ibarət Fransa Polinzeyası, eləcə də Uollis və Futuna, Yeni Kalledoniya hələ də "sivil", "demokratik" Fransanın müstəmləkələri sayılırlar".



