
İsveçdə bir qrup PKK/YPG tərəfdarı prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb. Türkiyə görüntülərə reaksiya verib, İsveçdən isə qalmaqallı qərar gəlib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda prezident Ərdoğanı hədəf alan terror təşkilatı PKK/YPG tərəfdarlarının Ankara ilə Stokholm arasında gərginliyi artıran təxribatının əks-sədaları davam edir.
Daha bir qalmaqallı addım NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveçdən gəlib. Belə ki, Stokholmda fəaliyyət göstərən gündəlik qəzet Aftonbladet "son dəqiq" başlığı ilə qalmaqallı hərəkətlə bağlı prokurorluğun qərarını açıqlayıb. Sözügedən xəbərə görə, Stokholm Şəhər Prokurorluğundan prokuror Lukas Eriksson Stokholm meriyasının qarşısında baş verən hadisənin cinayət tərkibi olmadığına qərar verib. Qəzet qərarın qəti olduğunu və işin bağlandığını açıqlayıb.
Eyni xəbərdə prokurorun işə böhtan kimi baxdığı, ekspertizalardan sonra isə "təhqirin yetərli olmadığı" qənaətinə gəldiyi bildirilib. Eriksson: "Dosya mənim masama təhqir olaraq gəldi, amma bunun təhqir olacaq qədər ciddi bir şey olduğunu düşünmədim", - deyib.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət etmiş, Türkiyə isə veto qoymağa qərar vermişdi. Uzun müddət dünya gündəmini zəbt edən bu düyün İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitində həllini tapmışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan Üçlü Memorandumda gələcək NATO müttəfiqləri olan Finlandiya və İsveç Türkiyə ilə bütün forma və təzahürlərdə terrorizmlə, Türkiyənin milli təhlükəsizliyinə təhdidlərə qarşı mübarizə aparacaqlarına, habelə PYD/YPG və FETÖ-yə dəstək verməyəcəkləri ilə bağlı öhdəlik götürmüşdülər.
Fərid Sançar



